Bu gün:
Xezer.info » Sosial » Qalmaqallı orfoqrafiya lüğətinə görə Anara müraciət: - “Bu, sizi narahat etməlidir”

Qalmaqallı orfoqrafiya lüğətinə görə Anara müraciət: - “Bu, sizi narahat etməlidir”


Qalmaqallı orfoqrafiya lüğətinə görə Anara müraciət: - “Bu, sizi narahat etməlidir”
Xeyli müddətdir, qızğın müzakirələrə səbəb olan Azərbaycan dilinin orfoqrafiya lüğəti ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri Anara müraciət edilib. Müraciətdə lüğətimizlə bağlı anormal proseslərin getdiyi qeyd olunub və dili yaxından hiss edən bir şəxs kimi yazı qaydalarımıza edilən əsassız, məntiqsiz həmlələrə biganə qalmamaq istənilib. BakuPost.az məsələnin aktuallığını nəzərə alıb, həmin müraciəti olduğu kimi təqdim edir:

Hörmətli Anar müəllim!

Son vaxtlar mətbuat və sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələlərdən biri orfoqrafiya qaydaları və orfoqrafiya lüğətlərinin çapı ilə bağlı vəziyyətdir. Qanunvericiliyə əsasən, orfoqrafiya lüğətləri 5 ldən bir yenidən nəşr edilməlidir. Amma hazırda ölkəmizdə 2004-cü ildə nəşr edilmiş orfoqrafiya lüğətindən istifadə edilir. Çünki 2012-ci ildə nəşr olunan orfoqrafiya lüğəti "ciddi qüsurlara görə” təsdiq edilməyib. Prezident Administrasiyası Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edib və Orfoqrafiya lüğətinin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yığışdırılması haqqında göstəriş verib.

2013-cü ildə çapa hazırlanan lüğət də ümidləri doğrultmayıb. Nəinki doğrultmayıb, onilliklər, əsrlər boyu "Lüğət necə olmamalıdır?” təlimlərində əyani vəsait kimi istifadə edilə biləcək bir kitab vücuda gətirilib. Təqribi hesablamalara görə, həmin lüğətdəki 110 min sözdən 40 minə qədəri qondarmadır.

Nəhayət, 2018-ci ildə Dilçilik İnstitutu yeni orforqafiya qaydaları layihəsimi cəmiyyətə təqdim etdi. Amma bu layihə də cəmiyyət və elmi camiə tərəfindən kəskin tənqidlərə məruz qaldı. Layihə müəlliflərinin fikrincə, əvvəlki orfoqrafiya lüğətlərində tərkibində -iyyat,- iyyət və -iyyə şəkilçisi olan və qoşa yy samiti ilə yazılan sözlər bir y samiti ilə tələffüz edildiyindən fonetik prinsipə əsaslanaraq, həmin şəkilçilərlə bitən sözlərinin bir y ilə yazılması məqsədəuyğun sayılmalıdır (37-ci bənd).

Deyilən təklif cəmiyyətdə ciddi etirazlar doğurdu və Orfoqrafiya Komissiyası müzakirələri mart ayına kimi uzatmağa məcbur oldu. Mart ayında müzakirələrin başa çatdığı, təkliflərin nəzərə alındığı və apreldə Nazirlər Kabinetinə göndəriləcəyi bildirildi. Lakin komissiya üzvlərinin son qərarı, eləcə də layihənin son variantı ictimaiyyətə açıqlanmadı. Mətbuata sızan məlumata görə, buna səbəb 37-ci bəndin yetərincə səs toplamamasıdır.

Ona görə Orfoqrafiya Komissiyası bundan sonra avtonom rejimdə işləyəcəyini anons edib. Yəni qarşıdakı ayda (aylarda) ictimai qınaqlara məruz qalan 37-ci bənd və bəzi cəmiyyətə məlum olmayan yeni bəndlər avtonom rejimdə – yəni ictimai rəy nəzərə alınmadan müzakirə olunub qərar qəbul ediləcək.

Orfoqrafiya Komissiyası üzvlərinin ötən ay mətbuata verdiyi müsahibələrdən belə məlum olur ki, layihənin ideya müəllifləri qoşa "y” ilə kifayətlənmək istəmir və qoşa "m” və "s” samiti olan sözlərdə bu samitlərin birinin ixtisarı da nəzərdə tutulub.

Orfoqrafiya mühafizəkarlığı sevir. Hər bir dildə nə vaxtsa yanlış yazılmış sözlər olur. Amma dildə oturuşandan sonra onları dəyişmək belə doğru sayılmır. Aqillərdən biri deyib: "Qələti-məşhur lüğəti-fəsihdən övladır”. Yəni məşhur qələti (səhvi) düzəltməyin özü qələtdir.

Onu da əlavə edək ki, Azərbaycan dilinin yazı qaydalarını tənzimləyən mükəmməl orfoqrafiya qaydaları və orfoqrafiya lüğətinin hazırlanması ölkədə vahid orfoqrafik rejimin yaradılması ilə yanaşı, dünya azərbaycanlılarının vahid orfoqrafiya ətrafında birləşməsini təmin etmək baxımından da əhəmiyyətlidir. Fikrimizcə, sözlərin yazılış şəklinin tez-tez dəyişdirilməsi Azərbaycan xalqının mənəvi sərvətlərindən birincisi olan ədəbi dilimizi dibi görünməyən uçuruma, orfoqrafik xaosa sürükləyir.

Hörmətli Anar müəllim!

Azərbaycan ədəbi dili dövlətin və dövlətçiliyin mühüm atributlarından biridir. Ənənəviləşmiş və oturuşmuş yazı qaydalarına edilən diletantcasına müdaxilələr bütün cəmiyyəti, ilk növbədə isə söz adamı olan şair və yazıçılarımızı narahat etməlidir. Bizcə, sözə ən çox yaxın olan, onun ürək döyüntülərini eşidən sənət adamları məhz şair və yazıçılardır. Azərbaycan mədəniyyətinə və dilimizə olan sevginizə əmin olduğumuz üçün bu gün yazı qaydalarımıza edilən əsassız, məntiqsiz və "proletkultçu” həmlələrə biganə qalmayacağınıza inanırıq. Biz yaşadığımız dövrün tarixə Azərbaycan ədəbi dilinə sağalmaz yaralar vurulduğu bir dövr kimi düşməsini istəmirik. Fikrimizcə, Yazıçılar Birliyi Azərbaycan ədəbi dilinin saflığının və orfoqrafiya qaydalarının sabitliyinin qorunması istiqamətində müəyyən addımlar ata bilər və atmalıdır.

Hörmətlə
Vasif SADIQLI