Bu gün:
Xezer.info » Cəmiyyət » Nərimanov rayonunda şəhid Sənan Axundovun xatirəsinə həsr edilmiş şahmat üzrə rayon turniri keçirilib.

Nərimanov rayonunda şəhid Sənan Axundovun xatirəsinə həsr edilmiş şahmat üzrə rayon turniri keçirilib.


Nərimanov rayonunda şəhid Sənan Axundovun xatirəsinə həsr edilmiş şahmat üzrə rayon turniri keçirilib.
Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 17 aprel 2018-ci il tarixində “İstək” liseyin idman zalında şəhid Sənan Axundovun xatirəsinə həsr edilmiş məktəblilər arasında şahmat üzrə Nərimanov rayon turniri keçirilib.

Yarışın keçirilməsində məqsəd aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun xatirəsini yad etmək, məktəbliləri şahmat idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.

Turnirin açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Beynəlxalq “İstək” Liseyin layihə rəhbəri, Nərimanov rayon filialının direktoru Samir Həsənov, Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyatçı Baş Leytenantı Kamil Musavi, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Abdulov çıxış edərək ilk öncə torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman, Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, qeyd etmişlər ki, ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. İdmançılarımız beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər.

Qeyd edək ki, Axundov Sənan Tahir oğlu Füzuli şəhərində anadan olmuşdur. 1996-ci ildə Bakı şəhəri 144 nömrəli tam orta məktəbi bitirmişdir. Həmin il Bakı Ali Hərbi Akademiyaya daxil olmuş və 2001-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. Həmin ildən etibarən Azərbaycan Respublikasının Silahlı Güvvələrində kəşfiyyatçı olaraq çalışmağa başlamışdır. Belə ki, məzun olduqdan sonra ilk təyinatını Aqstafa şəhərində yerləşən “N” saylı hərbi hissəsinə kəşfiyyatçı olaraq almış və burada 3 il çalışmışdır. Savad və geniş potensiala malik olduğuna görə Müdafiə Nazirliyində Baş Kəşfiyyat İdarəsində bölmə rəisi vəzifəsinə təyin edilmişdir. Baş Kəşfiyyat İdarəsində çalışdığı dövrdə peşəkar işi və səriştəsini nümayiş etdirərək düşmənin 20-dən artıq obyektinin aşkar edilməsinə səbəbkar olmuş, Qarabağ ərazilərində yerləşən işğalçıların hərbi obyektlərinin mükəmməl olaraq kartoqrafik sxemlərini işləmişdir. Baş Kəşfiyyat İdarəsində kapitan rütbəsindən polkovnik-leytenant rütbəsinə qədər yüksəlmişdir. 2008-ci ildə Almaniya Federativ Respublikasında Almaniya Silahlı Güvvələrinin Hərbi Akademiyasını bitirmişdir (əyani, alman dilində). 2012-ci ildə, 2013-cü ildə , 2015-ci ildə Almaniya Silahlı Qüvvələrinini keçirtdiyi Kəşfiyyatçıların müxtəlif təlimlərində və görüşlərində iştirak etmiş, hər iki dövlətin bu sahədə əməkdaşlığına köməklik etmişdir.

Hərbi fəaliyyəti zamanı “Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə”, “Qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində, döyüş hazırlıqlarının yüksəldilməsində, hərbi nizam-intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə” Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Fəxri Fərmanlarla təltif edilmişdir. Hərbi xidməti zamanı 5 hərbi medalla təltif olunmuşdur-onlardan üçü “Qüsursuz hərbi xidmətə görə” medalıdır.

37 yaşlı, iki azyaşlı övlad atası, dövlətə və azərbaycançılığa sadiq, vətənini və Qarabağ torpaqlarını öz canı qədər sevən, tapşırılan işlərə öz ciddiliyi və məsuliyyəti ilə yanaşan, Müdafiə Nazirliyində böyük hörmətə malik olan polkovnik –leytenant Axundov Sənan 2016-cı ildə aprel hadisələri zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək arzusu ilə könüllü olaraq Müdafiə Nazirliyinin rəhbərliyinə dəfələrlə raportla müraciət etmiş və cəbhədə yerləşən N hərbi hissəsinə Kəşfiyyat İdarə Rəisi vəzifəsinə təyin olunaraq, peşəkar və ixtisaslı kadr kimi Vətəninə xidmət etmək üçün cəbhəyə yollanmışdır.

Aprelin 18-i Axundov Sənan Azərbaycan Respublikasının suverenliyi, azadlığı, ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində Lələtəpə yüksəkliyində vəzifə səlayihətlərini yerinə yetirərkən, tabeliyində olan zabitin, polkovnik-leytenantın minaya düşməsinin şahidi olmuş və onu xilas edərkən ŞƏHİD olmuşdur.

Olimpiya sistemi üzrə keçirilən turnirdə rayonun 26 məktəb komandası tərkibində 78 nəfər məktəbli iştirak edib.

Yarışda I yeri 212 saylı tam orta məktəbin komandası, II yeri Məktəb-Lisey Kompleksin komandası və III yeri isə 177 saylı tam orta məktəbin komandası qazanmışdır.