Aprel şəhidimizin evi ailəsinin əlindən necə alındı? - Ölkə başçısına şikayət...
03-sen-2018Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Məmmədov Murad Vaqif oğlunun anası Məmmədova Sevil Zaman qızı Moderator.az-a ünvanladığı şikayət məktubunda Biləsuvar rayon M.Müşfiq küçəsi 4 ünvanında yerləşən evlərinin, Biləsuvar sakini Məmmədov Vidadi Fərhad oğlu tərəfindən əllərindən alınması ilə bağlı prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət edib.
Müraciətdə deyilir:
Cənab Ali Baş Komandan!
Mən Məmmədova Sevil Zaman qızı aprel döyüşlərində şəhid olan müddətdən artıq hərbçi Məmmədov Murad Vaqif oğlunun anasıyam. Murad mənin ikinci oğlumdur və onu vətənə qurban verdim. Böyük oğlum Rahim Məmmədov da Silahlı Qüvvələrimizin giziridir. Bir şəhid anası kimi dövlətimizin bizə göstərdiyi diqqət və qayğıdan razıyıq. Amma hələ də sələmçi Məmmədov Vidadi Fərah oğlu kimi adamlar yaşamağımıza mane olur, şəhid ailəsini öz tikib yaratdığı evindən didərgin salmağa belə çəkinmirlər.
Cənab Ali Baş Komandan!
2010-ci ildə həyat yoldaşım Vaqif Məmmədov qızlarımı gəlin köçürmək ərəfəsində maddi imkanımız olmadığı üçün Biləsuvar rayonunda yerləşən “Kredo Aqro” Bankdan 10000 (on min) manat kreditə pul götürdü və Biləsuvar rayon M.Müşfiq küçəsi 4 ünvanında yerləşən evimizi banka girov qoydu. Bir müddət sonra banka olan kredit borcumuzu ödəməkdə çətinlik çəkdik. Həyat yoldaşım məcbur olub Biləsuvar rayonunda sələmçi kimi tanınan Vidadi Məmmədovdan 3000 (üç min) manat faizlə pul götürdü ki, banka olan kredit borcumuzu ödəsin. Altı ay sonra həyat yoldaşım Vidadi Məmmədovdan aldığı 3000 (üç min) manatı geri qaytararkən, Vidadi Məmmədov həyat yoldaşımın ağır vəziyyətindən sui-istifadə edərək ona verdiyi borca görə külli miqdarda faiz tələb etdi. Bu zaman isə həyat yoldaşımın pulu bu cür faizlə qaytarmaq imkanı olmadı. Bundan istifadə edən Vidadi Məmmədov həyat yoldaşımı təzyiqlərə, təhqirlərə məruz qoydu. Beləliklə, Vidadi Məmmədov ailəmizin imkansızılığından sui-istifadə edərək həyat yoldaşımı aldadaraq bildirdi ki, “Kredo Aqro” Banka girov qoyulmuş evimizin sənədlərini bankdan geri götürmək üçün banka olan 10000 (on min) manat borcu ödəsin və evin sənədlərini ordan götürək, nə vaxt Vidadi Məmmədova olan borcumuzu verərərik, onda da evimizin sənədlərini bizə qaytarar. Vidadi Məmmədov bu cür də etdi. Bir müddət sonra həyat yoldaşım ev əşyalarımızı sataraq 15000 (on beş min) manat pul toplayıb Vidadi Məmmədova təqdim etdi, o, isə cavabında verilən məbləğlə razılaşmadı və bildirdi ki, evi geri qaytarmaq üçün 50000 (əlli min) manat pul verməlisən.
Cənab Ali Baş Komandan!
Sələmçi Vidadi Məmmədov evimizdə səkkiz nəfər ailə üzvümüz: Məmmədov Murad Vaqif oğlu, Məmmədova Zülfiyyə Vaqif qızı, Məmmədova Şəhla Vaqif qızı, Məmmədov Qasım Muradxan oğlu, Məmmədov Vaqif Qasım oğlu, Məmmədova Sevil Zaman qızı, Şirinli Uğur Eldar oğlu, Şirinli Elcan Eldar oğlunun qeydiyyatda olmasına baxmayaraq, o, Biləsuvar rayon Notariat kontorunun, Əmlak Reyestr Xidmətinin, Biləsuvar rayon icra nümayəndəliyi ilə və digər qurumlarla əlbir olaraq saxtakarlıq yolu ilə bizə məxsus olan evi öz adına sənədləşdirib. Bundan sonra o, bizi Biləsuvar rayon Məhkəməsinə verərək evimizdən çıxarmağa da müvəffəq olub. Biz də məcbur olub böyük oğlum Rahim Məmmədovun Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki evinə sığınmışıq.
2016-cı il aprel döyüşləri zamanı oğlum Murad Məmmədov qəhrəmancasına şəhid oldu. Həmin vaxt mən özümdə deyildim, müharibədə oğul itirmişdim, xəstə yatırdım. Həmin vaxtı istədik ki, oğlumun cənazəsini yaşadığımız Biləsuvar rayonuna aparaq və doğulub boya-başa çatdığı evdən son mənzilə yola salaq. Amma evimizdən çıxarıldığımız üçün rayona gedə bilmədik və məcbur olub dəfn mərasimini oğlumun evində, Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində təşkil etdik. Oğulumuzu müharibədə şəhid verdiyimiz üçün Vidadi Məmmədovun saxtakarlığından bir müddət heç bir yerə müraciət etmədik. 2018-ci ilin aprel ayında hərbçi oğlum Məmmədov Rahim Vaqif oğlu Biləsuvar rayon Məhkəməsinin qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət verdi. Çox təəssüflər olsun ki, Şirvan Apellyasiya Məhkəməsi də Biləsuvar rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Şirvan Apellyasiya Məhkəməsindən Ali Məhkəməyə şikayət verdik və Ali Məhkəmə də Şirvan Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı.
Cənab Ali Baş Komandan!
Bu gün bir şəhid anası olaraq sizdən kömək istəyirəm. O evdə şəhid oğlum Murad Məmmədovu böyütmüşdüm. İndi isə bir şəhid ailəsi olaraq Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kirayədə yaşayırıq. Sizdən xahişim odur ki, sələmçi Vidadi Məmmədovun bu saxtakarlığının qarşısını alaraq, bizim öz doğma evimizə qayıtmamız üçün müvafiq dövlət orqanlarına öz göstəriş və tapşırıqlarınızı verəsiniz. Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.