Yerlərdə əhalini incidən kiçik məmurlar – sərt cəzalar qaçılmazdır
12-iyun-201811 aprel prezident seçkilərindən iki ay keçdi. Bu müddətdə hökumətin tərkibində xeyli yenilənmələr həyata keçirildiyi məlumdur. Əksəriyyəti gənclərdən ibarət kadrlar nazir və komitə sədri vəzifələrinə təyin edilib. Dəyişikliklər rayonların icra başçılarını da əhatə etməkdədir. Artıq bir neçə rayonun icra başçısı vəzifədən götürülüb. O rayonlar ki, icra başçılarının fəaliyyətindən şikayətlər durmadan artırdı. Yerlərdə əhalini narazı salan kiçik məmurların dəyişdirilməsi prosesinin davam edəcəyi deyilir. Bu isə o deməkdir ki, narazılıqlar da tədricən aradan qalxacaq.
Bir məqamı da qeyd edək ki, sadə vətəndaşlarla birbaşa təmasda olan kiçik məmurlardır, bu səbəbdən narazılıq daha çox onlardandır. Bir çox hallarda bu məmurlar özlərini “firon” kimi aparırlar. Qarşıdakı proseslərdə onların cəzalandırılacağı şübhəsizdir...
Bu məsələ ətrafında danışdığımız deputat Zahid Oruc qeyd etdi ki, ölkə rəhbəri hamıdan daha artıq dərəcədə böyük inkişafa malik bir ölkə görmək arzusundadır: “Prezident bunu nəinki istəyir, eləcə də buna nail olmaq üçün ötən illərdə böyük miqyaslı proqramlar, layihələr həyata keçirib və keçirir. Biz ötən dövr ərzində hər hansı bir nazirin və ya yerli bir məmurun kontekstində Azərbaycanın keçdiyi yola dəyər verə bilmərik. Onlar hətta istəməsəydilər də Azərbaycan öz-özlüyündə əldə etdiyi uğurları qazanacaqdı. Biz yalnız onu deyə bilərik ki, nailiyyətlər daha böyük olardı, bu problemlər özünü göstərməzdi, itkilərin şahidi olmazdıq. Ölkə rəhbəri əgər konkret şəxslərə etibar edibsə, o adamlar həmin sahəyə cavabdehlik daşınmalıydı. Kim ona etibar edilmiş sahənin cavabdehliyini daşıya bilmirsə, barəsində müvafiq addım atılıb. Mühüm nazirliklərin və nazirliklərin rəhbərlərinin fəaliyyətindəki mənfi tendensiyalar yalnız konkret olaraq şəxslərə ziyan vurmadı, Azərbaycan dövlətinin əldə edəcəyi nailiyyətlərə miqyasca bir qədər təsir elədi.
Amma reallıq ondan ibarətdir ki, bu gün ölkə başçısı yeni bir dönəmin şərtlərini hamı üçün elan edir. Ola bilər ki, bir çox adamlar öz vəzifələrində təbii ki, qalaraq fəaliyyətlərini davam edəcəklər, amma onların da fəaliyyətində yeni tendensiyalar, yeni yanaşmalar özünü göstərəcək. Yəni biz əgər bölgələrdən danışırıqsa xüsusilə aqrar sahə üzrə ixtisaslaşa biləcək regionlar həm hökumətin yeni üzvlərindən yaxşı siqnallar ala bilərlər, həm də bu həyata keçiriləcək tədbirlər əhalinin Bakıya axınının qarşısını alacaq. Hər rayonun rəhbəri bilməlidir ki, cənab prezidentin müşavirədə söylədiyi fikir əsl proqram müddəasıdır - ”Siz investisiya cəlb edin, iş yerləri açın, regionun inkişafı üçün addımlar atın. Məhz bunun müqabilində sizin fəaliyyətinizə qiymət veriləcək". Hətta dünən fəaliyyətində problemlər olanlar bu günün tələblərini başa düşməlidirlər. Bilməlidirlər ki, ölkə rəhbəri 7 illik bir dövr üçün bütün sahələrdə islahatları uğurla başa çatdırmaq iradəsindədir".
Z.Oruc bildirdi ki, azərbaycanlılar region dövlətlərinin böyük əksəriyyətindən yaxşı yaşamağa qadirdir və buna nail olunmalıdır: “İş yerləri məsələsində, turizm məsələsində, hüquqların gerçəkləşdirilməsi məsələsində biz cəlbediciliyi artırmalıyıq. Bizim ərazimin 70 faizi qədər olan və əhalimizin yarısı qədər əhalisi olan Gürcüstan dünya çapında özünün informasiya reklamını aparıb və onun nəticəsində uğurlar əldə olunub, investisiyaların cəlbi genişlənib, hətta azərbaycanlı iş adamları da gedib orada rahat fəaliyyət aparırlar. Nə üçün bizdə də belə olmasın. Ona görə də hökumətin 70 faizə qədərinin dəyişməsi kontekstində, yerlərdə aparılan yenilənmələr onun sübutudur ki, prezident apardığı dəyişikliklərin hesabına cəmiyyətdə yeni bir mərhələnin başlandığını elan edir. Prezident bununla göstərir ki, Azərbaycan güvənli bir yer olmalıdır. Azərbaycan cəmiyyətinin dərinliyinə getdikcə görürük ki, bəzən hansısa bir yerli məmur elə problemlər yaradır ki, onun nəticəsi dövlətin ayağında qalır və adamlar öz qənaətlərini ictimai yerlərdə məhz dövlətin, hökumətin adına çıxırlar. Bölgələrin iqtisadi müstəqilliyi artdıqca, biz görəcəyik ki, bu cür məsələlər ortadan qalxacaq”.
“Yeni Müsavat”