Bu gün:
Xezer.info » Siyasət » Bundan hər iki dövlət, hər iki xalq qazanacaq” — Prezidentlərin Soçi görüşünə dair şərh

Bundan hər iki dövlət, hər iki xalq qazanacaq” — Prezidentlərin Soçi görüşünə dair şərh


Bundan hər iki dövlət, hər iki xalq qazanacaq” — Prezidentlərin Soçi görüşünə dair şərh
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyaya rəsmi səfəri, Soçi şəhərində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü, səfər zamanı imzalanan sənədlər, verilən bəyanatlar iki ölkə, iki dövlət başçısı arasında mövcud olan səmimi münasibətlərin, yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin əyani nümunəsidir. Bu, Azərbaycan-Rusiya əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin növbəti təzahürüdür.
Bunu Trend-ə açıqlamasında hüquq elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev deyib.

O qeyd edib ki, Rusiya Azərbaycanın böyük, qüdrətli qonşusudur, Rusiyada 2 milyona yaxın soydaşımız yaşayır, həmçinin bu iki ölkə arasında tarixən sıx əlaqələr, əməkdaşlıq münasibətləri olub:

“Azərbaycanla Rusiya arasında əsrlərdir ki, sıx əlaqələr, bağlılıq olub. Bir əsrə yaxın çar Rusiyasının tərkibində bir yerdə olmuşuq. 71 il Sovet İttifaqının tərkibində müttəfiq resublikalar kimi birgə olmuşuq, vahid sosial-mədəni mühitdə yaşamışıq. Rusiya mədəniyyəti sayəsində, rus dili vasitəsilə müasir Avropa mədəniyyəti və dəyərləri ilə tanış olmuşuq. SSRİ-nin süqutundan sonra iki müstəqil dövlət kimi Azərbaycan və Rusiya münasibətləri müxtəlif mərhələlərdən keçib və bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çatıb. Bildiyiniz kimi, SSRİ-nin çökməsi ilə keçmiş 15 müttəfiq respublikadan biri kimi, Azərbaycan da müstəqillik əldə etdi. Ancaq Azərbaycanın müstəqilliyinin ilk illəri, 90-cı illərin əvvəlləri çox ağrılı-acılı proseslərdən keçdi. Qarabağ münaqişəsi, ölkənin parçalanma, müstəqilliyini yenidən itirmə təhlükəsi, vətəndaş qarşıdurması və s. kimi mürəkkəb, ağrılı hadisələr bir-birini əvəzlədi. Həmin dövrdə sətiştəsiz siyasətçilərin səhvləri üzündən həm də Azərbaycanın bir sıra ölkələrlə, o cümlədən Rusiya ilə münasibətləri xeyli gərgin idi. Təbii ki, bu məsələdə Qorbaçov və Yeltsin administrasiyalarının da səhvləri, xətaları çox idi. Ancaq 1993-cü ilin məlum iyun hadisələrindən - Azərbaycan xalqının təkidli tələbləri əsasında böyük öndər, görkəmli siyasi xadim Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Azərbaycan bir çox bəlalardan və gərginliklərdən qurtula bildi. Tədricən daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də yol verilmiş nöqsanlar bir-bir aradan qaldırıldı".

M.Abdullayev əlavə edib ki, ümummilli lider Heydər Əliyevin balanslaşdırılmış, praqmatik və realist xarici siyasət kursu nəticəsində Azərbaycanın ən böyük və ən qüdrətli qonşusu olan Rusiya ilə də münasibətləri normallaşdı: "Bunu münasibətlərdə ikinci mərhələ də adlandırmaq olar. Bu gün Rusiya ilə Azərbaycan arasında sadəcə əməkdaşlıq, tərəfdaşlıq deyil, strateji müttəfiqlik münasibətləri də mövcuddur və bunlar da iki dövlətin müdrik rəhbərləri sayəsində mümkün olub. Əksər məsələlərdə bu iki dövlətin maraqları, mənafeləri üst-üstə düşür, uzlaşır. Bu iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində də səmimi əməkdaşlıq edirlər və bir-birilərinə dəstək verirlər”.
Ekspert bildirib ki, Azərbaycan Prezidenti ilə Rusiya liderinin dünən yenidən Soçidə bir araya gəlmələri, təktəbətək və geniş tərkibdə görüşləri, bir sıra sahələr üzrə ikitərəfli sazişlərin imzalanması, birgə bəyanatlarda səsləndirilən xoşməramlı mesajlar tarixi məqamlardır: "Rusiya Prezidenti özü də bəyanatında açıq şəkildə qeyd etdi ki, ölkəsi ilə Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır, bu dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. O, əminliyini də ifadə etdi ki, əsas idarə rəhbərlərinin və biznes nümayəndələrinin iştirak etdikləri danışıqlar bütün Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək. Azərbaycan Prezidenti ilə imzalanan Birgə Bəyanat, həmçinin hökumətlərarası və qurumlararası sanballı sazişlər paketi məhz buna istiqamətlənib".

Prorektorun sözlərinə görə, bütün bunlar onu göstərir və onu deməyə əsas verir ki, bəzi kənar cəhdlərə baxmayaraq, Azərbaycan-Rusiya münasibətlərində artıq yenidən gərginlik, qarşıdurma yaratmaq mümkün olmayacaq, strateji müttəfiqlik münasibətləri yüksələn xətt üzrə inkişaf edəcək və bundan da qazanan hər iki dövlət, hər iki xalq olacaq:

"Eyni zamanda, ən böyük və ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi Rusiyanın danışıqlar, sülh prosesinə verdiyi və verəcəyi töhfələrlə öz ədalətli, müsbət həllini tapmış olacaq. Son səfər, son mesajlar bu yöndəki ümidlərimizi bir qədər də artırır”.