Elektrik sayğaclarına müdaxilə ilə bağlı yeni və sensasion iddialar
22-avq-2018Bu işin xüsusi haker qrupu tərəfindən ölkəmizə qəsd projesi olaraq həyata keçirildiyi deyilir; ekspert bildirir ki, “Azərişıq”ın sayğaclarına kənardan müdaxilə mümkündür; “Şübhələrin əsası var…”
Mingəçevirdə baş verən böyük qəzadan bir ay sonra – avqustun əvvəllərində əhali arasında iyul ayındakı enerji sərfiyyatı ilə bağlı ciddi şübhələr meydana gəldi. Sosial şəbəkələrdə də uzun müddət müzakirə olunan bu şübhələr əsasən iyul ayı üçün sərfiyyatın həddən artıq yüksək hesablanması barədədir. Belə ki, istehlakçılar iyul ayı üçün onlara enerji sərfiyyatının çox hesablanmasından narazılıq edir.
Bu narazılıqlar kütləvi xarakter aldığına görə “Azərişıq” ASC rəsmiləri ictimaiyyət və mətbuat nümayəndələrinin iştirakı ilə geniş görüş təşkil etdilər. Görüş zamanı iştirakçılara sayğacların iş prinsipləri, onların informasiyalarının əldə olunması və hesablamaların aparılması barədə açıqlama verildi. Lakin bu görüşdən sonra da əhali arasında narazılıqlar azalmadı, müzakirələr hələ də davam etməkdədir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, kənardan “Azərişıq”ın sayğaclarına müdaxilə olunması ehtimalı var: “”Ağıllı sayğac”larla bağlı qısa bir araşdırma aparandan sonra qənaətim budur ki, son aylarda “Azərişıq”ın göndərdiyi bildirişlərdəki məbləğin real enerji sərfiyyatına uyğunluğundan şübhələnmək üçün müəyyən əsaslar var.
Yəni mediada müzakirə mövzusuna çevrilən çoxsaylı şikayətlər şübhələnmək üçün əsas verir ki, əslində evlərdəki elektrik avadanlıqları az enerji sərf edib, “ağıllı sayğac” bunu çox göstərib. Daha doğrusu, sayğac texniki səbəbdən və ya məqsədyönlü olaraq sərfiyyatı düz hesablamayıb. Qısa araşdırmada görmək olar ki, belə bir problem çox yerlərdə olubmuş. “Ağıllı sayğac”lara qarşı ciddi ittihamlar çox olub. Hətta elə ölkələr olub ki, geriyə, köhnə sayğaclara keçid təklif olunub.
Ä°lgili resim
Köhnə sayğaclardan “ağıllı sayğac”ın əsas fərqi odur ki, onun, sadəcə, yaddaşı var və ekranda olan məlumatlar, gündəlik sərfiyyat hər gün mərkəzi serverə, yəni “Azərişıq”a ötürülür. Sistem elə qurulub ki, “Azərişıq” uzaqdan sayğaca müdaxilə edə və onu dayandıra bilər. Ötürülmə kanalı da elə özlərinin elektrik xətləri və ya mobil şəbəkə üzərindən ola bilir.
Buradan belə qənaətə gəlmək olar ki, sayğacların düz işləməməsi və sərfiyyatın çox yazılması ilə bağlı problem aşağıdakı səbəblərdən yarana bilər:
“Ağıllı sayğac”ların özündə problem var və standarta uyğun deyil, ehtimal ola bilər ki, hansısa səbəbdən iş prinsipi pozulub. Yəni sərfiyyatı, sadəcə, düz hesablamır.
“Azərişıq”ın informasiya sisteminə, şəbəkəsinə kənardan qeyri-qanuni müdaxilə olub. Sayğaclardan ötürülən məlumatlar ola bilər ki, başqa alternativ bir billing sistemə yönləndirilib və başqa hesablama aparılıb (vaxtilə ölkənin beynəlxalq telefon trafikində belə kənar yönləndirmə ilə milyonlar qazananlar oldu).
İnsan amili rol oynayıb. Yəni manual olaraq sayğaclara kənar müdaxilə olunub. Amma problem kütləvi olduğundan özümə də bu inandırıcı gəlmir.
Ola bilər ki, “Azərişıq”ın real billing sistemində və ya ötürmə kanallarında problem yaşanıb. Güman ki, hansısa səbəbdən məlumatların ötürülməsində kəsinti olub. Və rəsmilər də manual olaraq ortalama hesablaşma aparıblar. Bu ortalama hesablamalar üzrə olan bildirişlərdə də əvvəlkilərlə müqayisədə ciddi fərqlər olub. Mənə daha çox bu variant inandırıcı gəlir.
Sosial mediada bəzən səslənir ki, bu, “Azərişıq” tərəfindən məqsədyönlü olaraq, investisya xərclərini qarşılamaq üçün edilib. Dərhal qeyd edim ki, bu, hədsiz, çox böyük risk olardı, bu baxımdan inandırıcı deyil. Amma texniki-texnoloji cəhətdən reallaşdırmaq mümkündür”.
Onu da qeyd edək ki, O.Gündüz “Azərişıq”ın təşkil etdiyi görüşdən sonra da sayğaclara kənar müdaxilənin olması fikrində qaldığını bildirib: “Qurumun rəsmiləri ”Azərişıq”ın fəaliyyəti ilə bağlı bir xeyli məlumatlar versələr də, mənim sistemə müdaxilə ilə bağlı yazdıqlarımda və şübhələrimdə dəyişiklik olunacaq hansısa bir güvənli informasiya əldə edə bilmədim”.
Mütəxəssis deyir ki, hazırda sistem elə qurulub ki, “Azərişıq” həm məhsul (enerji) satır, həm onun çəkisini ölçmək üçün tərəzisini (sayğacı) özü quraşdırır, bu məlumatı özü mərkəzə ötürür və həm də arxada, serverdə onun hesablamasını özü aparır: ”Proqram təminatlarını da özləri daxildə yazıblar. Düşünürəm ki, bütün bu proseslərin hamısı həm digər aidiyyəti dövlət qurumlarımız və beynəlxalq qurumlar tərəfindən, yaxşı olar ki, həm də müstəqil ekspertlər tərəfindən audit olunmalıdır. Fikrimcə, həm dövlət nəzarəti gücləndirilməlidir və həm də ictimai nəzarət üçün imkanlar yaradılmalıldır. Yalnız bundan sonra sistemin güvənliyinə təminat vermək olar”.
iÅıq sayÄacları ile ilgili görsel sonucu
Forum rəhbəri görüş zamanı mərkəzi server, billing sistemi və bütövlükdə informasiya sistemlərinin fəaliyyəti ilə tanış ola bilmədiklərini qeyd edir: “Mərkəzi server və ağıllı sayğaclar arasında şəbəkə var və texniki-texnoloji olaraq ağıllı sayğaclara uzaqdan müdaxilə və uzaqdan idarəetmə sadə bir prosesdir, yəni sayğaclar uzaqdan idarə oluna bilir. Bütün ölkələrdə bu belədir. ”Azərişıq” isə təhlükəsizlik baxımından belə bir sistemin olmadığını iddia edir. Düzü, mən anlamadım ki onda ağıllı sayğaclar, bu informasiya sistemləri nəyə gərəkdir ? Odur ki, bu, mənə inandırıcı gəlmir. Yəni sayğacdakı rəqəmlərin uzaqdan idarə edilməklə dəyişdirilə bilməyəcəyi ilə bağlı güvənli bir informasiya və ya əyani bir təqdimat hələlik ortada yoxdur. Hər halda, düşünürəm ki, real vəziyyəti yalnız güvənli audit ortaya çıxara bilər”.
O.Gündüz hesab edir ki, dövlət qurumlarının informasiya sistemlərinin auditinə cavabdeh qurum olan Xüsusi Dövlət Mühafizə Xidməti, həmçinin eGov üzrə səlahiyyətli qurum olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Energetika Nazirliyi “Azərişıq”ın bütün şəbəkəsini və billinq sistemini audit etməlidir.
Göründüyü kimi, mütəxəssis elektrik sayğaclarına kənar müdaxilənin olması fikrində israr edir. Bir sıra digər ekspertlər də bu rəyi bölüşürlər. Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə, elektrik sayğaclarına kənar müdaxilə qəsdən təşkil olunub. Bu iş xüsusi haker qrupuna həvalə edilib və onlar sayğacların “beyninə” müdaxilə edərək, sərfiyyatı qəsdən artırıblar. Məqsəd əhali arasında sosial narazılıq yaratmaq, kütləvi etirazlara rəvac vermək olub. Enerji qəzası və Gəncə hadisələrindən sonra bu, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istiqamətində növbəti cəhd olub.
Buna görə də mütəxəssislərin rəyləri nəzərə alınaraq, elektrik sayğaclarına kənar müdaxilələrin qarşısının alınması üçün zəruri addımların atılması çox vacibdir.