Bu gün:
Xezer.info » Cəmiyyət » Yeni nazir “kəndlinin yanında olacam” dedisə...

Yeni nazir “kəndlinin yanında olacam” dedisə...


Yeni nazir “kəndlinin yanında olacam” dedisə...
İnam Kərimovun 3-lü düsturu aqrar sektoru ayağa qaldıra biləcəkmi...
Hökumətin tərkibindəki yeniliklər cəmiyyətdə böyük rezonansa səbəb olub. İlk dəfədir ki, seçkilərdən sonra hökumət sıralarında bu qədər çoxsaylı dəyişikliklər baş verir.

Qeyd edək ki, rəhbər dəyişikliyi qeydə alınan bir sıra sahələrdə yeniliklərin olması günün zərurətinə çevrilmişdi. Buraya ilk növbədə kənd təsərrüfatı sahəsini aid etmək olar. Sürətlə postneft dövrünə gedən Azərbaycanda neftdənkənar sahələrin inkişaf etdirilməsi, faktiki olaraq, ölkənin taleyi baxımından həyati əhəmiyyət kəsb edir. Qeyri-neft sahəsinin inkişafını isə aqrar sektorsuz təsəvvür etmək mümkün deyil. Buna görə də son illərdə bu sahəyə birbaşa dövlət rəhbərliyi səviyyəsində diqqət qat-qat artırılıb.

Bu gün dövlət kənd təsərrüfatı istehsalını artırmaq üçün istehsalçılara çoxşaxəli dəstək verir: həm toxum, həm gübrə, həm texnika, həm də motor yağları güzəştli satılır, əkilən sahələrə, götürülən məhsula görə subsidiyalar verilir. Dövlətin dəstəyi bununla da bitmir, hazır məhsulun ixracı üçün ixrac təşviqi də ödənilir. Bundan əlavə, ixrac bazarlarının tapılması, istehsal və ixracda yeni innovativ metodların öyrənilməsi sahəsində fermerlərə pulsuz məsləhət xidməti göstərilir. Aqrar sektorda inkişafa aparacaq hər təşəbbüs ölkə rəhbərliyi tərəfindən dəstəklənir. Yəni kənd təsərrüfatını irəli aparmaq üçün kompleks mexanizmlər tətbiq olunur. Bütün bu dəstək tədbirlərinin təyinat ünvanına - istehsalçı-fermerlərə çatdırılması bu mexanizmin ən zəif həlqəsidir desək, yanılmarıq. Heydər Əsədov nazir təyin olunarkən ondan ən böyük gözlənti məhz bu həlqənin düzgün işləməsinin təmin olunması idi. Daha bir gözlənti kənd təsərrüfatı istehsalında innovativ texnologiyaların tətbiqi, bu sahədə daha müasir metodlara keçidlə bağlı idi. Lakin bu gözləntilərin heç biri doğrulmadı: köhnə fəaliyyətlərin yeni komanda tərəfindən icrası baş verdi. Üstəlik, H.Əsədovun komandası ölkədə heyvandarlığa böyük zərbə vurdu.

Bütün bunlar ölkə rəhbərliyinin etimadının çox yüksək olduğu İnam Kərimovu aqrar sektorun başına gətirməsinə səbəb oldu. Aqrar sektorda mövcud vəziyyət İ.Kərimovun üzərinə çox böyük bir məsuliyyətin qoyulması deməkdir: nazirlik strukturlarını başdan-ayağa sarmış neqativliklərin qarşısını almaq, fəaliyyətdə şəffaflığı təmin etmək, eyni zamanda ölkənin torpaq və su ehtiyatları üzrə potensialından səmərəli istifadəni təmin edəcək innovativ texnologiya və metodların tətbiqinə nail olmaq kifayət qədər gərgin iş, böyük zəhmət tələb edir. Hesab etmək olar ki, İ.Kərimov bu yükün məsuliyyətini indidən görür. Belə ki, o, kollektivə təqdim olunma mərasimində nazir kimi fəaliyyət istiqamətlərini necə gördüyünü açıqlayıb: “Əsas işimiz, əsas fəaliyyət prinsipimiz 3 istiqamətdə olacaqdır. Bunlardan birincisi, kəndli və fermerlərlə daha yaxın olmaq, onların qayğısını daha yaxından hiss etmək, yanlarında daim olmaq. İkinci istiqamət, düzgün və səmərəli idarəçilik, şəffaflığın təmin edilməsi, hesabatlılıq, neqativ hallara qarşı mübarizə. Ən böyük fəaliyyət isə kənd təsərrüfatının inkişafında innovasiyaları tətbiq etmək və innovativ kənd təsərrüfatına nail olmaqdır”.

Əgər yeni nazir bu qeyd etdiklərinə nail olacaqsa, bu, kənd təsərrüfatının timsalında Azərbaycanın qeyri-neft sektorunun inkişafında tamamilə yeni və mütərəqqi bir mərhələnin başlanması demək olacaq. Bu, eyni zamanda kənd təsərrüfatına dövlət dəstəyi sistemində uzun illərdən bəri kök salmış korrupsiya mexanizmlərinin aradan qaldırılmasına, yəni dövlətin xərclədiyi vəsaitlərin ünvanına çatmasının təmin olunmasına gətirib çıxaracaq.

Onu da qeyd edək ki, bu günlərdə dövlətin dəstək verdiyi kənd təsərrüfatı məhsullarının ixracı sahəsində müsbət dəyişikliklərə səbəb olacaq bir addım da diqqəti cəlb edir. Bunlardan birincisi, prezident tərəfindən aprelin 20-də imzalanan “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamdır. Sərəncama əsasən, bir sıra idxal-ixrac əməliyyatları üzrə nəzarəti Dövlət Gömrük Komitəsi təkbaşına deyil, Vergilər Nazirliyi ilə birgə həyata keçirəcək. Bu əməliyyatların siyahısı və mexanizmi bir ay müddətində hazırlanacaq. Ehtimal olunur ki, siyahıda əsasən qeyri-neft məhsullarının idxal-ixracı prosedurları əksini tapacaq. Bu isə son zamanlar bu prosedurlarla bağlı sahibkarlar arasında yaranan narazılıqların ölkə rəhbərliyinin diqqətində olmasını göstərir.

Baş verənlər həm də onu deməyə əsas verir ki, ölkə rəhbərliyi aqrar sektorun inkişafı üçün zəruri olan bütün dəstəyi verməklə yanaşı, bu sahənin dirçəlməsinə yaradılan maneələri də aradan qaldırmaqda israrlıdır.

TURQUT,
“Yeni Müsavat”