Bu gün:
Xezer.info » Eksklüziv » AYDIN ƏLİYEVLƏ VÜSAL NOVRUZOVU CƏMİYYƏT ÖZÜ MÜHAKİMƏ ETMƏLİDİR

AYDIN ƏLİYEVLƏ VÜSAL NOVRUZOVU CƏMİYYƏT ÖZÜ MÜHAKİMƏ ETMƏLİDİR


AYDIN ƏLİYEVLƏ VÜSAL NOVRUZOVU CƏMİYYƏT ÖZÜ MÜHAKİMƏ ETMƏLİDİR
Gömrük generallarının jurnalistləri xüsusi ittiham qaydasında məhkəməyə verərək həbs etdirmək istəməsi ölkə mətbuatının gündəmindən düşməyən və ictimaiyyətin ən çox müzakirə etdiyi məsələlərdən biridir.

İki il əvvəl Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzov jurnalist Elmidar Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə verib həbs etdirmək istəyirdi.


İndi də onun keçmiş şefi Aydın Əliyev Azxeber.com saytının jurnalistlərini xüsusi ittiham qaydasında məhkəməyə verib həbs etdirmək istəyir.

Neçə illər korrupsiyaya bulaşmış generallar jurnalistləri məhkəməyə verəndə onların bu cür hərəkətləri cəmiyyət tərəfindən xoşagəlməz hal kimi qarşılanır.

Aydın Əliyevin DGK-nin rəhbəri vəzifəsində çalışdığı uzun müddət ərzində gömrük generalları korrupsiya girdabına elə yuvarlanıblar ki, onlar indi yox, hələ neçə il əvvəl başda Aydın Əliyevin özü də olmaqla məsuliyyətə cəlb olunmalıydılar.


O ki, qaldı Vüsal Novruzova, onun fəaliyyəti də gec-tez yoxlanılacaq və o da öz əməllərinə görə qanun qarşısında cavab verməli olacaq. Güclərini jurnalistlərin üzərində sınayan generalların son yolu geci-tezi həbsxanadır.

Vaxtı ilə Vüsal Novruzov ələ ala bilmədiyi jurnalistləri MTN-nin sabiq rəhbəri Eldar Mahmudovla general Akif Covdarova sifariş verirdi ki, jurnalistlər həbs olunaraq Akif Covdarov tərəfindən işgəncələrə məruz qalsınlar.


Ancaq sonda Akif Covdarov cinayət məsuliyyətinə cəlb olundu, Eldar Mahmudov isə ev dustağı oldu.

İndi Aydın Əliyevlə Vüsal Novruzovu da onların aqibəti gözləyir. Sadəcə olaraq, hər şeyin zamana ehtiyacı var.

Ötən gün ölkə mətbuatından oxudum ki, jurnalistlərə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiasını məhkəmədən geri götürməsi üçün bir neçə deputat Aydın Əliyevə müraciət edib. O isə deputatlara cavab olaraq bildirib ki, “yox, mən jurnalistləri bağışlamayacam”.


Ondan soruşan lazım: Bəs sizin özünüzü cəmiyyət bağışlayacaqmı?


Bu neçə illər ərzində dövlətin pulunu mənimsəyib öz pulunuz kimi xərcləmisiz. Baldızınızı gətirib yanınızda katibə işlədib milyonçu etmisiniz. O da başlayıb mənimsədiyiniz pulları iş adamlarına sələmə verməyə. Budurmu məhkəmələrin qapısında sizin haqq-ədalət axtarmağınız?

Bəs onda biz jurnalistlər nə edək?

Neçə illərdir dövlətin pulunu siz – Aydın Əliyev başda olmaqla rəhbərlik etdiyiniz komitənin generalları tarı-mar edib. Amma bizim cəmiyyətin aktiv üzvləri bir yerə yığışıb sizi məhkəməyə verməyib…

Bəs birdən versə nə edəcəksiz?

Həbs etdirmək istədiyiniz jurnalistlər cəmiyyətimizin güzgüsü olan mətbuatda gördüklərindən, sizin kimi korrupsioner generallardan yazırlar. Onların günahı nədir? Həqiqəti yazmaqları?

Ona görə də çalışın cəmiyyətin güzgüsündə rüşvətxor, korrupsioner simasında görsənməyin ki, jurnalistlər də sizdən yazmasınlar.


Dünənəcən bir “kamikadze” saytının baş redaktoru Vüsal Novruzovdan və onun mətbu orqanlarının rəhbərlərinin “ayfon” telefonundan tutmuş itən üzüyünəcən yazılar dərc edirdi. İndi isə başlayıb onlara bəraət qazandırmağa.

Olsun, bu da bir “irəliləyişdir”.

Digər tərəfdən isə böyük oxucu kütləsinə malik olan, nüfuzlu Azxeber.com saytını Aydın Əliyev bağlatdırmaq, onlardan qisas alaraq həbs etdirmək istəyir.

Hansı ki, o saytın jurnalistləri gecəli-gündüzlü dövlətimizi təbliğ edərək ölkəmizdə görülən böyük işləri bütün dünyaya çatdırırlar. Bəs niyə məhz onları Aydın Əliyev cəzalandırmaq istəyir? Çünki bu jurnalistləri də bəziləri kimi ələ alaraq Çin səfirliyinin yanında onlara 5 otaqlı ev ala bilməyib.


Aydın Əliyev və Vüsal Novruzovdan milyon işarəli yazılar yazmaq olar. Ancaq qoy bu generalları ilk növbədə cəmiyyət özü mühakimə etsin.

Onsuz da gec-tez keçmiş MTN generalları kimi onları da cəmiyyət muhakimə edəcək və bu gün həbs təhlükəsi ilə üzləşən jurnalistlər də generallara qarşı haqlı olduqlarını bir daha sübut edəcəklər.


P.S. Vaxtı ilə Akif Covdarovla yaxın dostluq əlaqəsində olan bir nəfər şəxs, Akif Covdarovun əli ilə iş adamlarına “stop” qoydurtdurub pullarını alırdı. Ancaq Akif Covdarov həbs olunandan sonra o heç dostunun yanına gedib “peredaça” belə aparmadı. İndi də həmin adam Vüsal Novruzovun “dostları” siyahısına transfer olunub. Vüsal Novruzov ona zəng edəndə o “bəli əziz qardaş” deyib cavab verir. Görəsən bu “əziz qardaşlıq” nə vaxtacan davam edəcək?! Cəmiyyət Vüsal Novruzovu da Akif Covdarov kimi mühakimə edənəcən?!

Lalə Akifqızı

365İNFO.ORG