Borcunu qaytarması üçün hədə-qorxu gəldilər - Damarlarını kəsdi
27-avq-2018Qubada borcu olan şəxsə pulu qaytarması üçün hədə-qorxu gəliblər.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, qabaqcadan əlbir olaraq cinayətkar dəstə təşkil etmiş, hədə-qorxu ilə Quba rayon sakini Rasim Neymətovdan pul tələb edərək, onu özünü öldürmə həddinə çatdırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Siyəzən rayon sakini Mərifət Quliyev və əvvəllər məhkum olunmuş Xaçmaz şəhər sakini Anar Mövlanov saxlanılaraq polis şöbəsinə gətirilib. Saxlanılan zaman Mərifət Quliyevin üzərindən 300 qramdan çox qurudulmuş marixuana aşkar edilib.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.
Onlar qabaqcadan əlbir olub dəstə təşkil etdiklərini və Rasimdən Xaçmaz şəhər sakini Hafiz adlı şəxsə olan 1900 manat borcunun hədə-qorxu gələrək ödəməsini tələb etdiklərini bildiriblər. Zərərçəkənin maddi vəziyyəti yaxşı olmadığından o pulu ödəyə bilməmiş, saxlanılan şəxslər yenidən zərərçəkənə hədə-qorxu gəliblər. Nəticədə Rasim Neymətov cari ilin iyununda sol qolunun damarlarını kəsərək intihara cəhd edib.
Faktla bağlı Mərifət Quliyev və Anar Mövlanov barəsində Quba RPŞ-nin İB-də cinayət işi açılıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat - axtarış tədbirləri davam etdirilir.