“Formula-1”dən qalan beton sədlər nə zaman söküləcək?
09-may-2018Aprelin 27-29-u tarixlərində Bakı üçüncü dəfə “Formula-1″ Azərbaycan Qran-Prisinə ev sahibliyi etdi. Yarış günlərində Bakı bulvarında da həm yerli, həm də xarici izləyicilərin istirahətləri üçün əyləncəli proqramlar təşkil olundu. Eyni zamanda 3 gün ərzində hər axşam, yarışdan sonra “Crystal Hall”da xarici ulduzların konsertləri keçirildi
Rəsmi məlumata görə konserti və yarışı izləyənlərin sayı 94 min nəfər olub. İzləyicilərin və yarış ərəfəsində trek ətrafındakı yollardan istifadə edənlərin təhlükəsizliyini təmin etmək üçün yarışın qaydalarına uyğun olaraq Bakı küçələrində beton sədlər quruldu. Bu sədlərin qurulmasına hələ mart ayından başlanıldı və yarışa bir həftə qalmış tamamlanma işləri üçün trek boyunca avtomobillərin hərəkəti məhdudlaşdırıldı.
Yarışdan sonra yollarda hərəkət bərpa olunsa da, trek boyunca beton sədlər və qoruyucu dəmir torlar hələ də sökülməyib.
“İstiqlaliyyət” prospekti boyunca yalnız səkilərdəki torlar, elan lövhələri götürülüb. Lakin digər beton sədlər yerindədir. Bundan əlavə “Neftçilər” prospekti boyunca da vəziyyət eynidir. Burada da tribunalar, oturacaqlar, elan lövhələri sökülsə də, yol kənarındakı beton sədlərə toxunulmayıb.
Ötən həftə Bakı Şəhər Halqası məlumat yayaraq bildirmişdi ki, yarış məkanına aid bütün tikililər və küçələrin ətrafına quraşdırılmış avadanlıqlar Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şəxsi mülkiyyətindədir: “Bu əmlaka hər hansı bir şəkildə zərər vermək və ya ona sahib olmağa cəhd etmək qanununla qadağandır və buna əməl etməyənlər barəsində əlaqədar tədbirlər görüləcəkdir”.
İnsanlar narazılıqlarını bildirərək, beton sədlərin nə üçün indiyə qədər sökülmədiyini bildirirlər. Sosial şəbəkələrdə bəzi şəxslər yazırlar ki, beton sədlər növbəti yarışlara qədər saxlanılacaq. Bəs məsələ ilə bağlı təşkilatçılar nə deyirlər?
Bakı Şəhər Halqasından musavat.com-a bildirilib ki, söküntü işləri sürətlə aparılır və heç də növbəti ilə qədər beton sədlərin küçələrdə saxlanılması nəzərdə tutulmayıb:
“Beton sədlər may ayının sonuna qədər tamamilə söküləcək. Ümumiyyətlə, may ayından dövlət tədbirləri olduğu üçün çalışırıq ki, söküntü işlərini daha sürətlə aparaq. Hazırda da söküntü işləri davam etdirilir. Piyadaların və avtomobilin hərəkəti üçün maneə yoxdur. Ümumilikdə isə may ayının sonuna qədər bütün yarışla bağlı bütün tikililərin sökülməsi nəzərdə tutulub”.