Kürdəmirdə xəstələnmək təhlükəlidir - NARAZILIQ VAR...
22-iyun-2016Redaksiyamıza fəaliyyətindəki nöqsanlardan dolayı, artıq uzun müddətdən bəri şikayət məktublarının daxil olduğu səhiyyə müəssisələrindən biri də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasıdır. Ümumilikdə rayonlarının səhiyyə sisteminin hazırkı vəziyyətindən xeyli narahat olduqlarını bildirən kürdəmirlilər, RMX-nın baş həkimi Məhəmməd Musayevi mövcud problemləri daha da dərinləşdirməkdə ittiham edirlər. Qeyd edək ki, bu gün Kürdəmir əhalisinə 157 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, 25 çarpayılıq Uşaq Xəstəxanası, 75 çarpayılıq Kürdəmir Rayonlararası Psixiatriya Xəstəxanası, 40 çarpayılıq 2 kənd xəstəxanası, 13 həkim məntəqəsi, 33 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi xidmət göstərir. Ümumilikdə rayonun səhiyyə sistemində 112 həkim, 416 tibb bacısı və 415 kiçik tibb işçisi çalışır. RMX-nın baş həkimi isə, bütün bu müəssisələri də, orada çalışan kollektiv üzvlərini də birbaşa özünün maraqlarına tabe etdirməyi bacarıb. Bu maraqlarsa, rayon sakinlərinin və əlbəttə ki, ilk növbədə xəstələrin maraqları ilə qətiyyən uzlaşmır. Bu barədə bizimdovr.qa-a təqdim olunan açıqlamalarda bildirilir. Həmçinin açıqlamalarda vurğulanır ki, Məhəmməd Musayev davamlı olaraq tabeliyində çalışan insanlardan pul yığımları həyata keçirməyi tələb edir. Həkimlər, tibb işçiləri dövlət müəssisələrində çalışmaqlarına rəğmən, ən adi müayinə və digər prosedurlar müqabilində belə, xəstələrdən pul istəməyə məcbur edilirlər. Aldığımız məlumatlarda vurğulanır ki, rayonun bütün tibb müəssisələrində Məhəmməd Musayevin xüsusi adamları hər bir həkimin yanına hər gün neçə nəfər xəstənin girib-çıxdığının hesabını aparırlar və həmin hesabatlar hər axşam baş həkimə təqdim olunur.
Digər tərəfdən də, rayonun xüsusən kənd xəstəxanaları və ambulator müəssisələrində ən adi sanitar qaydalarına belə riayət olunmadığına diqqət çəkən şikayətçilər bildirirlər ki, baş həkim həmin müəssisələrdə real işləyən sanitar və texniki personalın sayını azaldaraq, belə vəziyyətin yaranmasına yol açır. Məqsəd isə, həmin ştat vahidlərində “ölü canlar”ın saxlanması və bu yolla da əlavə gəlirlərin əldə olunmasıdır.
Həmçinin aldığımız məlumatlarda rayon sakinlərinin xüsusi narazılığını doğuran əsas məqamlardan birinin də, Kürdəmirin səhiyyə müəssisələrinə dərmanların alınmasında şişirdilmiş qiymətlərlə bağlı olduğu göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Açıqiamalarda vurğulanır ki, mərkəzi xəstəxanada, eləcə də rayonun digər tibb müəssisələrində Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar.
Beləliklə, müxtəlif mənbələrdən aldığımız məlumatlarda bu gün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, xəstəxanalarda cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktların müşahidə olunduğu öz təsdiqini tapmaqdadır. Lakin bütün bu deyilənlərin dəfələrlə təkrar olunmasına baxmayaraq, ölkənin Səhiyyə Nazirliyi tərəfindən Kürdəmirin Səhiyyə sisteminin sağlamlaşdırılması istiqamətində hələ də konkret addımlar atılmır.
Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.