Bu gün:
Xezer.info » Eksklüziv » Hansı nazirlər işdən çıxarılacaq? – İlham Əliyev yeni hökümət qurur…

Hansı nazirlər işdən çıxarılacaq? – İlham Əliyev yeni hökümət qurur…


Hansı nazirlər işdən çıxarılacaq? – İlham Əliyev yeni hökümət qurur…
Prezident seçkilərindən sonra hökümətdə ciddi struktur və kadr dəyişikliklərinin ediləcəyi gözlənilir.

GunAz.org-a daxil olan məlumata görə, Prezident İlham Əliyev korrupsiya, rüşvət, qeyri-peşəkarlıq və dərin ictimai inamsızlıq mühitinin hökm sürdüyü sahələrdə əsaslı dönüş yaratmaq istəyir. Bunun üçün isə müvafiq sahələrə nəzarət edən dövlət qurumlarının rəhbərlərinin yeni kadrlarla əvəz olunması nəzərdə tutulub.

İstər yerli, istərsə də əcnəbi ekspertlər Azərbaycanda 2018-ci il aprelin 11-nə təyin olunan növbədənkənar prezident seçkilərindən sonra hökumətin tərkibində ciddi dəyişikliklərinin olacağını proqnozlaşdırırlar. Artıq prezidentliyə namizədlərin əksəriyyətinin çıxışlarında höküməti tənqid etməsi gözlənilən dəyişiliklərin reallaşacağından xəbər verir. Baş nazir Artur Rasizadənin rəhbərlik etdiyi Nazirlər Kabinetini “Qocalar evi” adlandıran prezidentliyə namizəd Hafiz Hacıyev və başqa namizədlər iqtisadiyyatda canlanma yaratmaq üçün kadr dəyişikliklərinin zəruri olduğunu bildirirlər. Həmçinin, hakim Yeni Azərbaycan Partiyasının fünksionerləri də zaman-zaman gözlənilən dəyişikliklərlə bağlı anonslar ediblər.

Prezident seçkilərinin nəticələri şübhə doğurmadığından, indi istər hakimiyyət dəhlizlərində, istərsə də ictimai rəydə aparıcı mövzu seçkidən sonra hakim komandada gözlənilən dəyişikliklərdir. Kimlərin qalacağı, kimlərin gedəcəyinə, əlbəttə, Prezident qərar verəcək. Bu barədə qəti fikir bildirmək mümkün deyil. Lakin keçmişin və bu günün təhlili, qarşıya qoyulan yeni hədəflər, yeni çağırışlar əsasında müəyyən proqnozlar, ehtimallar irəli sürülür. Bu ehtimallardan biri də budur ki, seçkidən sonra hökümət komandasında yeni simalar təmsil olunacaq.

İctimaiyyətdə və mediada gedən müzakirələrdən məlum olur ki, yeni hökümət üzvləri arasında səhiyyə naziri Oktay Şirəliyev, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, iqtisadiyyat naziri Şahin Mustafayev və ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov yer almayacaq. Məlumatlara görə, kadr dəyişiklikləri mühüm dövlət postlarını da əhatə edəcək.

Siyasi şərhçilərin fikrincə, Prezident İlham Əliyev müasir iqtisadi tələblərə adekvat reaksiya göstərə bilən hökümət formalaşdırmalıdır. İndiki hökümət isə bu tələblərə cavab vermir. Belə ki, 2014-cü ilin son aylarında ölkə iqtisadiyyatında başlayan böhranın hələ də davam etməsi struktur islahatlarını və kadr dəyişikliklərini qaçılmaz edib. İslahatlar çərçivəsində Nazirlər Kabineti üzvlərinin sayı 2 dəfə azaldıla bilər.

Qeyd edək ki, Prezidentin Dövlət Dəniz Administrasiyasını və Dövlət Mülki Aviasiya Administrasiyasını Nəqliyyat və Rabitə Nazirliyinə birləşdirməsinə dair sərəncamından sonra üzvlərinin sayı 40-a düşən Nazirlər Kabinetimiz, nəinki regionda liderdir, hətta dünyanın ən geniş tərkibli hökumətlərindən biridir. Düzdür, son illər Nazirlər Kabineti üzvlərinin sayı bir qədər azaldılıb – 2015-ci ildə Nazirlər Kabinetinin 45 üzvü vardı. Ancaq yenə də hökuməti tərkibini ciddi şəkildə ixtisar etməyə ehtiyac var. Müqayisə üçün qeyd edək ki, əhalisi bizdən 8 dəfə çox olan Türkiyədə 27, Gürcüstanda 20 hökumət üzvü var.

Məlumatlara görə, kadr dəyişilikləri fonunda Prezidentin etimadinını doğrulda bilməyən onlarla icra başçısının da vəzifəsindən uzaqlaşdırılacağı proqnozlaşdırılır. Xüsusi ilə ən çox şikayət edilən və rayonlarda təsərrüfat fəaliyyətinin inkişafına mane olan icra başçıları ilə bağlı da ciddi tədbirlərin görüləcəyi məlumatlarda əksini tapıb.