İlham Əliyev müxalifəti necə seytnot vəziyyətinə saldı? – Müxalifət daxilində “növbədənkənar” qarşıdırma…
07-fev-2018Prezident seçkilərinin vaxtı 6 ay önə çəkildi və hakim komanda seçkiyə hazırkı prezident İlham Əliyev ilə qatılacağını elan etdi.
Avropa.info xəbər verir ki, artıq müxalifətin bir hissəsi seçkini boykot etmək qərarı verib. Hər seçkidə olduğu kimi, bu dəfə də əsas müzakirə mövzusu “boykot, yoxsa seçkidə iştirakd” məsələsidir. Xatırladaq ki, 1998-ci ildə Azərbaycan müxalifətinin önəmli qismi prezident seçkisini boykot etsə də bu, böyük dövlətlərin seçkidə Heydər Əliyevi qalib kimi tanımalarına mane olmadı.
Ümumiyyətlə, boykotun effektli olması üçün iki amilin olması mühümdür: müxalifətin geniş xalq dəstəyinə malik olması və beynəlxalq ictimai rəyin təzyiqləri. Azərbaycanda bu amilin heç biri yetərincə deyil. Seçkidə iştirak nə verir? 2005-ci ildə seçkidə iştirak edən müxalifət bu seçkini rəsmi nəticələrə görə uduzsa da, ölkənin bəzi rayonlarında müəyyən uğur qazandı, lakin nəticə dəyişmədi, müxalifət məğlub oldu. Seçkidə iştirak və boykot nəticə etibarilə elə də fərq etmir. Müzakirələri bu istiqamətdə aparmaq da məğlubiyyəti qaçılmaz edir. Ukrayna variantı və yaxud “narıncı inqilab” dediyimiz variantı da real deyil. Bir məqamı nəzərə almaq lazımdır ki, Azərbaycan hakimiyyəti daha güclüdür. Bu baxımdan müxalifət yeni, çevik konsepsiyalara, düşünülmüş modellərə üstünlük verməli idi. Bu barədə müzakirə aparılırmı?
Müxalifət daha çox bir birinə qarşı savaşa üstünlük verir. Daha bir əsas amilə diqqət yetirək. Müxalifətin heç də hamısı seçkini boykot barədə düşünmür. Müsavat, KXCP, ADP, VİP seçkidə iştirak edəcəyini açıqlayıb. Situasiyanı dəyişmək üçün müxalifətin “ev tapşırığı” da mövcud deyil. İstisna deyil ki, Azərbaycanda da seçkilər öncəsi yeni gündəm ictimai müzakirəyə təqdim oluna bilər. Bu müzakirələr seçkilərə birbaşa təsir etmək effektinə malik ola bilər. Lakin bu gün ölkədə baş verənlərlə müqayisədə seçkilər öncəsi baş verənlər arasında çətin ki, böyük fərq olsun. Müxalifətin yeni gündəm savaşına qarşı gücü yoxdur. Müxalifət üçün bir qayda olaraq əks-hücuma keçmək, gündəmi dəyişmək və müəyyənləşdirmək çətin olur. Müxalifət daha çox ona təqdim olunan gündəmin ardınca addımlayır.
Nəzərə alsaq ki hakimiyyətin gizli saxladığı qovluqlar daha qalındır, onda təşəbbüsün bu dəfə də hakimiyyət meydançasından gələ biləcəyini təxmin edə bilərik. Gözləmə mövqeyi tutmaq və proseslərin girovluğundan azad ola bilməmək müxalifətin ətrafındakı halqanı daha da daraldıb. Baş verənlər ətalətdən çıxmaq, mühasirəni yarmaq təsiri bağışlamır. Kənardan görünən odur ki, müxalifət məğlubiyyəti ilə barışıb və vəziyyəti dəyişmək gücündə deyil.
Əslində, bu gün inqilabi dəyişiklikləri prezident İlham Əliyev özü həyata keçirir. Yaranmış vəziyyət ciddi və radikal islahatlar tələb edir. Çıxış yolu özü-özünü tənzimləmək imkanına malik olan liberal iqtisadiyyatı dirçəltməkdən keçir. Bir sözlə, proseslər yekun mərhələsinə transfer edir və ölkə rəhbəri yeni mərhələ üçün yeni komanda formalaşdırır. Göründüyü kimi, maraqlı proseslər yaşanmaqdadır. Dövlət başçısı komandasının yeniləşəcəyi anonsunu verir. Ən diqqətə layiq hal odur ki, bu dəfə yeniləşəcək komandada nə illər boyunca eyni postu tutanlar, nə də ki korrupsiyaya uğramış məmurlardan ibarət olmayacaq. Dövlət başçısı yeni taktikaya üstünlük verir. Onun seçdiyi yeni paradiqmada köhnələrə yer qalmır.
Prezident komandasını gəncləşdirməyə, gənc kadrları vəzifə ieyarxıyasında irəli çəkməyə başlayıb. Lakin, sədaqət faktoru da əsas məsələdir. Prezidentin mesajlarından belə aydın olur ki, ölkə başçısı yeni dövrün tələblərinə cavab verməyən ümumi sistemi bötövlükdə dəyişmək fikirindədir. Bu səbəbdən də, ciddi və köklü şəkildə kadr islahatları həyata keçirilməsi gözlənilir. Ölkənin siyasi elitası vəziyyəti düzgün şəkildə analiz edərək bilir ki, sistemdə köklü islahatlar aparılmayınca yeni dövr üçün, inkişafa nail olmaq mümkün deyil və dəyişiklik anonsunu elan edir. Seçkidən dərhal sonra köklü dəyişikliklərin ola biləcəyi ehtimalı çoxdur. Bu zaman siyasi rəqiblərin kiçik şansı da əlindən alınıb. Ölkədə ciddi dəyişikliklər baş verməkdədir. Prezident ölkədə ciddi isilahatlara başlayır və bunun üçün ona seçicinin növbəti etimadı lazımdır…