“ZİYAN ÖDƏNİLMƏSƏ, İNTİHAR EDƏCƏYƏM! – “İsfəndiyar Axundov 346 min dollarımızı mənimsəyib”
29-yan-201880 yaşlı ağbirçək Durna Seyidova “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun qanunsuz əməllərilə bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb.
“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, bir nüsxəsi də “AzPolitika.info”ya göndərilən müraciəti qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:
“Hörmətli Mehriban xanım, mən Sizə humanistliyi, insanpərvərliyi və mərhəməti özünə həyat meyarı seçən bir ictimai siyasi xadim kimi ikinci dəfə müraciət edirəm. Təkrarən dəyərli vaxtınızı almağıma zərurət yaradan 80 yaşlı el ağbirçəyi olaraq ünvanınıza göndərdiyim birinci müraciətimə əhəmiyyət verilməməsidir.
Gözləmək olardı ki, Respublikanın Birinci vitse-prezidenti kimi ünvanınıza göndərdiyim müraciətim hüquq-mühafizə orqanları tərəfindən dərhal nəzarətə götürülərək, İsfəndiyar Axundovun ailəmizə vurduğu maddi ziyanın ödənilməsi istiqamətində zəruri tədbirlər görüləcək. Lakin heç də gözlədiyimiz kimi olmadı. Respublika hüquq-mühafizə orqanlarının heç birindən səs çıxmadı. Yalnız Respublika Prokurorluğundan 2 dəfə bildiriş daxil oldu ki, müraciət qeydiyyata alınıb! Bəs nəticə, qeydiyyat işin həllidirmi? Bütün bunlara istinadla demək mümkündür ki, Respublikamızda vətəndaşların ərizə, şikayət və təkliflərinə baxılması iflic vəziyyətindədir.
Məhz buna görə də təkrarən xatırlatmaq lazım gəlir ki, neçə illərdir insanları aldadaraq hiylə yolu ilə malını, pulunu mənimsəyən, MTK sədri kimi bir mənzili bilərəkdən bir neçə nəfərə sataraq ölkədə sosial gərginlik yaradan İsfəndiyar Axundovun zərər vurduğu və hiyləsinə məruz qalan hədəflərdən biri də bizim ailəmizdir.
Hörmətli Mehriban xanım, İ.Axundovun bilavasitə rəhbəri olduğu, başqasının adına rəsmiləşdirib kənardan fəaliyyətinə dirijorluq etdiyi “İN Eksklyuziv Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2007-2008-ci illərin ayrı-ayrı vaxtlarında Yeni Yasamal yaşayış kompleksində tikilməsi planlaşdırılan yaşayış binalarında bir neçə irikvadraturalı mənzillər və qeyri-yaşayış sahələri almaq üçün beş müqavilə imzalamışıq. Müqavilənin şərtlərinə uyğun olaraq MMC-nin xəzinəsinə 346.000 Amerika dolları ödəmişik. Ödəniş qəbzlərini qoruyub saxlayırıq və lazım gələrsə təqdim edə bilərik. Bir daha qeyd etməyim yerinə düşər ki, adıçəkilən vəsaiti Moskvada yaşayan övladlarım şəxsən mənim məsləhətimlə bizim həm mənzil şəraitimizi yaxşılaşdırmaq, həm də qeyri-yaşayış sahələri alıb obyekt kimi icarəyə verərək özümüzə xoş güzəran yaratmaq üçün göndərmişdilər. Lakin həmin vaxtdan ötən müddət ərzində İsfəndiyar Axundovdan nə pulumuzu ala bilirik, nə də yaşayış və qeyri-yaşayış sahələrini.
Onun ölçüyəsığmaz sayda çoxlu qanunazidd əməlləri var. Ona görə də ortada görünmür. Dəfələrlə gedib ofisində və ya ayrı-ayrı ünvanlarda tapırıq, lakin dərhal aradan çıxır. Elə də olur ki, bizləri həbslə hədələməkdən də çəkinmir.
Mətbuatda dəfələrlə dərc edildiyi kimi, onun İqtisad Universitetində təhsil alan oğlu ən bahalı – 650.000 manat dəyərində avtomaşından istifadə edir. Görəsən, İ.Axundov bu pulu alnının təri ilə qazanıb, haradan alıb? Sualın cavabı birmənalıdır! Adıçəkilən bahalı avtomaşın bizim pulumuzla alınıb! O, cəzasızlıq mühitindən yararlanıb bu addımları atır, “mənəm, mənəm” deyir. Çox gülməlidir ki, qonşunun toyuğunu, bazardan 5 kq soğan oğurlayana dərhal cinayət işi açılır, amma mənim yarım milyon manatdan çox pulumu mənimsəyən İsfəndiyar Axundov azadlıqda gəzir!
Hörmətli Mehriban xanım, əsl həqiqətdə biz onun dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilməsinin tərəfdarı deyilik. Bizi dərindən düşündürən yalnız bizə dəymiş maddi ziyanın ödənilməsidir. Onu da qeyd etməyi lazım bilirəm ki, artıq Moskvada yaşayan oğlanlarımın üzünə baxa bilmirəm, xəcalət çəkirəm. Çünki onların imkanlarını nəzərə alaraq Moskvadan pul göndərilməsinin və Bakıda obyektlər alınmasının müəllifi mən olmuşam. Ona görə də çox götür-qoy edərək məni gündəlik ciddi narahat edən mənəvi işgəncələrdən çıxış yolunu yalnız və yalnız intiharda görürəm. Əgər bizlərə dəymiş maddi ziyan ödənilməsə, intihar edəcəyəm. Hər şeydən öncə ona görə ki, haqsızlığa dözə bilmirəm, narahatlıq məni məhv edir. Bu zaman bütün məsuliyyət və cavabdehlik İsfəndiyar Axundovun, eləcə də müraciətimə laqeyd yanaşan hüquq-mühafizə orqanlarının üzərində qalacaq!!!
Mənə köməklik göstərəcəynizə inanıram!
Səmimi hörmətlə: Durna Seyidova.”
P.S. Müraciətdə səslənən ittihamlarla bağlı İsfəndiyar Axundovun da mövqeyini işıqlandırmağa hazırıq.