Bu gün:
Xezer.info » Sosial » “Azərsu”yu kim “ziyana” salır? – Şərh

“Azərsu”yu kim “ziyana” salır? – Şərh


“Azərsu”yu kim “ziyana” salır? – Şərh
“Azərsu” ASC-nin 2017-ci il hesabatı ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, qurum hesabatda bildirib ki, ötən il üzrə zərəri 508 milyon 350 min manat təşkil edib. Səhmdar Cəmiyyət həmçinin zərərin 2016-cı illə müqayisədə 104 milyon 571 min manat az olduğunu qeyd edib. Rəqəmlərə görə, ötən il “Azərsu”nun 163 milyon 884 min manat cəmi gəlirinə qarşı xərcləri 668 milyon 498 min manat təşkil edib. Nəticədə 504 milyon 614 min manatlıq əməliyyat zərəri yaranıb. 3 milyon 574 min manatlıq maliyyə xərci ilə də zərər 508 milyon 350 min manata çatıb.

Qurumun cəmi aktivləri 694 milyon 439 min manat, cəmi kapitalı 61 milyon 360 min manat təşkil edib. ASC-nin kapitalı 2017-ci ildə bir il əvvəlki illə müqayisədə 300 milyon 42 min manat azalıb. Belə ki, 2016-cı ildə “Azərsu”nun kapitalı 361 milyon 780 min manat təşkil edib.
Hesabat dövründə qurumun öhdəlikləri azalaraq, 2016-cı ildəki 970 milyon 125 min manatdan 755 milyon 799 min manata düşüb.

Bu açıqlamanı iqtisadçı Natiq Cəfərli şərh edib və qurumun xərcinin niyə çox olduğunu göstərib: ““Azərsu”dan bəyan ediblər ki, suyu mayasından 2 dəfə ucuz satırlar deyə ziyanla işləyirlər. Amma bir Allahın qulu çıxıb demir ki, “Azərsu” maya dəyərini necə hesablayır?! Xəttləri büdcədən ayrılan pulla çəkirlər, “Azərsu” həm də dotasiya və vergi güzəştləri alır (vergi borcu tez-tez silinir) su da ki, havayı Kürdən axır, Qəbələ-Oğuz-Bakı kəməri ilə öz axarı ilə gəlir… “Azərsu” nədən ziyanla işləsin ki?!

Səbəbini deyim. Mən özüm 3 il beynəlxalq layihə çərçivəsində “Azərsu”da işləmişəm, gördüyüm mənə bəs edər.

Burada 10 mindən çox işçi çalışır, çalışır deyəndə ki, bunun 2000-i işləyir, qalanları havayı maaş alır, əksəriyyət rəhbərliyin qohum-əqrabasıdır. “Azərsu”da Sədərək bazarında metri 80 qəpik olan şlanq 7 manata rəsmiləşdirilir, bir il ərzində təmir-tikinti işlərində olan yeyinti miqdarı Qızıl Ordanın Rusiyadan 300 ilə aldığı xəracdan da çox olur – bu yetim maya dəyəri şişməsin neyləsin?!

İddia edirəm ki, Azərsuda normal, dürüst idarəetmə olsa suyun qiymətini aşağı salmaq, hətta gəlirlə işləyib büdcəyə yüklü miqdarda vergi də ödəmək olar”.