"Azərbaycanda media siyasəti iflasa uğrayıb deyənlər baxsınlar ki..." - Əli Həsənov
30-yan-2018Bəzilərinin Azərbaycan dövlətinin media siyasətinin iflasa uğradığını söyləməsi təəssüf doğurur.
APA-nın məlumatına görə, bu sözləri jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarlarının jurnalistlərə təqdim olunması mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Ə. Həsənov deyib ki, bu gün qrant mediasının məşhur nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində toplaşaraq "No-TAP" aksiyaları həyata keçirmək istəyirlər: "Qrant siyasətini həyata keçirənlərin Azərbaycanda formalaşdırdıqları jurnalistlər bunlardır. Azərbaycan mediasının təməli sağlam qoyulub. Media ilk növbədə insanları informasiya ilə təmin etməli, maarifləndirməlidir, vətənpərvərlik aşılamalıdır. Azərbaycanda media siyasəti iflasa uğrayıb deyənlər baxsınlar ki, medianın üzərində nəzarəti həyata keçirən inzibati orqan varmı? Azərbaycanda jurnalistlərin özünütənzimləmə orqanı olan Mətbuat Şurası formalaşıb. Azərbaycan dövlətinin təklif etdiyi mənzili jurnalistlər ala da, almaya da bilər. Prezidentin media siyasətindən hansı jurnalist müstəqilliyini itirib? Əksinə, qrant siyasəti üzərində media formalaşdırmaq istəyənlər bunu təlqin edirlər. Biz bilirik ki, yazılı mediaya yardım göstərməsək, onlar fəaliyyətini dayandıracaq. Yazılı media ölkənin tarixi salnaməsini yaradır. Bu salnaməni hansısa internet mediasında yaratmaq mümkün deyil. Gələcək nəsillər üçün ölkənin ictimai-siyasi tarixinin yazılı salnaməsi yaradılır. Xarici agentlərin otaqlarda ayırdığı qrantlarla prezident İlham Əliyevin mediaya ayırdığı yardımların fərqi məlumdur. Qrant mediasının nümayəndələri TAP, TANAP-a qarşı çıxır, ancaq bu layihələr Azərbaycanın strateji maraqları ilə bağlıdır. O insanlar Azərbaycan cəmiyyətindən hansı təpkiləri alacaqlarını gözləri qarşısına gətirsinlər".
Ə. Həsənov jurnalistlərin Azərbaycan prezidentinin dostları olduqlarını və seçkilərdə prezident İlham Əliyevi dəstəkləyəcəklərinə əmin olduqlarını bəyan edib.