İcra məmuru şəhid ailəsindən pul tələb edir
26-apr-2018Şəki şəhəri, Salman Mümtaz küçəsi ev 3/3-də yaşayan şəhid qardaşı İsmayılov Elşən Etibar oğlu tərəfindən Prezident İlham Əliyev və I vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla, bir sıra dövlət qurumlarının rəhbərlərinə, o cümlədən ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlanıb.
Bir nüsxəsi də "AzPolitika.info”ya göndərilən müraciətdə Elşən İsmayılov "Şəki Məhkəmə İcra Şöbəsinin icra məmuru Məmmədov Məmməd Əhməd oğlunun"qanunazidd hərəkətlərindən” şikayətlənir.
O, "Bank of Baku”nun Şəki filialından 25 000 dollar kredit götürdüyünü, vaxtı-vaxtında ödənişləri həyata keçirdiyini bildirir: "Son devalvasiyadan sonra ödəmələrdə problem yaranmışdır. Amma bankın 11 000 dollarını ödəmişdim. 2017-də iqtisadi vəziyyətimə görə ödəniş etmədim və bank məni məhkəməyə cəlb etdi. Hazırda qətnamə icra edilməsi üçün Şəki Məhkəmə İcra Şöbəsində icra məmuru Məmmədov Məmməd Əhməd oğlunun icraatındadır. O mənə bank borcunun tam ödənilməsi barədə xəbərdarlıq etdi. Mən bank rəhbərliyilə bu məsləni bağlamaq üçün danışıqlar apardım. Mənim şəhid ailəsi olduğumu, öhdəmdə iki azyaşlının və şəhid anasının olmasını nəzərə alaraq, razılaşdılar ki, 25000 manat da pul nağd formada ödəsəm, krediti tam bağlayarlar. Əldə olunan razılaşma əsasında mən məcbur olub 40 000 manat dəyəri olan evimi 25000 manata təcili satdım ki, bankın borcunu ödəyim”.
Elşən İsmayılovun yazdığına görə, bankla borc məsləsində razılığa gəlsə də, icra məmuru Məmməd Məmmədov ona təzyiq edir: "Deyir ki, sənin banka borcunu bağlamağın bizi qəti maraqlandırmır. İstənilən halda bizə çatası 7%-i , yəni, 1750 dollar pulu gətirməlisən ki, biz də işi bağlayaq. Yoxsa səni ciddi cəzalandıracam”.
Elşən İsmayılov iddia edir ki, Şəki Məhkəmə İcra Şöbəsinin icra məmurlarınınr təzyiqlərinə dözməyərək intihar etmək istəyib. Ancaq yaxınları onu bu fikrindən daşındırıb.
Onun sözlərinə görə, Şəkidə Məhkəmə İcra Şöbəsinin icra məmurlarının fəaliyyətindən böyük narazılıq var. Qanunzuz olsa belə icra məmurlarının bəzi şəxslərin şəxsiyyət vəsiqələrini əlindən alaraq, geri vermədiklərini iddia edir, konkret adlar çəkir : "Yəni, Şəki İcra Şöbəsində mənim və digərlərinin başına gətirilən müsibətləri görəndə adam Ermənistanda əsirlikdə olan soydaşlarımızın gününə şükür edir. Şəki İcra Şöbəsi niyə məhz "yağlı-pul çıxan” işlərin üstünə düşür? Seyflərində illərlə yığılıb alan 1500 ədəd icra olunmamış məhkəmə qətnamələri var. Getsinlər icra etsinlər”.
Elşən İsmayılov sonda Şəki Məhkəmə İcra Şöbəsinin icra məmurları barəsində tədbir görülməsini xahiş edir: "Hörmətli Prezidentimizdən, nazirimiz Fikrət müəllimdən xahiş edirəm ki, Şəki İcra şöbəsində sadə vətəndaşlara qarşı tətbiq edilən aqressiv yanaşmalara son qoyulmasına köməklik etsinlər. Həmçinin, Bankla razılaşıb kreditimi tam həcmdə ödədiyimi, şəhid ailəsi olduğumu nəzərə alaraq, məndən əsassız olaraq 1750 dollar tutulmasını tələb edən icra məmuru Məmməd Məmmədovun hərəkətlərinə hüquqi qiymətin verilməsi barədə göstəriş vermənizi xahiş edirəm”.
Elşən İsmayılovun iddiaları ilə bağlı Şəki Məhkəmə İcra Şöbəsinin və icra məmuru Məmməd Məmmədovun da mövqeyini işıqlandırmağa hazırıq.