Bu gün:
Xezer.info » Sosial » Bayılda görülən işlərlə bağlı Nazirlər Kabinetinə hesabat veriləcək

Bayılda görülən işlərlə bağlı Nazirlər Kabinetinə hesabat veriləcək


Bayılda görülən işlərlə bağlı Nazirlər Kabinetinə hesabat veriləcək
“Bayıl sürüşmə yamacında müşahidələrin aparılması iyun ayında yekunlaşa bilər”

Bunu AzVision.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Qurum rəsmisi bildirib ki, ərazidə aparılan işlərlə bağlı iyun ayında yekun hesabat Nazirlər Kabinetinə təqdim ediləcək: “Son bir aydan çoxdur ki, orada mayaklar quraşdırılıb, hər gün, bəzən günaşırı müşahidələr aparılır. Sürümə yamacında quraşdırılan reperlərə peyk vasitəsilə baxılır, mayaklarda da vizual baxışlar keçirilir. Aparılan müşahidələrə əsasən, ərazidə vəziyyət stabildir və heç bir dəyişiklik yoxdur. Aprel ayının əvvəlində həmin ərazidə buruq qazma işləri aparılıb. Oradan götürülən suxur nümunələrini texniki, mexaniki xüsusiyyətlərini öyrənmək üçün nazirliyin mərkəzi laboratoriyasına vermişik. Cavabını gözləyirik. Bundan əlavə aparılan işlərə uyğun olaraq sürüşmə ərazisinin topoqrafik xəritəsi hazırlanıb”.

Ə.Qaralov bildirib ki, sürüşmə yamacında stabillik davam edənə qədər müşahidələr aparılacaq: “Ola bilsin ki, proses avqusta qədər davam etdi. Bəlkə də işlərimizi iyun ayında bitirdik. O zaman artıq biz sürüşmə kütləsinin ağırlıq qüvvəsi, nə qədər ərazini əhatə etməsi, sürüşmə müstəvisinin dərinliyini hesabat şəklində hazırlayıb, Nazirlər Kabinetinə təqdim edəcəyik”.

Qeyd edək ki, Bayıl sürüşmə yamacında evləri dağılan və qismən dağılan 6 nəfər kompensasiya verilib. 98 ailə isə evlərindən çıxarılıb və onlara 11 aylıq kirayə pulu ödənilib.