Bu gün:
Xezer.info » Eksklüziv » Nəqliyyat Nazirliyində «dozvol» biznesi

Nəqliyyat Nazirliyində «dozvol» biznesi


Nəqliyyat Nazirliyində «dozvol» biznesi
İranın 20 dollara verdiyi icazə vərəqələri Eyyub və Nəriman adlı şəxslər Bakıda sürücülərə 80 dollara satılır

Azərbaycandan xaricə və əksinə yük daşıyan sürücülərin ölkədən çıxışları üçün nəzərdə tutulmuş icazə vərəqələrinin şıdırğı alveri gedir. Bu alveri təşkil edən isə Nəqliyyat Nazirliyinin Departamentlərindən biridir.
JAM.AZ-ın araşdırmalarına görə, sürücülər arasında «dozvol» olaraq tanınan bu icazə vərəqlərinin mahiyyəti xaricə çıxan yük maşınlarının həmin ölkədə «torpaqbasdı» verməməsini ehtiva edir. Bunu həmin ölkələrin illik yüks maşını keçidləri üzrə kvotasına uyğun şəkildə Azərbaycana sayla verildiyi də vurğulanır.
Araşdırmalarımız zamanı məlum olub ki, hal hazırda Azərbaycandan olan yük maşını sürücülərinin üz tutduqları əsas ölkə İrandır. Belə ki, qonşu ölkədən Rusiya və digər dövlətlərə yük daşımalarının artması səbəbindən belə vəziyyət yaranıb. Məhz bu səbəbdən İran tərəfi də Azərbaycana illik kvota üzrə xeyli «dozvol» verib. Həmin «dozvol»ların birinin qiyməti isə 20 dollar nəzərdə tutulub. Həmin sənədi olmadan qonşu ölkəyə keçən sürücü məcburiyyət qarşısında 160 dollar verməlidir. Yəni, bu qaydadır.
JAM.AZ-ın əldə etdiyi məlumata görə, Nəqliyyat Nazirliyinin Nərimanov rayonu ərazisində yerləşən Departamentində isə 20 dollara alınmış həmin icazə vərəqlərinin əls bazarı fəaliyyət göstərir. Nəriman adlı şəxsin rəhbərliyi, Eyyub adlı şəxsin isə himayədarlığı sayəsində açılmış «bazar»da bir ədəd «dozvol» 80 dollara satılır. Maraqlıdır ki, Eyyub və Nəriman adlı şəxslər bunu çox qəribə şəkildə həyata keçirirlər. Belə ki, onlar Dərnəgül bazarında olan adamlarına günlük 100 ədədə yaxın «dozvol» verərək, onlardan hər biri üçün 70 dollardan pullarını istəyirlər. Həmin adamlar isə icazə vərəqlərini 80 dollara sataraq, bununla özlərinə də qazanc götürürlər.
İşin ilginc tərəflərindən biri də odur ki, «dozvol» almaq istəyən sürücü heç bir vaxt təkbaşına bu arzusuna çata bilməz. JAM.AZ-ın əldə etdiyi məlumata görə, Nəriman və Eyyub adlı şəxslər yalnız tanıdıqları adamlara «dozvol» satırlar. Özü də topdansatış formasında. Yəni, bir-iki ədədin satışı qadağan edilib. Xaricə və xaricdən yük daşıyan yük maşınlarının sahibləri isə həmin «dozvol»u əldə etmək üçün min bir əziyyətə qatlaşmaq məcburiyyətində qalır. Üstəlik də, dəyərindən 4 dəfə baha qiymətə almalı olur.
Əldə etdiyimiz məlumatda deyilir ki, Eyyub və Nəriman adlı şəxslər nazirlərdən birinin yaxın adamı, hətta qohumluq əlaqəsinə malik olan şəxslərdirlər. Ona görə də, həmin şəxslərə heç kim söz deyə bilmir. Hətta edilən şikayətlərə də məhəl qoyulmur.
Məsələ ilə bağlı araşdırmamız davam edir.