Bu gün:
Xezer.info » Manşet » İşin içində deputat da, məmur da var - Dərman mafiyasının uzantıları...

İşin içində deputat da, məmur da var - Dərman mafiyasının uzantıları...


İşin içində deputat da, məmur da var - Dərman mafiyasının uzantıları...
Dövlət Gömrük Komitəsinin (DGK) rəhbər vəzifəli şəxslərinin də olduğu “dərman mafiyası” ilə bağlı araşdırmalar davam edir. İşin içində ən müxtəlif təbəqələri əhatə edən şəxslər var. “Dərman mafiya”sına bu və ya başqa şəkildə bağlılığı olan vəzifə sahiblərinin adları siyahılaşdırılır.

AFN-in məlumatına görə, belə xəbərlər var ki, məsələ ən yüksək səviyyədə nəzarətə götürülüb. Bu isə o deməkdir ki, bir çox vəzifə sahiblərinin, səlahiyyətli şəxsin “başı” gedəcək. Ən son məlumata görə, DGK-in Tibbi Xidmət İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Fikrət Qədiməliyev istintaqla əməkdaşlığa razılıq verib. O, kiminlə işləyiblərsə, hər kəsin adını çəkəcəyini söyləyib. General-mayor bunun əvəzində şəxsi toxunulmazlıq və şərti cəza istəyir. Fikrət Qədiməliyevə mayın 8-də ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb. Mətbuatda ölkəyə qanunsuz yolla dərman vasitələrinin gətirilməsinə və dərman qaçaqmalçılığına görə keçmiş DGK sədri Aydın Əliyevin həbs ediləcəyi haqda xəbərlər yayılıb.
Dövlət Təhlükəsizlik Xidmətinin ifşa etdiyi “dərman mafiyası” ilə işbirliyində təkcə Aydın Əliyevin adı hallanmır. İşin içində deputat da, məmur da var.
AFN-ə daxil olan xəbərər görə, işin içində adladı keçən deputatların kimliyi artıq bəllidir. Bir qədər diqqətli oxucular onlarla bağlı zatən mediadan çox məlumatlıdırlar. Hələlik ad çəkə bilməsək də, işə bağlılığı olduğu bildirilən bəzi detallar haqda redaksiyamıza məlumat verilib ki, bu da ölkənin dərman bazarında önəmli rol oynayan bir neçə firmanın (hansı ki, rəhbərləri hazırda Milli Məclis üzvüdür) prosesə cəlb olunacağını (bəlkə də artıq olunub-red.) ehtiva edir.
Onu da qeyd edək ki, bir müddət əvvəl AFN-ə ölkənin dərman bazarı uğrunda iki deputat arasında ciddi mübarizə getdiyi, onlardan birinin qalib gəlməsi nəticəsində bazarda pay nisbətinin onun xeyrinə kəskin dəyişdiyi haqda məlumat daxil olmuşdu. Yuxarıda da qeyd etdiyimiz kimi, bəzi detalları o məlumatla tutuşdurduqda “Dərman mafiyası” işinə cəlb olunacaq deputatların kimliyi daha da aydınlaşır. Yaxın günlərdə bu mövzuda ətraflı yazımız olacaq. Bizi izləyin.