Bu gün:
Xezer.info » Eksklüziv » Səlim Müslümovun VEMTAS maxinasiyası... - İTTİHAM

Səlim Müslümovun VEMTAS maxinasiyası... - İTTİHAM


Səlim Müslümovun VEMTAS maxinasiyası... - İTTİHAM
Səlim Müslümov nazir olan kimi başladı pafoslu bəyanatlarıyla hamını aldatmağa ki, bəs ünvanlı dövlət sosial yardım sistemində rüşvəti, məmur-vətəndaş əlaqəsini aradan qaldırmaq üçün bu sahədə elektronlaşdırma aparılacaq. Bu vədlə nə az, nə çox düz 3 il manipulyasiya elədi. Bununla özünün qurduğu korrupsiya şəbəkəsini hamının diqqətindən yayındırmağa nail oldu. Elektronlaşdırmadan tez-tez ona görə danışdı ki, qoy heç kim deməsin ki, axı sən nazir olduqdan sonra da bu sistemdən rüşvət kəsilmir, əksinə daha da artıb, hamı fikirləşsin ki, elektronlaşdırmadan sonra aradan qalxacaq. Hamının başını elektronlaşma ilə qatdığı dövrdə bu sistemdə rüşvət və korrupsiya özünün pik həddinə çatdı. Əlbəttə ki, elektronlaşdırma məqsədli olaraq ortaya atılmışdı. Nəhayət, 2016-cı ilin mart ayında ünvanlı sosial yardım sistemində VEMTAS deyilən elektron müraciət sistemi ortaya çıxdı. Yenə Səlim Müslümov pafosundan qalmayaraq, bildirdi ki, artıq ünvanlı sosial yardımın təyinatında heç bir subyektiv amil yoxdur. O sistemdən xəbəri olanlar isə bilir ki, bu heç də belə deyil, VEMTAS robot deyil, onu da Nazirlikdə oturanlar idarə edir, istədikləri adama asanlıqla yardım təyin edə bilirlər.

DİA.AZ-ın xəbərinə görə, ən dəhşətli cəhət isə ondan ibarətdir ki, 2016-cı ilin mart ayından ötən dövr ərzində bu sehrli VEMTAS sistemi ilə ünvanlı sosial yardım təyin olunan ailələrin biri də aztəminatlı ailə deyil. Həmin ailələr birmənalı olaraq ünvanı yardıma yaxın düşə bilmirlər. Bir şey ki, I və II qrup əlil ailələri belə onu əldə edə bilmir, o halda sual yaranır onda bəs ünvanlı sosial yardım kimlər üçün nəzərdə tutulub? Budur Səlim Müslümovun “misilsiz xidmətinin” nəticəsi. Səlim Müslümovun ünvanlı sosial yardımın qaydalarına elətdirdiyi dəyişikliklərdən sonara vəziyyətin belə olması gözlənilən idi. İndi nə baş verir?

3 il pafosla təbliğatı aparılan VEMTAS sisteminin yararsızlığı üzə çıxıb. Heç bir aztəminatlı ailə artıq yardım ala bilmir. Yardım təyin olunanlar yalnız iş yerləri və normal gəlirləri olanlardır. Səlim Müslümov bu rüsvayçılığı bilmir necə gizlətsin. İndi yenidən rayonlarda işləyən işçiləri yardım almaq üçün müraciət edənlərin evlərinə göndərirlər ki,

gedin onların maddi məişət şəraitini yoxlayın. VEMTAS-la məmur-vətəndaş əlaqəsini kəsəcəyinə söz verən və bunu pafosla təqdim edib hamını aldadan Səlim Müslümov dediklərinə əməlində xilaf çıxıb. Məmuru vətəndaşın evinə göndərir ki, get rahat evində danış, gör neçə ayın yardımını ala bilirsən, ala bilmədiklərinə isə imtina verək. Baxın, ünvanlı sosial yardım sistemində mövcud reallıq bundan ibarətdir.

Deyirlər, utanmasan oynamağa nə var ki. Bir nazir məsuliyyətdən kənar qalacağına nə qədər əmin olmalıdır ki, 3 il hamının üzünə qırmızı-qırmızı pafosla desin ki, elektronlaşmadan sonra məmur-vətəndaş əlaqəsi kəsiləcək, sonra da bunun tam əksini ortaya çıxarsın.

Qeyd edilən vəziyyətin doğurduğu fəsadlar nədən ibarətdir? İlk növbədə ünvanlı sosial yardımın ünvanlılıq, ədalətlilik və bərabərlik prinsipləri tam olaraq aradan qalxıb. Sosial yardıma həqiqi ehtiyacı olanlar onu ala bilmədiyindən bu sosial narazılığın hədsiz artmasına gətirib çıxarıb. Bu isə vətəndaşlarda dövlətin sosial siyasətinin ədalətli olmasına inamın sarsılmasına səbəb olub. Təsadüfi deyil ki, bu sahədə hər şeydən əli üzülənlər vaxtaşırı Nazirliyin qarşısında toplaşaraq etirazlarını bildirirlər.

Biz mövcud vəziyyəti qeyd etdik. Səlim Müslümovun bu əməlləri ilə xalqla hakimiyyət arasında uçurum yaratmaqla kimlərə və haralara xidmət etdiyini araşdırmaq vəzifəsi aidiyyatı orqanların, bu barədə Cənab Prezidentə məlumat vermək isə aidiyyatı şəxslərin üzərinə düşür.

Sahib Əliyev
DİA.AZ