Qormaz Hüseynova son zərbə: “Azərsu”nun bank hesablarına həbs qoyuldu
23-iyun-2016Azərbaycan Vergilər Nazirliyi büdcə öhdəliklərini tam yerinə yetirməyən vergi ödəyicilərinə qarşı sərt addımlara start verib. Vergilər Nazirliyinin qəzəbinə tuş gələn dövlət qurumlarından biri də “Azərsu” ASC-dir. Saytımıza daxil olan informasiyada bildirilir ki, artıq qurumun bütün bank hesablarına həbs qoyulub, bu isə öz növbəsində “Azərsu”da maaşların ödənməsi ilə bağlı ciddi problemlər yaradıb.
Xatırladaq ki, “Azərsu” ASC-nin vergi borcları məsələsi uzun müddətdir ki, gündəmdədir. Əvvəllər dövlət büdcəsinə ödənmələrdəki kəsirlə bağlı müəyyən güzəştlər tətbiq edilirdisə, artıq həmin güzəştlərdən söhbət belə gedə bilməz.
Belə ki, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması fonunda dövlət büdcəsini doldurmaq üçün vergilər naziri Fazil Məmmədovun üzərinə öhdəlik qoyulması onu hakimiyyətdəki oliqarxlarla üz-üzə qoyub. Bu baxımdan hazırda durumu daha ağır olan məmur-oliqarxlardan biri məhz “Azərsu” sədri Qorxmaz Hüseynovdur.
Məlumatda həmçinin qeyd olunur ki, may ayından etibarən “Azərsu” ASC-nin tabeçiliyindəki idarələrdə maaşların verilməsinə qoyulan qadağa Qorxmaz Hüseynova qarşı daxili narazılığın artmasına səbəb olub. Əmək haqqlarının vergi yoxlamalarının tam olaraq yekunlaşmasından sonra ödənəcəyini bildirən mənbəmiz təftişlərin yaxın zamanda bitəcəyini düşünmür: “Bu yoxlamalar təkcə vergi borcları ilə bağlı olmayıb, həm də “Azərsu”dakı yeyinti faktlarını əhatə edəcək. Yoxlamaların yekunu olaraq Qorxmaz Hüseynovun görəvindən alınacağı da mümkün ehtimallar arasındadır. Qurumda Qorxmaz Hüseynovun yaratdığı qohum-əqraba şəbəkəsi, dövlət vəsaitinin mənimsənilməsi, ödənişlərin yığılmasındakı maxinasiyalar, su və kanalizasiya xətlərinin çəkilişindəki ciddi nöqsanlar sədri çıxılmaz duruma sala bilər”.(24saat.org)