Müstəqil Azərbaycanın müdafiə nazirləri - 11 nəfər KİMDİR...
26-iyun-201826 iyun Azərbaycanda Silahlı Qüvvələr günüdür. Azərbaycan Respublikası ikinci müstəqillik dönəmində Müdafiə Nazirliyini yaradanda hələ keçmiş SSRİ-dən ayrılmamışdı. Amma o zaman artıq SSRİ adlı imperiyanın dağılacağına şübhələr qalmamışdı. SSRİ-nin tərkibində olan və müstəqilliyini elan etməmiş Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb.
Modern.az-ın məlumatına görə, Azərbaycanın ilk müdafiə naziri postuna o zaman Sovet ordusunda tanınmış hərbçi, general-leytenant Valeh Bərşadlı təyin olunub. Müdafiə Nazirliyinin ilk zabitləri isə general Bərşadlı, general-mayor Dadaş Rzayev, general-mayor Arif Salahov və polkovnik Telman Mehdiyev olub.
Həmin il (1991) oktyabr ayının 9-da Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18110 saylı hərbi hissəsinin bazasında Silahlı Qüvvələrin ilk motoatıcı briqadası formalaşdırılıb.
Yeni yaranmış Müdafiə Nazirliyinin cəmi 1 minik avtomobili, hər zabitin isə cəmi 1 tabel tapançası olmaqla cəmi 4 silahı olub. Müdafiə Nazirliyinin əsasnaməsi və digər xidməti sənədləri isə zabitlər bütün dəftərxana ləvazimatlarını öz pullarına almaqla evlərində hazırlayıblar.
Müdafiə Nazirliyi yarandıqdan sonra Silahlı Qüvvələrin yaradılması və komplektləşdirilməsi ilə bağlı gərgin müzakirələr aparılıb. İlk müdafiə naziri general-leytenant Valeh Bərşadlı ordunun əsasının müqavilə əsasında komplektləşdirilməsinə tərəfdar olub. Bərşadlı o zaman şəxsi heyəti 16 min nəfər olan briqadaların yaradılmasını, hər bir taborun ayrıca nömrələnməsi, döyüş bayrağı olmasını, həmçinin reyd taborlarının yaradılmasını təklif edib. Lakin Ali Sovet müzakirələrdən sonra ordunun çağırış əsasında komplektləşdirilməsi barədə qərar qəbul edib. İlk briqada könüllü və çağırışçı heyətlə komplektləşdirilib.
Müstəqillyini bərpa edən Azərbaycan Respublikasında müdafiə naziri postuna 11 dəfə təyinat olub.
1991-ci ilin sentyabr-dekabr aylarında müdafiə naziri postunda general-leytenant Valeh Bərşadlı çalışıb. (5 sentyabr 1991 - 11 dekabr 1991)
1991-ci ilin dekabrından 1992-ci ilin yanvar ayınadək general-mayor Tacəddin Mehdiyev müstəqil Azərbaycanda ikinci müdafiə naziri işləyib. (11 dekabr 1991 - 17 fevral 1992).
1992-ci ilin yanvar-fevral aylarında Müdafiə Nazirliyinə polkovnik Şahin Musayev rəhbərlik edib. (yanvar 1992 - 24 fevral 1992).
1992-ci ilin fevral-mart aylarında isə müdafiə naziri postunda polis polkovniki Tahir Əliyev əyləşib. (24 fevral 1992 - 16 mart 1992).
1992-ci ilin mart ayından 1993-cü ilin fevral ayınadək müstəqil Azərbaycanın müdafiə naziri postunu mülki şəxs Rəhim Qazıyev tutub. (17 mart 1992 - 20 fevral 1993).
1993-cü ilin yanvar-iyun aylarında general-mayor Dadaş Rzayev müdafiə naziri vəzifəsində çalışıb. (20 fevral 1993 - 17 iyun 1993).
1993-cü ilin iyun-avqust aylarında polkovnik Səfər Əbiyev qısa müddətdə Müdafiə Nazirliyinə rəhbərlik edib. (17 iyun 1993 - avqust 1993).
1993-cü ilin avqust-sentyabr aylarında general-mayor Vahid Musayev növbəti müdafiə naziri olub. (13 avqust 1993 - 25 avqust 1993).
1993-cü ilin sentyabr ayından 1995-ci ilin fevralınadək isə Azərbaycanın müdafiə naziri vəzifəsində general-leytenant Məmmədrəfi Məmmədov işləyib. (2 sentyabr 1993 - 6 fevral 1995).
1995-ci ilin 6 fevralında isə general-polkovnik Səfər Əbiyev müdafiə naziri vəzifəsinə gətirilib. O, 22 fevral 2013-cü il tarixində nazir postundan azad edilib.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsinə general-polkovnik Zakir Həsənov təyinat alıb. O, hazırda da bu mühüm vəzifədə çalışır.