“OPEK bu qərarı ABŞ-ın təzyiqi ilə verib” – iddia
26-iyun-2018Ekspertlər neft bazarında ciddi ucuzlaşma gözləmirlər
Ötən həftənin sonlarında Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin dördüncü görüşündə hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub.
Bundan əvvəlsə OPEK+ nazirlər səviyyəsindəki Monitorinq komitəsi Vyana razılaşması çərçivəsində neft hasilatının həcmini sutkada 1 milyon barel artırılmasını nəzərdən keçirməyi tövsiyə etmişdi.
Bir çox anaitiklər Vyanada qərarın ABŞ-ın təzyiqi ilə qəbul olunduğunu bildirirlər. Belə ki, ABŞ neftin dünya bazar qiymətlərinin yüksək olmasına qarşıdır. Bu ölkənin prezidenti Donald Tramp Vyana görüşü ərəfəsində qiymətlərin bahalığında OPEK-i günahlandıran fikirlər səsləndirmişdi. Bundan əlavə, ABŞ-da “Neft istehsal və ixrac edən kartellərə qarşı addımlar haqqında” qanun layihəsi Konqersin baxışına təqdim edilib. Qanun layihəsi neft bazarında hər cür sövdələşmələri qanunsuz sayır və 100 il əvvəl qəbul edilmiş Şermanın antiinhisar qanunun tələblərinin OPEK-ə tətbiqini nəzərdə tutur. O zaman Şerman qanunu Rokfeller imperiyasının monopol gücünün sarsıdılmasını hədəfə almışdı.
ABŞ-ın gündəlik xam neft tələbatı 19 milyon bareldir. Onun isə cəmi 12 milyon bareli daxili istehsal hesabına təmin edilir. Yaxın 2-3 ildə idxaldan asılılığın 1-1.5 milyon barelədək azaldılması gözlənsə də, ümumi asılılıq əmsalının azı 30 faiz səviyyəsində qalacağı proqnozlaşdırılır. Bahalı neft idxalı isə ABŞ üçün ciddi problemə çevrilən ticarət kəsirini bir az da artırır.
Hazırda ABŞ dünyada bütün neft məhsullarının 20 faizini istehsal edir və bu həcmə görə 1-ci yerdədir. Üstəgəl, ABŞ yüksək texnologiya sayəsində neft məhsullarının emal dərinliyinə (hər ton xam neftin hazır məhsul çıxarı) görə də dünyada 1-ci yeri tutur. Bir sözlə, ucuz xam neft ABŞ-ın ticarət defisitini azaltmaqla yanaşı, neft emalı sənayesi üçün də vacibdir.
Onu da qeyd edək ki, Azərbaycan neft istehsalının artırılması qərarını dəstəkləyib. Bu barədə Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir. Toplantıda iştirak edən energetika naziri Pərviz Şahbazov bildirib ki, neft bazarının yeni vəziyyətə uyğun tənzimlənməsi üçün OPEC+ formatında həmrəyliyin, hasilatın artırılması tədbirləri davamlı əməkdaşlıq çərçivəsində həyata keçirilməlidir: “Neft bazarının neft hasil və ixrac edən ölkələrin maraqlarına uyğun inkişafı prosesinə Azərbaycan bundan sonra da dəstək verməyə hazırdır. İndiyə kimi OPEC+ çərçivəsində neft hasilatının azaldılması ilə bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirən Azərbaycan müvafiq tədbirlərlə ölkədə hasilat həcmlərini kvotaya uyğunlaşdırmaqla ümumi prosesə öz töhfəsini verəcək”.
Neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, hasilatın artması qərarının tam olaraq ABŞ-ın təzyiqi ilə qəbul edildiyini söyləmək olmaz: “Lakin bu qərarın alınmasında ABŞ-ın yaratdığı siyasi-iqtisadi şərtlərin bazara olan təsiri mühüm rol oynadı. Belə ki, mayın 12-də Tramp anons etdiyi kimi, İrana qarşı sanksiyaların daha da gücləndirilmiş şəkildə bərpasını nəzərdə tutan sənədi imzaladı. Həmin sənəddə İrandan neft alan şirkətlərə 180 gün vaxt verilirdi ki, öz alqı-satqılarına yenidən baxaraq onu kvotaya uyğunlaşdırsınlar. Yəni İrana əvvəlki kimi, bazara 1 milyon bareldən artıq neft çıxarmaq imkanı verilməyəcək. İran dünya bazarında mühüm payı olan ölkələrdən biridir. Dünya bazarına gündəlik 2,8 milyon barel neft çıxarırdı. Hələ aprel ayında - Trampın qərarını verməsi ərəfəsindən etibarən İranım hasilatı azalmağa başlayıb. OPEK-in hesabatından aydın olur ki, İranda neft hasilatı 2,5 milyon barelə düşüb. Bu, gündəlik 300 min barel azalma deməkdir və bu, heç də İranın istəyi ilə baş vermir. Bu, bazarın reallığından irəli gəlir - İrandan neft alan ölkələr artıq yeni satıcı tapmağa başlayıblar, ilin sonunadək onu kvotaya uyğunlaşdıracaqlar”.
İ.Şabanın sözlərinə görə, 2015-ci ildə İranla altılıq arasında razılaşma əldə olunduqdan sonra Tehran neft-qaz sektoruna böyük investisiyalar qoyulacağını gözləyirdi: “Bu gözləntilər Rusiya və Çinlə bağlı daha böyük idi. Lakin onlar özünü doğrultmadı: Rusiya investisiya yatmadı, Çin isə çox cüzi investisiyalarla kifayətləndi. Xarici şirkətlərdən də yalnız ”Total" İranda işləməyə razılaşdı, o da sanksiyalar olacağı təqdirdə sazişdənm geri çəkiləcəyi şərtilə. Məsələ burasındadır ki, altılıq razılaşmanı bu şərtlə imzalamışdı ki, investisiyalarla İranda demokratikləşmə prosesi eyni zamanda getsin. Lakin İran rejimi demokratikləşmə istiqamətində heç bir addım atmadı. Nəticədə sanksiyalar yenidən bərpa olundu. İran gözləyirdi ki, OPEK-dəki tərəfdaşları hasilatın olduğu kimi saxlanması barədə qərar qəbul edəcəklər. Bu isə bazarda qiymətlərin artıracaq, İran hasilatın azalmasından itirdiklərini qiymət artımı ilə kompensasiya edə biləcək. 2011-ci ildə belə bir vəziyyət yaranmışdı. Lakin bu dəfə OPEK başqa qərar verdi. Çünki ortada yalnız İran faktoru deyil, hasilatın iki dəfə azaldığı Venesuela da var. Üstəlik, daim çaxnaşmaların, qarşıdurmaların olduğu Liviya daha bir problemdir. Bundan əlavə, dünya iqtisadiyyatında artım davam edir, neftə tələb artır. Bu şəraitdə hasilat artmasaydı, qiymətlərdə kəskin artımlar olacaqdı. Hansı ki, belə bir qəfil artım, tarazlığın pozulması nə hasilatçıların çoxuna, nə alıcılara, nə də vasitəçi şirkətlərə sərf etmir. Hazırkı qiymət intervalı 70-75 dollar bütün tərəflər üçün ən əlverişlisidir. OPEK qərarı həmin intervalda saxlamağa imkan verəcək".
Azərbaycanın qərarı dəstəkləməsi sual yaradır ki, bizdə hasilatı artırmaq imkanı varmı? İ.Şaban deyir ki, əvvəlcədən proqnozlaşdırıldığından fərqli olaraq, bu il Azərbaycanda hasilat azalmır: “Həmin proqnozlara görə, bu il Azərbaycanda hasilat 1 milyon ton azalmalıydı. Bu ilin 5 ayı arxada qalıb, lakin hasilat ötən ilin eyni dövrü ilə müqayisədə azalmayıb. Bu da quyulara qaz vuraraq daha artıq neft hasil edilməsindən irəli gəlir. Düşünürəm ki, bu, səmərəli bir addımdır. Azərbaycan səmt qazını quyulara vurub daha çox neft əldə edir. İrandan və Rusiyadan alınan qaza görə ödənilən məbləğ bu gəlirdən çox aşağıdır”.
İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, ABŞ Prezidentinin hasilatın artırılmasının vacibliyi haqqında 2 twitindən sonra OPEC-in və xüsusən də Səudiyyə Ərəbistanının bazara daha çox neft çıxarmağa müsbət yanaşacağı proqnozlaşdırılan idi: “Sözügedən qərarın açıqlandığı gün dünya bazarında neftin qiyməti 4 faizə yaxın yüksəldi. Əslində bu qiymət artımları heç də birbaşa hasilatın arıtırılması haqqında qərarla bağlı deyil. Belə ki, elə həmin gün elan edilən statistikaya əsasən ABŞ-da neft quyularının sayı 7 ədəd azalıb və bu da birbaşa qiymətə təsir göstərdi”.
Ekspertə görə, hasilatın gündəlik 1 milyon barel artırılması heç də neftin qiymətlərinin qısa zamanda kəskin azalmasına səbəb olmayacaq: “Belə ki, hasilatdakı artım qərarına baxmayaraq yenə də qlobal bazarda tələb üstünlüyü var. Digər tərəfdən, hasilatın artırlması ilə bağlı qərara baxmayaraq OPEC və bu quruma üzv olmayan, amma qərarı dəstəkləyən dövlətlərin qısa zamanda hasilatı qeyd edilən səviyyəyə çatdırmaq imkanları yoxdur. Rusiya ən yaxşı halda yaxın 3 ayda hasilatı maksimum 300 min barrel artıra bilər. Bütövlükdə, OPEC+ hasilatın artırılması bağlı qərarına ən yaxşı halda yaxın yarım ildə nail ola biləcək. Bu isə o deməkdir ki, hələlik bazarda təklifin artıqlığı müşahidə edilməyəcək. Son qərar sadəcə neftin dünya bazar qiymətində kəskin artımların qarşısını almaq məqsədi daşıyır. Hələlik heç bir beynəlxalq qiymətləndirici şirkət neftin qiymətində kəksin azalma proqnozlaşdırmır. Bu isə o deməkdir ki, əgər hasilatın artırılması ilə bağlı daha bir qərar olarsa, o zaman neft yenidən əvvəlki bazar qiymətinə, bir barel üçün 60 dollarlıq həddə enə bilər. Bütövlükdə, OPEC və onunla anlaşan digər bir sıra neft ölkələrini Ağ Evin tövsiyyəsinə uyğun olaraq hasilatı artırması neftin qiymətinin siyasiləşdiyindən də xəbər verir. Bu isə o deməkdir ki, neft bazarında hər zaman sürprizlər ola bilər”.