Qazın qiyməti niyə qalxdı? - AÇIQLAMA
07-sen-2018Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkənin yanacaq doldurma məntəqələrində minik avtomobilləri üçün nəzərdə tutulmuş propan qazının (LPG) 1 litrinin qiymətinin 40 qəpikdən 45 qəpiyə qaldırılmasına münasibət bildirib.
Şirkətdən Unikal.org-a verilən açıqlamada deyilir ki, bütün neft məhsulları Tarif (Qiymət) Şurasının təsdiq etdiyi topdansatış və pərakəndə satış qiymətləri ilə istehlakçılara satılır.
"Avtomobil benzini və dizel yanacaqları üçün təchizat tarifi nəzərə alınmaqla pərakəndə satış qiyməti təsdiq olunduğundan respublikanın müxtəlif rayonlarında həmin məhsulların satışı eyni qiymətlə həyata keçirilir. Lakin bəzi neft məhsulları, o cümlədən maye qaz üçün təchizat tarifi nəzərə alınmadan ancaq topdansatış qiymətləri təyin edilib. Hazırda istehlakçıların maye qazla təchizatı müxtəlif sahibkarlar tərəfindən həyata keçirilir və maye qazın pərakəndə satış qiyməti həmin məntəqələrin, sahibkarların xərcləri nəzərə alınmaqla təyin edilir. Bu səbəbdən müxtəlif satış məntəqələrində topdansatış mərkəzindən yerləşmə məsafəsindən asılı olaraq pərakəndə satış qiymətlərində müəyyən fərq yaranır”, - deyə açıqlamada qeyd olunub.