Deputata məxsus olduğu iddia edilən restorandan kütləvi zəhərlənmə xəbəri
28-avq-2018Lənkərandan yerləşən “Palıdlı Sahil” İstirahət Mərkəzində kütləvi zəhərlənmənin baş verdiyi iddia olunur.
Bu barədə Toplum.Tv-yə Lənkəran Mərkəzi Xəstəxanasının əməkdaşlarından biri deyib.
O bildirib ki, avqustun 19-da istirahət mərkəzindən 7 nəfər qidadan zəhərlənib. Zəhərlənənlər dərhal Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara yardım göstərilib, amma məsələ ictimailəşdirilməyib.
Avqustun 23-də isə bir neçə uşağın sözügedən mərkəzdə zəhərləndiyi və xəstəxanaya yerləşdirildiyi deyilir.
Məlumatı verən şəxs deyib ki, azyaşlılar hazırda müalicə olunurlar: “Obyektin deputat Hadı Rəcəbliyə məxsus olduğunu Lənkəranda hər kəs bilir. Zəhərlənənlərin əsasən turistlər olduğu bildirilir”.
Lənkəran Mərkəzi Xəstəxanasından baş həkimi Ağabala Kəlbiyev məzuniyyətdə olduğu üçün onunla əlaqə saxlamaq mümkün olmayıb.
Baş həkim əvəzi Taleh Məmmədov isə nazirlikdə iclasda olduğunu deyərək, hadisə barədə məlumat verə bilməyəcəyini deyib.
Baş həkimin digər müavini Əlövsət Məmmədov isə deyib ki, hadisə barədə məlumatı yoxdur.
Xəstəxananın qəbul şöbəsindən bildiriblər ki, avqustun 19-da “Palıdlı Sahil” restoranından onlara 1 nəfər mədə-bağırsaq sistemi fəaliyyətinin pozğunluğu diaqnozu ilə müraciət edib.
Uşaq Xəstəlikləri Şöbəsindən isə tibb bacısı Toplum.Tv-yə bildirib ki, avqustun 23-də “Palıdlı Sahil” restoranından 5 uşaq müraciət edib və ambulator müayinədən keçəndən sonra evə buraxılıblar: “5 uşaq müraciət etmişdi. Dedilər ki, Bakıdan gəliblər. Xəstəxanada qalmayıblar, ambulator müayinədən keçdikdən sonra evə buraxmışıq. Hazırda xəstəxanada deyillər”.