''Səhiyyədə həbslərlə işbirliyinə son qoyulmur, firmalar əl dəyişir''
08-may-2018Dərman şirkətləri ilə əməkdaşlıq etmiş həkimlərdən izahat alınır
Baş Prokrorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində “Sanimed” və “Epidbiomed” əczaçılıq şirkətləri ilə işbirliyində olan həkimlərdən izahat alınıb. Şirkətlərdən götürülmüş sənədlərə əsasən, siyahıda özəl və dövlət klinikalarında çalışan 100-ə yaxın həkimin adı var.
İki şirkətdə axtarış aparılıb, saxlanılanlar var
Baş Prokurorluğun aprelin 30-da yaydığı məlumatda deyilirdi ki, “Sanimed” və “Epidbiomed” əczaçılıq şirkətləri saxta, mənşəyi məlum olmayan dərman vasitələri idxal etməklə məşğuldur. Hər iki şirkətdə axtarış aparılıb. Axtarış şirkətlərin inzibati binalarını, anbarları, aptekləri, yaşadıqları mənzilləri, qanunsuz dərman prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarını əhatə edib:
"Toplanmış materiallar əsasında 2018-ci il aprelin 27-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaq-əməliyyat tədbirləri həyata keçirilib".
Məlumatda deyilir ki, bu müəssisələrin vəzifəli şəxslərinin ölkəyə uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatları gətirdikləri də müəyyən edilib: "Aparılmış axtarışlar zamanı mənşəyi məlum olmayan və ya dövlət qeydiyyatından keçirilməmiş 38 min manat dəyərində 37 adda, 15385 qutu dərman preparatları aşkar edilib dövriyyədən çıxarılıb".
Məlumata görə, dərman vasitələrinin dövriyyəsini əks etdirən "qara mühasibatlıq" sənədləri, eləcə də "Epidbiomed" MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti aşkar olunub.
İlkin istintaq materialları ilə müəyyən edilib ki, "Sanimed" və "Epidbiomed" MMC-nin bir qrup vəzifəli şəxsləri əlbir olaraq daha çox gəlir əldə etmək üçün 2011-ci ildən ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələri idxal ediblər.
Faktla bağlı şirkət rəhbərləri saxlanılıb.
Həbslərin səbəbi nədir?
Səhiyyə Nazirliyinin adının Meydan TV-də getməsini istəməyən səlahiyyətlisi deyir ki, bu yoxlamaların, həbslərin səbəbi heç də işbirliyinin indi bəlli olması deyil:
“Həkim-firma işbirliyi uzun illərdir var. Bu həbslər həmin işbirliyinə son qoymaq gücündə deyil. Bu həbslərlə işbirliyinə son qoyulmur, firmalar əl dəyişir.
Həbs edilənlər mərhum nazir müavini Abbas Vəlibəyovun himayəsində olublar. Xüsusilə “Epidbiomed” MMC nazirliyin keçirdiyi tenderlərdə qalib olub. Bəllidir ki, Gigiyena və Epidemiologiya Mərkəzi, xəstəxanaların mətbəxlərinin dizenfeksiya sahəsi Vəlibəyovun kurasiyasında idi. Şirkət isə tenderdə qalib gələrək dövlət müəssisələri, bağça və məktəblərin dizenfeksiyası üçün dərmanlar gətirib. Gigiyena müəssisələrinin laboratoriyaları bu şirkətlər tərəfindən dərmanla təchiz edilib. Abbas Vəlibəyovun ölümündən sonra sahəyə nəzarət üstündə yaranmış mübahisə həbslərlə nəticələnib. Dövlət Gömrük Komitəsinin iki generalının işdən çıxarılması da nəzarətin başqa bir məmurun tabeliyinə keçməsinin nəticəsidir”.
Nazirlik əməkdaşı deyir ki, həmin şirkətlər illərdir ölkəyə peyvənd də daxil olmaqla müxtəlif adda yüzlərlə dərman gətiriblər: “Açıqlamada dərmanların saxta və mənşəyinin məlum olmadığı qeyd edilsə də, şirkətlərin gətirdiyi həmin dərmanlarla bağlı araşdırma və ya yoxlama aparılmır. Çünki bu, Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin fəaliyyəti ilə bağlı suallar yaradar, hətta indiyədək keyfiyyətsiz dərmanlara rəy verildiyi üçün mərkəz rəhbərliyi ən azı işdən çıxarıla bilər”.
Həkimlərdən izahat alınır
Nazirlik səlahiyyətlisi deyir ki, izahatı alınanlar arasında 26 saylı poliklinikada çalışan lor həkimi Yaşar Mahmudovun da adı var:
“Bu həkim eyni zamanda özəl klinikaların birində də işləyir. Uzun illərdir reklam olunur. Həkimin qəbuluna düşmək üçün 2-3 gün əvvəldən növbə tutmaq lazım gəlir”.
26 saylı poliklinikadan Meydan TV-yə deyiblər ki, Yaşar Mahmudov bu haqda danışmaq istəmir.
İzahatı alınmış həkimlərdən digərinin isə Fərəh Əlizadə olduğu deyilir.
O, “Oksigen” və “Euromed” klinikalarında ginekoloq-endokrinoloq kimi çalışır.
“Dərman firmaları xüsusilə reklam olunan həkimləri hədəf seçərək, əməkdaşlığa cəlb ediblər. Onların arasında ginekoloq, nevropotoloq, lor həkimləri çoxdur. Həkimlər, əsasən bioloji əlavələr yazmaqla firmalardan faiz götürüblər. Ən çox faiz alan həkimlər arasında Fərəh Əlizadənin də adı var. Reklam olunduğundan yanına gələn pasiyentlər də çoxdur və onlara lazım gəldi-gəlmədi firma dərmanları yazıb, faiz alıb” – mənbə vurğulayır.
F.Əlizadə isə Meydan TV-yə bu barədə danışmaq istəmədiyini deyib:
“Sizə verilən informasiya yanlışdır. Mən sizə hər hansı müsahibə vermək arzusunda deyiləm”.
Elsevər Ağayev açıqlama vermir
Adının açıqlanmasını istəməyən tibb üzrə ekspert isə Meydan TV-yə deyir ki, dərmanların keyfiyyəti ilə bağlı ittihamlar irəli sürülsə də, bu sahəyə nəzarət edən nazir muavini Elsəvər Ağayev heç bir açıqlama vermir:
“Bu da, onu deməyə əsas verir ki, yaxın qohumu Nazim İbrahimovun “vurulmasından” sonra, Elsevər Ağayevin də vəziyyəti pisdir. Ağayevin tezliklə işdən çıxarılacağı gözlənilir”. Nazirlik səlahiyyətlisi isə deyir ki, E.Ağayev ölkə kənarlarında dərman zavodları açıb, dərman mafiyasını himayə edir.
Nazirlik həkimlərin cəzalanacağını deyir
Firma-həkim işbirliyinin nəticəsində xəstə ölümü qeydə alınmasa, həkimlərin həbs olunacağı gözlənilmir. Ehtimal edilir ki, bu həkimlər cərimə ilə canlarını qurtara biləcəklər. Səhiyyə Nazirliyinin rəsmi açıqlamasına görə, həkimlər məsuliyyətə cəlb edilməsələr, nazirlik tərəfindən cərimə və ya işdən çıxarılma ilə cəzalandırılacaqlar.
“Nəzərə alaq ki, həmin həkimlərin əksəriyyəti özəl klinikalarda işləyir, özəl klinikalar isə daha çox xəstə cəlb etmək üçün belə həkimlərlə işləməyə maraqlıdırlar.
Apteklərlə bağlı ilin əvvəlində yeni tələblər təsdiqlənib. Həmin tələblərdə nəzərdə tutulur ki, bioloji əlavələr və firmalara məxsus yazılmış dərmanlar satılmasın. Yalnız dərman beynəlxalq patentləşdirilməmiş adı ilə yazılacaq. Dövlət xəstəxana və poliklinikalarının baş həkimlərinə isə firmaların içəri buraxılmaması üçün ciddi tapşırıqlar verilib. Xəstəxanalarda “firmaların girişi qadağandır” elanları yapışdırılıb. Bu arada həkimlər də imza toplama kampaniyasına başlayıblar. Onlar həkimlərlə bağlı tənqidi yazılar və aparılan kampaniyaya son qoyulmasını tələb edirlər” – nazirlik səlahiyyətlisi danışır.
Mübarizə qətiyyətlə davam etdiriləcək
"Saxtakarlıq heç kimə başucalığı gətirmir. Saxta dərman satışı ilə məşğul olmaq da ən böyük cinayətdir".
Bunu isə mayın 7-də jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov deyib.
Ə. Əhmədov bildirib ki, saxtakarlığa qarşı hər kəs mübarizə aparmalıdır:
"Bir neçə gün əvvəl saxta dərman satışı ilə məşğul olan qrup ifşa edildi. Belə hallara qarşı mübarizə qətiyyətlə davam etdiriləcək".