Gömrüyün “xilas paketi”: “Səngər generalı” “ən böyük kabinet”ə doğru
07-fev-2018Azərbaycan hökumətinin dövlətdən maliyyələşən qurumların strukturlarında başlatdığı islahat və ixtisar siyasəti davam etməkdədir. Olduqca dar çərçivədə – hakimiyyətin ali instansiyasında planlaşdırılan yeni islahat modeli geniş xalq kütləsi tərəfindən müsbət qarşılanmağına baxmayaraq, illərlə dövlətin büdcəsini talan edən, müftəxorluğa öyrəşmiş, azad sahibkarlığın inkişafına ciddi maneələr törədən qurumların vəzifəli şəxslərini narahat etməkdədir.
Son iki ildə vergi, təhsil, səhiyyə, nəqliyyat sistemində aparılan islahatların gömrük sahəsində də davam etdiriləcəyi an məsələsidir. Gömrükdə aparılacaq islahatlar barəsində ölkənin tanınmış iqtisadi ekspertləri müntəzəm olaraq mətbuatda çıxış edərək, bu islahatların ölkə iqtisadiyyatına, orta və kiçik sahibkarlığın inkişafına ciddi təkan olacağı barədə əsaslı arqumentlərə söykənən fikirlər səsləndirməkdədirlər.
İllərlə Dövlət Gömrük Komitəsinin haqqında yerli mediada yazılan sağlam və haqlı tənqidi yazılar, sahibkarlar tərəfindən komitənin yarıtmaz fəaliyyətindən ölkə rəhbərliyinə ünvanlanan çoxsaylı şikayətlər və hazırda komitənin fəaliyyət formulunun dövlət başçısının yürütdüyü innovativ iqtisadi siyasətlə uzlaşa bilməməsi Dövlət Gömrük Komitəsində ciddi islahatların aparılmasının labüdlüyünü qaçılmaz edir.
Müşahidələr əsasında əminliklə söyləmək olar ki, hakimiyyətin gömrük sahəsində reallaşdıracağı islahatlardan artıq bu qurumun rəhbər şəxslərinin də məlumatları var. Ancaq təəssüflər olsun ki, onlar fəaliyyətlərində ciddi dönüş yaratmaq, iş prinsiplərinə yeni yöntəm vermək əvəzinə uzun illərdən bəri monopolist etdikləri qohum-əqrabalarının kapitallarının daha da artmasına çalışırlar. Dövlət Gömrük Komitəsinin hazırkı rəhbərliyinin ölkədə və həm də xaricdə dəyəri milyonlarla ölçülən malikanələrə, biznes obyektlərinə, zavod-fabriklərə, bank hesablarına sahib olduqlarını xalqın böyük əksəriyyəti bilir. Bu mülklər, malikanələr, bank hesabları əlbəttə ki, dövlətin onlara verdiyi 1000-1500 manat halal əmək haqq ilə yox, bəzən dövlət rüsumunun 100 qatı qədər sahibkarlara yüklənən “əlavə”lər hesabına yaranıb. Bədii dillə desək, gömrük generallarının malikanələri uzun illərlə kiçik və orta rentabelli iş adamlarının başlarına saldıqları daşların hesabına ucalıb, o malikanələrin həyətlərindəki yüz kvadratmetrlik hovuzlar məhv edilən sahibkarların ailələrinin, balalarının göz yaşları hesabına dolub…
Neftin qiymətinin sürətlə azalmasından sonra ölkə iqtisadiyyatında yaranan böhrandan sonra gömrük komitəsinin rəhbərliyinin fərdiyyətçi siyasətlərindən vaz keçməmələri də, artıq bu komandanın komitə rəhbərliyində qalmasının daha da ciddi neqativ iqtisadi hadisələrə yol açacağına zəmin yaradır.
Sahibkarlar Dövlət Gömrük Komitəsi önündə aksiya keçirir
Son aylar şin idxalı ilə məşğul olan bir qrup iş sahibkarın Dövlət Gömrük Komitəsinin və Prezident Administrasiyasının qarşısında aksiya keçirmələri bu qurumda cərəyan edən dəhşətli proseslərin bariz nümunəsidir.
Bəs, yaranmış bu böhranlı vəziyyətdən çıxış yolu və yaxud, son günlər mediada “dəb”ə minmiş “xilas paketi” yoxdurmu?
Gömrük böhranı və Vüsal Novruzov faktoru
Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra bir çox yeni strukturlar yaranmağa başladı. Bu strukturlardan biri də Dövlət Gömrük Komitəsi oldu. Respublikada iqtisadi-siyasi durumun gərginliyi, maddi-texniki vəsaitlərin çatışmamazlığı və savadlı kadrların olmaması yeni yaranmış Dövlət Gömrük Komitəsinin işini çətinləşdirirdi.
Ancaq 1995-ci ildə Kəmaləddin Heydərovun Gömrük Komitəsinin rəhbərliyinə gətirilməsi ilə bu sahədə müsbət dövr başladı.
Kəmaləddin Heydərov tərəfindən maddi-texniki bazanın tədricən formalaşdırılması və perspektivli kadrların gömrük sistemində işə cəlb olunması Dövlət Gömrük Komitəsinin inkişafına səbəb oldu.
Kəmaləddin Heydərovun gömrük sisteminə gətirdiyi kadrlardan biri də Bakı şəhər Baş Gömrük İdarəsinin rəisi general-mayor Vüsal Novruzovdur.
Ölkə mediasında zamanla yazılanlara nəzər yetirdikdə görürük ki, general Vüsal Novruzov gənc olmasına baxmayaraq, həmkarlarından kəskin formada fərqlənməyi bacarır.
Bütün adddımları ilə bir zamanlar onu sistemə gətirən şəxsə- Kəmaləddin Heydərova bənzəməyə çalışan Vüsal Novruzov xeyli müddətdir ki, mediada barəsində ciddi obraz formalaşdırmağa başlayıb. Bəzi rayonların icra hakimiyyətlərinin başçıları Prezident Administrasiyasına “zəhmətkeşlər” adından özlərinin yaxşı işlədikləri barəsində tərifli məktublar ünvanlatdıqları kimi, Vüsal Novruzov da bəzi sahibkarları özünə yaxın olan mediaya çıxartdıraraq özünü tərfilətdirməklə məşğuldur. V.Novruzova yaxın olan media orqanları onu sahibkarların dostu, gah da intellektual şəxs kimi təqdim edir. Gizli olaraq ölkə rəhbərliyinə ünvanlanan bu tipli yazılarda kiçik və orta sahibkarlar V.Novruzovun rəhbərlik etdiyi idarədə şəffaflığı qoruduğunu və xidmət keyfiyyətini daim yüksəltdiyiin yazırlar.
Hətta bəzən bu cür yazılarda eyforiyaya o dərəcədə qapılırlar ki, əndazəni aşdıqlarının fərqində ola bilmirlər. Məsələn, bəzi sahibkarlar Vüsal Novruzovu tərifləyərək haqqında yazırlar ki, problemləri aradan qaldırmaq üçün bir gündə iki dəfə qəbul keçirir. Bu cümlənin özü artıq, o qurumun fəaliyyətində qüsurun, problemin hansı səviyyədə olduğunu açıq-aşkar göstərir. Deməli bu qurumda operativlik və müxanizm düzgün deyil ki, idarə rəisi problemi aradan qaldırmaq üçün bir gündə iki dəfə qəbul keçirir.
Sahibkarlar Prezident Administrasiyasının önündə aksiya keçirir
Qeyd edək ki, zamanla Komitə daxilində ciddi rəqibləri olan V. Novruzov ona qarşı planlaşdırılan bütün “tələ”lərdən asanlıqla qurtula bilib. Deyilənlərə görə, bunun əsl səbəbi Vüsal Novruzovun çoxşaxəli və dəqiq informasiya kanalına malik olmasıdır. Vüsal Novruzov ən adi məsələlərə belə 3-4 kanal vasitəsi ilə əldə etdiyi informasiyaları təhlil etdikdən sonra qərar verdiyi deyilir.
Məlumata görə, işgüzar və bacarıqlı oluğunu daha da qabartmaqdan ötrü V. Novruzova yaxın olan iş adamları və digər bəzi şəxslər öz aralarında ona tez-tez “gömrüyün səngər generalı” deyir və bu ayamanın yayılmasını istəyirlər.
Deyilənlərə görə, bu ayamadan V.Novruzovun özünün də xoşu gəlir.
“Gömrüyün səngər generalı”nın haqqında son günlər kiçik və orta sahibkarların ölkə mediasında səsləndirdikləri müsbətyönümlü fikirlərin intensivləşməsi isə onu deməyə əsas verir ki, Vüsal Novruzovun bu dəfəki planı Komitənin “ən böyük kabineti”ni “fəth” etməkdir.
Görünür, general Vüsal Novruzov sahib olduğu informasiya kanalları vasitəsi ilə, hakimiyyətin ən ali instansiyasında planlaşdırılanlardan kiçicik ştrixlərinə qədər xəbər tuta bilib…
Tendensiya.az