Əhməd Əhmədzadənin idarəsinə ayrılan vəsaitlər düzgün istifadə edilməyib- PALATADAN RƏSMİ AÇIQLAMA
30-yan-20182015-ci ildə təhvil verilən quyuların 65,2%-i, 2016-cı ildə isə 61,9%-i layihə gücündən aşağı olmaqla, az torpaq sahəsinin suvarılmasını təmin edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə dövlət büdcəsindən subartezian quyularının layihələndirilməsi və tikintisi üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə dair Hesablama Palatasının apardığı auditin nəticələrində qeyd edilib.
Bildirilir ki, yeni subartezian və artezian quyularının bir qismi yaşıllıq sahələrinin suvarılmasına və istehsal obyektlərinə, parkların su təminatına, suvarma üçün infrastruktur olmadığı, həmçinin əkin sahəsi və yaşayış olmayan sahələrdə, otlaq sahələrində, öz təzyiqi ilə çıxan su mənbələrində, balıqartırma məntəqələri və fermaların su təminatı üçün onların yaxınlığında, su mənbəyinə malik olan mexaniki suvarma kanallarının və digər fəaliyyətdə olan quyuların yaxınlığında inşa olunub.
Yeni tikilmiş subartezian və artezian quyuları üzrə su nümunələrinin bakteroloji və kimyəvi analizləri barədə məlumat lövhələri quyulara vurulmayıb və suyun keyfiyyət göstəriciləri barədə əhali məlumatlandırılmayıb.
Hesablama Palatasının Kollegiyası “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla, müəyyən edilən digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması məqsədilə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsi barədə qərar qəbul edib və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə göndərilib.