Yeni Nazir Söhrab Abbasovu “yola salır?”
27-apr-2018Bütün bunlar onu sübut edir ki, Söhrab Abbasov yarıtmaz idarəçiliyi ilə ETSN-nə uğurlar deyil, birbaşa uğursuzluqlar gətirən vəzifə sahiblərindəndir
Bu günədək sosial mediada daha çox ittiham olunan qurumlardan biri də ETSN idi ki, bu da adı çəkilən nazirliyə rəhbərlik edən şəxsin gələcək karyerasına ciddi təsir edirdi. Hər kəsə o da gün təki aydındır ki, sosial mediada adı çəkilən qurumla bağlı tənqidi informasiyalar yayılan kimi, nazirliyin bəzi əməkdaşları dərhal hərəkətə keçirdilər və həmin məlumatların ayrı-ayrı xəbər portallarından yığışdırılmasına da çalışırdılar. Yaşanan olaylarla bağlı silsilə tənqidi açıqlamaların dərcinə, məhz adı çəkilən qurumda hökm sürən “bezpredel” idarəçiliyin varlığı səbəb olurdu. Maraqlı hal o olurdu ki, tənqidi açıqlamalar dərc olunan kimi rəhbərlik vəziyyətdən çıxış yolu tapmağa çalışır və bəzi rayonların meşə təsərrüflarına rəhbərlik edən şəxsləri tez-tez daşıdıqları vəzifələrindən uzaqlaşdırırdı. Bu cür addımların atılmasına baxmayaraq, meşə təsərrüfatı sahəsində vəziyyət düzəlmirdi ki, düzəlmirdi. Buna səbəb sabiq rəhbərliyin yarıtmaz kadr siyasətinin varlığı oludu. Məsələn, xeyli müddət bundan əvvəl nazirlkdə ən böyük departamentlərdən olan--Meşələrin İnkişafı Departamentinin direktoru vəzifəsindən uzaqlaşdırıldı və həmin vəzifəyə Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Xəlil Ramazanov adlı şəxs təyin olundu. Belə bir təyinatın verilməsinə baxmayaraq, Xəlil Ramazanov da rəhbərliyin etimadını doğrulda bilmədi. Çox keçmədi ki, bir çox rayonların meşə təsərrüfatlarına rəhbərlik etmiş Söhrab Abbasov, ETSN Meşələrin inkişafı departamentinin direktor əvəzi, departamentin meşəbərpa və meşəsalma sektorunun müdiri vəzifəsinə irəli çəkildi.Adı çəkilən şəxsin belə bir starateji sahəyə təyinatı, sanki meşə zolaqlarının məhv edilməsinə “yaşıl işıq” da yandırdı. Çünki ötən müddət ərzində Söhrab Abbasov vəzifə səlahiyyətindən sui-istifadə etdi, yaxın təmasda olduğu və ixtisas profili heç bir halda uyğun gəlməyən bir çox dost-tanışlarını müəyyən vəzifələrə təyin etdirə bildi. Məsələn, Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin sabiq rəhbəri də, Söhrab Abbasovun təyin etdirdiyi kadrlardan biri idi. Baxmayaraq ki, adı çəkilən bu şəxs uzun müddət ərzində hüquq-mühafizə orqanlarında çalışmış, son vəzifəsi isə Quba RPŞ-də cinayət axtarış şöbəsinin rəisi vəzifəsi olmuşdu. Onu da bildirək ki, sonuncu vəzifəsini daşıdığı illər ərzində adı çəkilən bu şəxsin əsas işi-gücü odun satışı ilə məşğul olmaq olub. O halda sual oluna bilər ki, polisdə vəzifə daşımaq hara, meşə təsərrüfatına rəhbərlik etmək hara? Azerinfo.az-a daxil olan ilginc məlumatlara görə Əlövsət müəllimin Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyə təyinatının verilməsində, birbaşa Söhrab Abbasovun müstəsna xidmətləri olur.
Onu da vurğulamaq yerinə düşər ki, bu şəxs Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə rəhbərlik etdiyi müddət ərzində, heç də “bulanlıq sular” durulmur. Yəni çox keçmir ki, adı çəkilən rayonun meşə zolaqlarında elə bir “qətliamlar” həyata keçirilir ki, görüb eşidən sanki dəhşətə gəlir.
Ümumiyyətlə, Azerinfo.az saytı olaraq ötən müddət ərzində bir çox şəhər və rayonların, o cümlədən Zaqatalanın, Qəbələnin, Qubanın, Masallının, Balakənin, Qaxın, Astaranın, Qusarın, İsmayıllını, Tovuzun, Daşkəsənin, Goranboyun, Beyləqanın, Bərdənin, Şabranın, daha çox isə Oğuzun meşə təsərrüfatında yaşanan acınacaqlı durumun varlığı haqda silsilə tənqidi açıqlamalar dərc etmişik. Hətta elə hallar olub ki, dərc etdiyimiz açıqlamalar əsasında nazirliyə rəsmi məktublar ünvanlamışıq və qarşı tərəfdən rəsmi cavablar da əldə edə bilmişik. Məsələn, 30 oktyabr 2017-ci il tarixdə Nazirliyə ünvanladığımız məktuba Meşələrin inkişafı departamenti direktorunun imzası ilə təsdiq olunmuş 14/1445 saylı cavab məktubu verilmişdi və hətta bizim yazdıqlarımız verilmiş cavab məktubunda da təsdiq olunmuşdu. Həmin məktubda istər 2016-cı ildə, istərsə də 2017-ci ilin 9 ayı ərzində Oğuzun meşə zolaqlarına vurulmuş ziyana görə aktlaşdırılmış ziyanın məbləği, neçə nəfər əməkdaşla bağlı intizam tədbirinin seçilməsi, neçə nəfər barəsində cinayət işinin qaldırılması və s. açıq-aydın şəkildə qeyd olunmuşdu.
Təəssüf doğuran hal o olurdu ki, biz bir xəbər portalı olaraq belə bir problemləri daim qabardırdıq, baş verənlər haqda hər kəsi məlumatlandırmağa çalışırdıq, dərc etdiklərimizi nazirliyin rəsmi şəxsləri də təsdiqləyirdi, digər tərəfdən isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan bəzi vəzifə sahibləri bizi Azərbaycan Respublikası MPM-nin149-cu və 150-ci maddələrinin tələbləri əsasında, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə sürükləyirdi. Yazdıqlarımızı şər-böhtan adlandırmaqla bərabər, dərc olunanlara görə təkzib verilməsini, hətta məhkəmə heyyətindən bizdən 5 (beş) min manat məbləğində pulun tutularaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesab nömrəsinə köçürülməsi yöndə qərar çıxarması da xahiş olunurdu. Belə bir halların varlığı isə, artıq əndazənin aşılması demək idi.
Adicə bir faktı da vurğulayaq ki, ötən ilin son ayları ərzində sabiq Nazirə ünvanladığımız məktuba ETSN, Meşələrin inkişafı departamentində direktor əvəzi vəzifəni icra edən Söhrab Abbasov redaksiyamıza verdiyi 30 oktyabr 2017-ci il tarixli №14/1445 saylı cavab məktubunda qeyd etmişdi ki, “Sizin, Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin özbaşına qırılması ilə bağlı müraciətinizə cavab olaraq bildiririk ki, həqiqətən də son bir-iki ıl ərzində Oğuz MMBM-nin meşə zolaqlarında ağacların kəsilərək oğurlanması halları çoxalmışdır. Özbaşına qırıntılara görə mühafizə işçiləri tərəfindən cavabdehlərin üzərinə 2016-cı ildə 12968 manat, 2017-ci ilin 9 ayı ərzində 87876 manat ziyan hesablanaraq aktlaşdırılmış (protokollaşdırılmış) və barələrində qanunamüvafiq tədbiriər də görülmüşdür. 2016-cı ildə 10129 manat ziyan məbləğində 14 işə, 2017-ci ilin 9 ayı ərzində 52565 manat ziyan məbləğində 28 işə hüquqi qıymət verilməsi üçün, toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim olunmuşdur. 2016-cı ıldə 27 nəfər barəsində, 2017-ci ilin 9 ayı ərzində isə 35 nəfər meşə mühafizə işçisi barəsində intizam tənbehi tədbirləri görülmüşdür. 2016-cı ildə həmin şəxslərdən 22 nəfərinə, 2017-ci ilin 9 ayı ərzində isə 15 nəfərınə töhmət və şiddətli töhmət verilmişdir. 2016-cı ildə 5 nəfəri, 2017-ci ilin 9 ayı ərzində isə 20 nəfərı daşıdığı vəzifələrdən azad olunmuşlar.Onu da qeyd etmək vacibdir ki, carı ilin iyul ayında Nazırliyin əməkdaşları tərəfindən Oğuz MMBM-də meşələrin qorunması vəziyyəti kompleks yoxlanılmış və ciddi nöqsanlar da aşkar edilmişdir. Həmçinin həmin nöqsanlar hüquqi qaydada sənədləşdirilərək, təqsirkarların üzərinə 27776.83 manat ziyan hesablanmışdır. Araşdırmaların nəticəsinə görə 10 nəfər meşə mühafizə işçisi Meşələrin Inkişafı Departamentinin müvafiq əmrinə əsasən daşıdığı vəzifələrindən azad olunmuşlar ki, onlardan 3 nəfəri rəhbər şəxslərdir. Təqsirkarların əməllərinə hüquqi qiymət verilməsi və onların cəzalandırılması üçün, bütün sənədlər Baş Prokurorluğa göndərilmişdir”.
Bundan əlavə, sabiq Nazirə ünvanladığımız növbəti məktuba Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin inkişafı departamentində sektor müdiri vəzifəsini daşıyan A.Quliyev, 01 dekabr 2017-ci il tarixli №14/1602 saylı cavab məktubunda qeyd etmişdi ki, “sizin Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığınız müraciətə Meşələrin İnkişafı Departamentində baxılmışdır. Bildiririk ki, müraciətdə özbaşına (qanunsuz) qırıntılara yol verildiyi qeyd edilən təkcə Zaqatala, Qəbələ, Quba, Oğuz, Masallı, Balakən və Qax Meşə Mühafizəsi və Bərpası Müəssisələrindən başqa, cari ilin 10 ayı ərzində Astara, Qusar, İsmayıllı, Tovuz, Daşkəsən, Goranboy, Beyləqan, Bərdə, Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisələrində də, meşələrin qorunub mühafizə olunması, həmçinin digər meşə təsərrüfatı tədbirlərinin yerinə yetirilməsi vəziyyətləri, Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Araşdırmalar zamanı aşkar edilmiş meşəpozmalar qanunamüvafiq qaydada sənədləşdirilmiş, işlərində nöqsanlara yol vermiş təqsirkar mühafizə işçiləri barəsində ciddi intizam tədbirləri görülmüşdür.
Bundan əlavə, əksər hallarda tərtib olunmuş sənədlər mövcud qanunvericiliyə uyğun baxılıb günahkarların cəzalandırılması, həmçinin qanunsuz qırıntılara görə meşə fonduna dəymiş ziyanlıqların ödətdirilməsi üçün, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, polis şöbələrinə və məhkəmələrə göndərilmişdir. Eyni zamanda, 2017-ci ilin sonuna qədər qalan Meşə Mühafizəsi və Bərpası Müəssisələrində də meşələrin qorunub mühafizə olunması, həmçinin digər meşə təsərrüfatı tədbirlərinin yerinə yetirilməsi vəziyyətləri ilə bağlı araşdırmaların aparılması nəzərdə tutulmuşdur”.
Bəli, bütün bunlar Nazirliyin rəsmi vəzifə sahibi olan şəxsləri tərəfindən təsdiq olunmuş cavab məktublarında qeyd olunan hallardır. Maraqlıdır ki, bizim açıqlamalarımızdan sonra bir çox rayonların MMBM-də ciddi yoxlamalar aparıldı və yazdıqlarımızı ETSN, Meşələrin inkişafı departamentində direktor əvəzi vəzifəni icra edən cənab Söhrab Abbasovla bərabər, adı çəkilən departamentdə sektor müdiri vəzifəsini daşıyan A.Quliyev də təsdiq etdilər.Onu da vurğulamaq istəyirik ki, bizim yazdıqlarımız əsasında bir çox şəhər və rayonların meşə zolaqlarında ciddi yoxlamalar aparılır, neçə-neçə şəxslər rəhbər daşıdıqları vəzifələrindən uzaqlaşdırılır, amma ümumi işlərə cavabdehlik daşıyan Zöhrab Abbasov hələ də vəzifəsini icra etməkdə davam edir. O halda ortaya belə bir sual çıxır, necə olur ki, baş verənlərdən biz xəbər tuturuq və yaşananları daim ictimailəşdiririk, amma belə bir işlərə birbaşa cavabdehlik daşıyan Söhrab Abbasov, guya baş verənlərdən xəbərdar olmur? Deməli, bu cür yanaşma heç də inandırıcı hal deyil. Məhz ona görə ki, adı çəkilən şəxs vaxtilə Qubanın meşə təsərrüfatına rəhbərlik edən zaman çoxsaylı qırıntılara yol verdiyindən, çox keçmir ki, o, daşıdığı vəzifəsindən uzaqlaşdırılır. Bu haqda rayon sakinləri iddia edirlər. Belə bir əməl sahibi olan Söhrab Abbasov, bu gün belə bir strateji sahəyə rəhbərlik edir və hər zaman da məsuliyyətdən kənarda qalmağı bacarır. Söhrab Abbasovun idarəçiliyi ilə bağlı bu günədək dövrü mətbuatda dərc olunan silsilə tənqidi açıqlamaların işıq üzü görməsi onu sübut edir ki, ETSN, Meşələrin inkişafı departamentində direktor əvəzi vəzifəni icra edən bu şəxs, daşıdığı vəzifəsinə yiyələndikdən sonra, sanki respublikamızın meşə təsərrüfatlarında “yaşıl soyqrım” a məqsədi şəkildə rəvac verildi. Diqqəti cəlb edən hal o oldu ki, adı çəkilən şəxs vəzifəsinin icraasına başladıqdan az sonra, bu sahədə əmələ gələn problemləri aradan qaldırmaq, müəyyən uğurlara imza atmaq əvəzinə, meşə təsərrüfatı sahəsində iş təcrübəsi olmayan, ixtisas profili heç bir halda uyğun gəlməyən və özünə yaxın bildiyi neçə-neçə şəxslərin irəli çəkilməsinə imkanlar yaratdı. Atılan addımlar da bənzəri olmayan faciələrin əmələ gəlməsi ilə nəticələndi.
Bütün bunlar onu sübut edir ki, Söhrab Abbasov yarıtmaz idarəçiliyi ilə ETSN-nə uğurlar deyil, birbaşa uğursuzluqlar gətirən vəzifə sahiblərindəndir. Bəli, Söhrab Abbasov daşıdığı vəzifəsinin icraasına başladıqdan sönra, respublikamızın şəhər və rayonlarının meşə təsərrüfatı sahələrində bənzəri olmayan faciələrə, yəni kütləvi qırıntılara yol verildi ki, bu da adı çəkilən şəxsin fəaliyyətsizliyini təsdiq edən hallar olur. Çünki, reaksiyamıza daxil olan məlumatlar əsasında biz açıqlamalar dərc edirik və Nazirliyə göndərdiyimiz rəsmi məktublara adı çəkilən qurumda səlahiyyət sahibi olanlar, qeyd etdiyimiz faktları təsdiq edərək cavablar verirlər. Atılan addımlar, verilən cavablar və s. tam şəkildə təsdiq edir ki, Söhrab üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirmir və açıq—aşkar şəkildə ekologiyamıza qənim kəsilir. Belə bir addımları atmaqda əsas məqsədimiz, meşə təsərrüfatı sahələrində bəzi vəzifəli şəxslərin günahı ucbatından qol qoyulan qanunsuzluqların qarşısının alınmasına dəstək verməkdir.
Bu gün həm ETSN-də, həm də MMBM-də vəzifə sahibi olan bir çox şəxslər, bizim bu cür yanaşmamızı heç cür qəbul etmir və onların nöqsanlı fəaliyyətləri ilə bağlı tənqidi açıqlamalar dərc etdikdə isə, teztələsik adının çəkilməsini istəmədiyimiz dövlət qurumlarında çalışan vəzifə sahiblərinin (yaxınlarının, qohumlarının, bağlı olduqları bəzi şəxslərin və s.) vasitəsilə bizə təzyiqlər edirlər, dolayısı yollarla hədələməkdən də çəkinmirlər. Təəssüf doğuran hal odur ki, həmin qurumlarda vəzifə sahibi olan şəxslər öz işləri ilə məşğul olmaq əvəzinə, özlərinə aid olmayan işlərlə məşğul olurlar. Biz belə bir təzyiqlərin varlığına baxmayaraq, biz haqlı mübarizə yolumuzdan çəkinməmişik, bundan sonra da çəkinməyəcəyik. Çünki, biz ölkə rəhbəri cənab İlham Əliyevin ekoloji problemlərin aradan qaldırılması istiqamətində atdığı addımlara dəstək vermək niyyətindəyik. Inaniriq ki, əvvəlki rəhbərlikdən fərqli olaraq bugünkü ETSN cənab Muxtar Babayev bu kimi məsələlərə olduqca diqqət yetirəcək və ekologiyamıza qənim kəsilən Söhrab Abbasovla bağlı lazımi addımlarını da atacaq.
Onu da vurğulayaq ki, bu cür qanunszluqlar təkcə Meşələrin İnkişafı Departamentin məsul olduğu sahədə deyil, eyni zamanda Xalıqverdi müəllimin rəhbərlik etdiyi Ətraf Mühitin İnkişafı Departamentin məsul olduğu sahələrdə də “pik nöqtə”yə çatıb. Bir anlığa fikir verək ki, bölgələrdə, o cümlədən Neftçalada, Astarada, Yevlaxda, Tərtərdə, Qubada, hətta paytaxt Bakı şəhərinin müxtəlif ərazilərində yaşıllıqlar məhv edilir, natəmizliklər baş alıb gedir və çoxsaylı hoqqalara qol qoyulur? Daha çox tikinti sahəsi ilə məşğul olan işbazlar gecə saatlarında təqribən 30-70 illik ağacları kökündən çıxarıb izini-tozunu belə yer üzündən silirlər. Bütün bunlar adı çəkilən departament əməkdaşlarının razılığı ilə həyata keçirilir ki, bu da şəhərimizdə ciddi ekoloji problemlərin əmələ gəlməsinə səbəb olur. Baxmayaraq ki, baş verənlərlə bağlı dəfələrlə adı çəkilən Nazirliyin rəhbərliyinə məktubla müraciət etmişik, baş verənlərin araşdırılmasını xahiş etmişik, amma hər dəfə də bizə başdansovdu cavablar verilib. Onu da unutmaq olmaz ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu illər ərzində həmişə ekologiya sahəsinə diqqətlə yanaşardı və bu sahədə əmələ gələn problemlərin aradan qaldırılması yöndə lazımi tapşırıqlarını da verərdi. Hətta o, hakimiyyətdə olduğu müddətdə “Bir ağacın kəsilməsi, sanki bir qolumun kəsilməsidir” deməklə, ətraf mühitlə bağlı bu cür yanaşmasını ortaya qoymuşdu. Bəs bu gün nələr baş verir, yaşıllıqlar lazımınca qorunurmu? Əsla yox! Çünki, ETSN-də vəzifə sahibi olan bu şəxslərin “kəsişən maraqlar”ı, onları bu cür addımlar atmağa vadar edir. Bu günə kimi nələr baş veribsə, nələr yaşanıbsa atılan hər bir addımın kökündə yarıtmaz kadr təyinatlarının varlığı əsas səbəb olub. Ona görə də inanırıq ki, cənab Muxtar Babayev bu sahələrə diqqətlə yanaşacaq və zamanın tələbinə uyğun addımlarını da atacaq.
P.S. Yaxın zamanda ağacların qırılması və ətraf mühitin çirklənməsi ilə bağlı videosujetləri təqdim edəcəyik...Bizi izləyin