Cəbhədə düşmən bu gecə də dinc durmayıb
16-sen-2018Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub.
“Qafqazinfo” Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq, Muncuqlu, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Bundan başqa, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qaraxanbəyli, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.