100 manatdan bahalı məktəb: Bakı bazarında bir gün - REPORTAJ
03-sen-2018Yeni tədris ilinin başlamasına 3 həftədən az vaxt qalıb.
Bu səbəbdən də Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkil etdiyi məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb. Bildirək ki, paytaxtın 10-a yaxın rayonunun ərazisində, eləcə də, “28 May”, “Memar Əcəmi”, “İnşaatçılar” və digər metro stansiyalarına yaxın ərazilərdə yarmarka çadırları fəaliyyət göstərir. Məktəb üçün alış-verişə başlayan valideynləri narahat edən əsas məsələlərdən biri isə qiymətlərdir. Cebhe.info-nun əməkdaşı məktəbli səbəti üçün nə qədər məbləğin lazım olmasını müəyyənləşdirmək üçün yarmarkalara yollanıb.
“Valideynlər artıq məktəbli alış-verişinə çıxıblar”
Yarmarka satıcısının dediyinə görə alıcıların sayı elə də çox deyil: “Düşünürəm ki, bu say artacaq. Çünki məktəblərin başlamasına hələ var. Qiymətlər isə fərqlidir, buradan hər ailə öz büdcəsinə uyğun ləvazimatlar ala bilər”.
“Şagirdinin məktəb ləvazimatları üçün 50-60 manat çıxır”
Satıcı qeyd edir ki, məhsullar barədə alıcılara geniş məlumat verilir: “Çalışırıq ki, məhsulların keyfiyyəti, seçimlər barədə maksimum məlumatı verə bilək. Bir şagird üçün təxmini 50-60 manat çıxa bilir. Ancaq bu həm də seçimlərdən asılı olur. Bəzən elə olur ki, konkret olaraq büdcəni soruşub, ona uyğun olaraq məktəb ləvazimatlarını hazırlayırıq”.
“Məktəbləri çantaları Türkiyədən gəlib”
Yarmarkalarda məktəbli ləvazimatları ilə birlikdə çantalarda satılır. Çantaların 10-55 manat civarında olduğunu vurğulayan satıcı deyir ki, onların hamısı Türkiyədən gətirilib və keyfiyyətlidir.
Alıcıların bəziləri qiymətlərdən razı, bəziləri isə narazıdır
Məktəb üçün alış-veriş edənlər arasında qiymətlərin qane etdiyini deyənlər də var, bahalıqdan şikayət edənlər də.
“Övladım keçən ildən qalan heç nəyini istəmir”
Övladı ilə birlikdə seçim edən Ruhiyyə xanım deyir ki, övladı bu il 3-cü sinfə keçir: “Keçən ildən qalan ləvazimatları olsa da, Gülay yenilərini istəyir. Alacaqlarımız ürəyinə yatsın deyə özünü də gətirmişəm. Bəzəkli və rəngli ləvazimatları seçir. Qiymətlər isə normaldır”.
“Keçən il övladımı xərclər səbəbindən məktəbə yola sala bilməmişdim”
Alıcı Günel xanım bildirir ki, qiymətlər bahadır, ucuz olanları isə uşaqlar bəyənmir: “Keçən il sırf xərclər səbəbindən oğlumu məktəbə yola sala bilməmişdim. İndi isə onu 1-ci sinfə yollamaq üçün məktəbli ləvazimatları almağa gəlmişəm.
Qiymətlər mağaza, bazar qiymətlərinə görə münasibdir. Çalışıram ki, oğlumu sevindirə biləcək ləvazimatlar alım. Ona söz vermişəm ki, indi bəzilərini alsam da, zaman-zaman qalanlarını da alacam”.
“Qızımın xahişi ilə bura gəlmişəm”
Yarmarkalara yollanan alıcılar arasında az olsa da kişilərə rast gəlmək olur. Alıcı Yusif bəyin dediklərinə görə bura qızı ilə birlikdə, onun istəyi ilə gəlib: “Düşünürəm ki, bunu məndən istəməsinin səbəbi, ona istədiklərinin hamısını almağımdır. Çalışıram ki, hər şey övladımın ürəyincə olsun”.
“Hər 3 övladımın istədiklərini alacaq gücdə deyiləm”
Alıcı Sadiq bəy isə həyat yoldaşı nasaz olduğu üçün yarmarkaya yollandığını deyir: “Keçən illərdə bunun üçün heç vaxt çıxmamışam. 3 övladım var, buna görə də tək gəlmişəm. Bunun bir səbəbi də onların hər istədiklərini ala bilməməyimdir. Onların istədikləri çox vaxt seçimlər arasında bahalılar olur. Bunu da hər övladım üçün almaq gücündə deyiləm. Bu gün ləvazimatların hamısını almağa gəlməmişəm, ancaq yavaş-yavaş əlimə pul düşdükcə alacam”.
İndi isə keçək əsas məktəbli ləvazimatlarının QİYMƏTLƏRİNƏ:
Dəftər - 12 vərəq (0.12 qəpik), 20 vərəq (0.25 qəpik), 40 vərəq (0.40 qəpik), 60 vərəq (0.60 qəpik), 100 vərəq (0.80 qəpik),
Qələm - 0, 20 - 1.50 manat,
Pozan - 0.20 qəpik - 1.20 manat,
Xətkeş - 0.80 qəpik - 3.50 manat,
Sadə qələm - 0.20 qəpik - 1 manat,
Rəngli qələm - 1.50 - 13 manat,
Say çubuğu - 1.20 - 7 manat,
Dəftər üzləri - 0.25 - 0.50 qəpik,
Yazı lövhəsi - 25 - 170 manat,
Penal - 3 - 11 manat,
Plastilin - 1 - 10 manat,
Yapışdırıcı - 0.50 qəpik - 1.30 manat,
Qayçı - 0.70 qəpik - 2.40 manat,
Rəsm albomu - 1 - 5 manat,
Rəngli kağızlar - 0.80 qəpik - 3.50 manat.
Həmçinin su qabı 7- 15 manat, yemək qabı isə 8 - 20 manat aralığında dəyişir.
Bəs məktəbli formalarının qiymətləri?
Məktəbli formalarına gəldikdə isə bildirək ki, hazırda bazarda Türkiyədən və Çindən gətirilən məktəbli geyimləri ilə yanaşı, Bakı Tikiş Evinin (BTE) tikərək satdığı məktəbli formaları var.
Formaların qiymətləri ilə bağlı saytımıza açıqlama verən Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov bildirmişdi ki, məktəbli formalarının nə keyfiyyətində, nə də qiymətində dəyişiklik olub: “İbtidai siniflər üçün formanın qiyməti 40 manat, yuxarı siniflər üçünsə 46 manatdır. Ötən il qiymətlər necə idisə, eynilə qalıb”.
Bazarda olan məktəbli geyimlərin qiymətləri isə qızlar üçün 30 - 45 manat, oğlanlar üçün isə 35 - 45 manat aralığında dəyişir.
Ağ köynəklər isə qızlar üçün 15 - 35 manat, oğlanlar üçün isə 13 - 40 manat arasında təklif edilir.
Ayaqqabı qiymətləri qızlar üçün 25 - 50 manat, oğlanlar üçün 20 - 45 manat arası dəyişir.
Bundan başqa valideynlər övladları üçün corab almaq istəsələr, 0.50 qəpik - 5 manat, qızlar üçün kalqotkalar 3 - 5 manat, qızlar üçün saç lentləri isə 0.60 qəpik - 8 manat arası dəyişir.
Qeyd edək ki, gəliri az olan ailənin övladını məktəbə yola salması üçün çox az sayda ləvazimat və məktəbə lazım olanlar üçün ən ucuz qiymətlərlə 110 manatdan çox xərci çıxacaq. Əgər ailədə 2 uşaq varsa, bu məbləğ ikiqat, 3 uşaq varsa, üçqat artacaq.
Normal gəlirli ailə üçün isə bu məbləğ 200 manatdan çox olacaq ki, bu da uşaq sayı artdıqca, artacaq. Həmçinin bildirək ki, keçən illə müqayisədə ümumi məbləğ arasında təxminən 40-50 manat civarında fərq var.