İlham Əliyevdən səfərbərlik mesajı – Böyük çağırış
09-fev-2018Ölkə rəhbəri qurultaydakı çıxışı ilə Dağlıq Qarabağ məsələsində nə qədər həssas olduğunu və bu yöndə böyük siyasi iradəyə malik olduğunu ortaya qoydu.
Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında Dağlıq Qarabağla bağlı nitqini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, prezident seçkilərinin erkən keçirilməsinin başlıca səbəblərindən biri də məhz Dağlıq Qarabağ məsələsidir:
“Prezident bu qərarı ilə 2018-ci ilin yalnız seçkilər ilinə çevrilməsinin qarşısını aldı. Dövlət başçısı seçkiləri Ermənistanla eyni vaxta çəkməklə açıq şəkildə Dağlıq Qarabağ məsələsi ilə bağlı daha cəsarətli siyasət yürüdəcəyinin siqnallarını verdi. Ölkə rəhbəri qurultaydakı çıxışı ilə Dağlıq Qarabağ məsələsində nə qədər həssas olduğunu və bu yöndə böyük siyasi iradəyə malik olduğunu ortaya qoydu. Bu göstərir ki, prezidentin seçkiqabağı platformasında baş mövzu Qarabağ məsələsi olacaq. Seçkilər başa çatdığı və prezident seçiləcəyi təqdirdə İlham Əliyev Qarabağ məsələsini siyasi fəaliyyətinin əsas hissəsinə çevirəcək”.
Q.Hüseynlinin sözlərinə görə, Azərbaycanda böyük dəyişikliklərə gətirib çıxaracaq növbədənkənar prezident seçkiləri, əslində, Qarabağ uğrunda mübarizənin startı demək idi:
“Prezident qurultaydakı çıxışı ilə hamını bu məsələ ətrafında səfərbər olmağa və ölkənin ərazi bütövlüyünü bərpa etməyə çağırdı. Şübhəsiz ki, seçkilərdən sonra İlham Əliyev fəaliyyətində Qarabağ məsələsini gündəmdə saxlayacaq, ordu quruculuğuna, diplomatiyamızın uğurlu siyasət yürütməsinə və ermənilərin təcavüzkar siyasətinin bütün dünyada ifşa edilməsinə var qüvvəsini sərf edəcək”.
Politoloq hesab edir ki, builki prezident seçkilərindən sonra Azərbaycan bir sıra məsələrdə önəmli addımlar atacaq:
“Bunlardan ən mühümü isə Qarabağ münaqişəsi ilə bağlı olacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün maksimum siyasi iradə ortaya qoyacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli və tarixi torpaqlara qayıdış Azərbaycanın əsas siyasi-strateji hədəfidir.