Bu gün:
Xezer.info » Manşet » Kərəm Həsənov oliqarxlara meydan oxuyur

Kərəm Həsənov oliqarxlara meydan oxuyur


Kərəm Həsənov oliqarxlara meydan oxuyur
"Vurulması” gözlənilən "əmlak şefi” yenidən güclənməyə başlayıb.

Xeyli vaxtdır mətbuatda mütəmadi olaraq "vurulacağına” dair iddialar səsləndirilən Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov mövqelərini gücləndirməyə başlayıb. Bunun sonuncu nümunəsi isə Əziz Əzizovun Bakıya gətirilməsi – paytaxtın ən iri və aparıcı rayonlarından birinə icra başçısı təyin edilməsi oldu.

"Unikal" qəzeti yazır ki, uzun müddət "əmlak şefi”nin kurasiyasındakı Cəlilabad rayonuna rəhbərlik edən Əzizovun bu təyinatı məhz ƏMDK sədrinin yenidən "dirçəlişi” kimi xarakterizə edilir. Maraqlı burasıdır ki, Yasamal rayonunun yeni icra başçısının adı bu posta namizədlər arasında ümumiyyətlə hallanmırdı. Odur ki, təyinat gözlənilməz hesab olunur və adıçəkilən komitə sədrinin öz mövqelərini gücləndirməsinin sübutu sayılır. Dünən isə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bununla da Kərəm Həsənov Cəlilabadı da nəzarətində saxlamış oldu.

Bundan başqa, K.Həsənovun qardaşı Malik Həsənovun deputat olduğunu da xatırladaq.

Daha bir diqqət çəkən məqam ümumiyyətlə, son vaxtlar "əmlak şefi”nin özünə yaxın şəxsləri müxtəlif nazirliklərdə, digər dövlət qurumlarında yüksək postlara təyin etdirməyə çalışması, bəzi hallarda isə buna nail ola bilməsidir. Bir çox iri məmurların "vurulduğu”, biznes imperiyalarının çöküşə keçdiyi, vəzifəli qohum-əqrəbalarının isə kreslolarından edildiyi bir vaxtda ƏMDK sədrinin mövqelərini gücləndirə bilməsi maraq doğurmaya bilməz. Bunu onun həm iri məmur eşalonundakı çoxillik rəqiblərinə meydan oxuması, həm də artıq vəzifədə olmayan, ancaq kreslo sahibi ikən "əmlak şefi” ilə ixtilaf yaşamış sabiq oliqarxlara meydan oxuması kimi də dəyərləndirmək mümkündür. Daha bir diqqətçəkən məqam isə odur ki, xüsusilə artıq ləğv edilmiş MTN ətrafında baş verən məlum proseslərdən sonra Kərəm Həsənovun da sonunun çatdığı yönündı iddia və informasiyalar artmışdı. Komitə sədrinin və ona yaxın şəxslərin adı bir çox qaranlıq olaylarda hallandırılır, bildirilirdi ki, bunlar K.Həsənovu çətin vəziyyətdə qoyacaq, onun nəinki vəzifəsini, hətta ola bilsin azadlığını itirməsi ilə yekunlaşacaq. Ancaq indi biz bunun 180 dərəcə əksi olan prosesi müşahidə edirik: "əmlak şefi”nin "vurulması” gündəmdən çıxmış məsələ kimi görünməklə bərabər, üstəlik o, nüfuz və təsir dairəsini artırmağa başlayıb.

Halbuki ötən ilin ortalarında ölkənin əksər media orqanlarında belə xəbərlər dolaşmaqda idi ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ləğv olunacaq, Kərəm Həsənov işsiz qalcaq.Əslində həmin vaxtlar "əmlak şefi”nin rəhbəri olduğu komitə ilə bağlı verilən bir qərar da bu gözləntini artırırdı. Belə ki, komitənin tabeliyində olan bəzi qurumların ləğv olunduğu elan edilmişdi. Daha əvvəl isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bəzi səlahiyyətləri alınaraq, ASAN xidmətə verilmişdi.

Ölkədə aparılan islahatlar zamanı bir neçə qurumun səlahiyyətlərinin tədricən azaldıldığını, əlindən alınaraq digər qurumlara verildiyini, daha sonra isə tamamilə ləğv edildiyini əsas götürsək, Həsənovun komitəsinin "ömrünü başa vuracağı” proqnozlaşdırılan idi.

Hətta bəzi millət vəkilləri də müxtəlif vaxtlardakı çıxışlarında ƏMDK-nin ləğv edilərək bütün səlahiyyətlərinin ASAN Xidmətə verilməsini təklif etmişdilər.

Amma son yaşananlardan belə güman etmək olar ki, K.Həsənov başı üzərində dolaşan "qara buludları” dağıtmağa müvəffəq olmaqla yanaşı, üstəlik mövqelərini daha da gücləndirmək istiqamətində səylərlə məşğuldur.

Bəzi ekspertlərə görə, adıçəkilən komitə sədrinin mövqelərini gücləndirmək istiqamətində belə davamlı cəhdləri tərs də təpə bilər. Yəni bir müddət sonra "külək istiqamətini dəyişər” və K.Həsənov bir çox iri məmurlar kimi qazandıqlarını böyük sürətlə də itirər. Məsələn, Fazil Məmmədov, ya da Ziya Məmmədov kimi...

Bu iki nazir də bir müddət öz postlarında getdikcə güclənir, özlərinə yaxın şəxsləri dayanmadan müxtəlif yüksək vəzifələrə gətirir, eyni zamanda şəxsi bizneslərini böyüdürdülər – həm də ağlagəlməz miqyasda!

Ancaq bir müddət sonra onların "qürubu” başladı – çoxlarının nə vaxtsa xəyal etmədiyi, təsəvvürünə gətirmədiyi bir şəkildə onlar nüfuz və təsir dairələrindən məhrum oldular. Postlarını itirməklə bərabər indi onlar nə əvvəlki qohum-əqrəba hegemoniyasına, nə də biznes imperiyasına malikdirlər!
K.Həsənovun da oxşar sonluqla üzləşə bilməsi ehtimalı heç vaxt istisna edilməməlidir. Bir çox nüfuzlu məmur-oliqarxların yaşadıqları aqibət "əmlak şefi” ilə bağlı da müəyyən müddətdən sonra "həyəcan siqnalının” çalına biləcəyini düşnməyə, proqnozlaşdırmağa əsas verir.