FƏRƏC QULİYEV OĞLUNUN TÖRƏTDİYİ QƏZADAN DANIŞDI: “5-ci kolon” tərəfindən hədəfə alındım”
18-iyun-2016“2013-cü il Prezident seckiləri dönəmində mən Azərbaycana qarşı formalaşdırılmış Milli Şura və “Milyarderlər ittifaqı”na qarşı ciddi ifşaedici çıxışlar etdiyim üçün “5-ci kolon” tərəfindən hədəfə alındım. Mövqeyimə təsir etmək məqsədilə bəzən sosial şəbəkələrdə anonim adlar altında hədələr, bəzən emissarlar vasitəsilə xahişlərlə qarşılaşdım. Bu dönəmdə qəzada xəsarət almış Süleymanova Afaq İsa qızının qohumu, Milli Şurada təmsil olunan AXCP-nin rəyasət heyətinin üzvü Mövsüm Bayramov (sonradan Mövsüm Bayramov dələduzluq ittihamı ilə həbsə alındı) “Azadlıq Hərəkatçıları” birliyinin sədri Təhmasib Novruzovun vasitəsilə mənimlə görüşməyə cəhd etdi, oğlumun törətdiyi qəzadan şantaj predmeti kimi istifadə edəcəklərinə eyham vurdu. Mən isə “qanuni araşdırma aparılıb, bu və başqa hər hansı məsələ ilə bağlı görüşmək istəmirəm” cavabı ilə təklifi geri çevirdim. Mövsüm Bayramovla görüşü rədd etdikdən sonra şikayətlər dalğası başladı”.
Strateq.az xəbər verir ki, millət vəkili Fərəc Quliyev oğlu Türkel haqqında son zamanlar mətbuatda yazılanlara münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, Türkel Fərəcoğlunun törətdiyi avtoqəza dəfələrlə məhkəmə predmeti olub, bütün araşdırmalarda oğlunun günahsızlığı sübuta yetirilib. Bununla belə, öz səhlənkarlığından zərər çəkən Afaq Süleymanovanın valideyni “5-ci kolon”un təşviqiylə yenidən hüquq mühafizə orqanlarına şikayət ərizəsi təqdim edib:“Halbuki, bu vaxta qədər Süleymanova Afaqın atası İsa İsayev Fərəcoğlu Türkelin günahkar olmadığını, buna baxmayaraq, qızına hər cür kömək etdiyimizi minnətdarlıqla qarşılayırdı. Polis idarəsinə oğlumun günahsızlığı barədə ərizə belə vermişdi”.
Qeyd edək ki, son dörd il ərzində dəfələrlə müxtəlif məhkəmələrdə araşdırılan iş yenidən gündəmə gətirilib. Səbail rayon məhkəməsi zərərçəkənin şikayət ərizəsinə yenidən baxmağı qərara alıb. Millət vəkilinin bildirdiyinə görə, bu, artıq 7-ci təhqiqat prosesidir və bu zamana qədər bütün istintaq araşdırmaları Türkel Fərəcoğlunun əməlində cinayət tərkibinin olmadığı qənaətinə gəlib və o, bütün bu proseslər zamanı istintaqın təkrar aparılmasından şikayət etməyib. Məqsədi isə istintaq prosesinin işinə qarışmamaq, ədalətli qərar çıxarmasına maksimum şərait yaratmaq olub.
Məhkəmə prosesində üz-üzə gəlməsi gözlənilən tərəflərin bir-birinə qarşı yönəltdiyi əsas ittiham isə zərərçəkənin müalicəsinə tələb olunan vəsaitlə bağlıdır. Millət vəkili zərərçəkənin müalicəsi dövrü bütün xərclərini qarşıladıqlarını bildirir: “Mən qəza baş verən zaman Brüsseldə Avronestin iclasinda idim, məlumat alan kimi hadisənin nə cür olmasından asılı olmayaraq, xəstəyə bütün köməkliklərin göstərilməsi və bunu davamlı olması üşün köməkçimə tapşırıq verdim- o anda xəstənin kim olması, adamları haqda, təbii ki, heç bir məlumat yox idi. İnsanlıq borcu bilərək, bir ay müddətində tərəfimdən bütün müayinə və müalicə (əvvəl ilk yardım üçün çatdırıldığı Respublika xəstəxanasında, sonra isə 1 sayli Şəhər klinik xəstəxanasında, nəhayət, ev şəratindəki amblator müalicə zamanı) xərcləri yalnız mənim vasitəmlə həyata keçirildi”.
Zərərçəkən tərəf isə Fərəc bəyin bu dedikləriylə razılaşmır. İsayevin müxtəlif informasiya vasitələrinə verdiyi məlumata görə, deputat və onun oğlu bu onlarla qətiyyən maraqlanmayıblar: “Qəzadan sonra qarşı tərəf qızımın müalicəsi üçün heç bir yardım etməyib. İndi də onun vəziyyəti yaxşı deyil. Hazırda qızım aldığı ağır bədən xəsarətinə görə davam etmək istədiyi elmi uğurlarından məhrum olub”-şikayətçi bunu ötən ilin 5 noyabrında “Musavat” qəzetinə verdiyi açıqlamasında bildirib. O, bu arqumenti əsas gətirərək qızının müalicəsi üçün deputatdan kompensasiya tələb edir. İstədiyi məbləğ isə az deyil-100 000 manat.
Deputatın fikrincə, ondan bu qədər pulun tələb olunması qətiyyən ədalətli deyil. Nədən ki, hadisə əslində piyadanın səhlənkarlığı ucbatından baş verib, buna baxmayaraq, qəza törədən tərəf indiyə qədər onun bütün müalicəsini boynuna götürüb və əgər lazım olarsa, yenə bu insani vəzifəsini yerinə yetirməyə hazırdır:“Əgər A.Süleymanovanın müalicəyə (dörd ildən sonra) yenə də ehtiyacı varsa, ona müxtəlif vaxtlarda təklif olunan muayinələrdən qaçmamalıdır”.
Fərəc Quliyev bu məqsədlə ölkənin ən tanınmış həkimləri, hətta Türkiyədən gəlmiş professorlar tərəfindən muayinə və müalicəsini qarşı tərəfə təklif edir. Qarşı tərəf isə iki ayağını bir başmağa dirəyib təzminat istəyir. Tələbin bu qədər konkret qoyulması millət vəkilinin beynində müəyyən şübhələrə yol açır. Onun fikrincə, iddiaçının dərdi müalicə deyil, 100 000 manat təzminat da əslində ikinci dərəcəli məsələdir, əsl səbəb millət vəkilinin şantaj olunmasıdır:
“İsa İsayevin məhkəməyə pul təzminatı ilə bağlı müraciəti, muayinə və müalicələrdən isə qətiyyətlə imtina etməsi onun şantaj yolunu seçdiyini göstərmirmi? Onun professor Paşa Qəlbinurun xəstə üçün ayırdığı vaxtdan yayınması, Turkiyədən gəlmiş Əhməd Məmiş adlı professorun qəbuluna düşməkdən qaçması bir çox mətləblərə aydınlıq gətirir”.
İsa İsayev isə 100 min manatı qızının əməliyyatı üçün istədiyini bildirir. Onun sözlərinə görə, qəzadan sonra Afaq Süleymanovanın müalicəsi düzgün aparılmayıb. Ağır kəllə-beyin travması alan zərərçəkən endivaskulyar əməliyyat olunmalıdır. Bu əməliyyatı isə Azərbaycanda etmək mümkün deyil: “Neyrocərrahiyyə xəstəxanasında müayinədən sonra… məsləhət gördülər ki, Ukraynanın paytaxtı Kiyevdə yerləşən Neyrocərrahiyə İnstitunda Endivaskulyar şöbə var və orda çalışan professor Şeqlov Dmitri Viktoroviç tərəfindən bu əməliyyat həyata keçirilə bilər. Və ora ödəmək üçün yüklü miqdarda vəsait lazımdır ki, o vəsait də məndə yoxdur”. (ps-nota.com)
Bir sözlə, İsa İsayev özünün Çernobıl əlili olduğunu və aldığı təqaüdlə dolandığını bildirərək, 2 uşaq anası olan qızının əməliyyatının millət vəkili tərəfindən maliyyələşdirilməsini tələb edir.
Hadisə necə baş verib?
Fərəc Quliyevin bildirdiyinə görə, qəza 14 noyabr 2012-ci il tarixində törənib. Bu o vaxt idi ki, NATO-nun bir neçə generalı Azərbaycana səfər etmişdi. Generalları qarşılamaq və müvafiq ünvanlara çatdırmaq üçün Azərbaycan ordusunun bir neçə hərbi qulluqçusu bu işə təhkim olunub. Sülhməramlı taborda idman rəsi kimi xidmət edən Türkel Fərəcoğlu da NATO generallarını qarşılayan hərbçilər arasında imiş. Generalları qarşılayıb ünvanına çatdırdıqdan sonra geri dönən kartejin qarşısına bir vətəndaş çıxır. Maşını saxlaya bilməyən Türkel Fərəcoğlu bu qalmaqallı qəzanı törədir.
Qəzaya səbəb olan maşının Müdafiə Nazirliyinə məxsus olması məsələsində həm zərərçəkən, həm də qəza törədən tərəfin fikirlərində haçalanma yoxdur. Afaq Süleymanovanın atası da mətbuata açıqlamalarında həmin maşının dövlət nişanlı olduğunu bildirib: “Maşın dövlət nişanlıdır və deputat Fərəc Quliyevin oğlu Türkel Quliyev tərəfindən idarə olunub” (“Yeni Musavat”, 5 Noyabr 2015).
Millət vəkili 4 il bundan əvvəl hərbi xidmət yerinə yetirilərkən törədilmiş qəzanın üzərindən xeyli keçəndən sonra yenidən mətbuatın gündəmə gətirilməsini də “5-ci kolonun” ona qarşı həyata keçirməyə çalışdığı “qara piar” kampaniyasına KİV-in cəlb edilməsi kimi qiymətləndirir. Onun fikrincə, son zamanlar mətbuatda aparılan bu kampaniyasının əsas məqsədi heç də zərərçəkənin qayğısına qalmaqdan irəli gəlmir. Əksinə, “qara piar”da qəza keçirmiş bir insandan və onun ailə üzvlərindən istifadə olunur ki, bu da heç bir mənəvi və əxlaqi çərçivəyə, jurnalistikanın peşə kodeksinə sığmır. Bütün bunları nəzərə alan Fərəc Quliyev yaydığı yazılı açıqlamasında mətbuat nümayəndələrini ayıq-sayıq və ədalətli olmağa çağırır:
Hörmətli qələm sahibləri! Vətənimizə qənim kəsilən, kreslo yanğısı ilə hər şeydən faydalanmağa çalışan, qarşılarında maneə gördükləri hamını şantaj edən bir cetenin hadisədən yararlanma istəyinə işıq salmağa çalışdım. Sizin də, pis bir ənənənin ayaq tutmaması üçün mövqe nümayiş etdirəcəyinizə əminəm.