Sovet şairinin vəzifəsi və ya Səməd Vurğunu kimlər necə satdı?
18-iyun-2016Məlumdur ki, həyatı obrazlı əksin xarakteri və doğruluğu yazıçının yaradıcılıq metodu ilə müəyyənləşir.
Sənətkarın yaradıcılıq metodu müəyyən ədəbi priyom və qaydaların məcmusu deyil, gerçəkliyi konkret obrazlarda ümumiləşdirmək, dəyərlənddirmək, əks etdirmək prinsipidir. Sovet ədəbiyyatının bəşəriyyətin bədii inkişafında yeni dövrə rəvac vermiş yaradıcılıq metodu sosializm realizmidir. Sosializm realizminin həyatiliyi gerçəkliyi bütün rəngləri və çalarlarının zənginliyi ilə inqilabi inkişafda əks etdirmək tələbindədir. Sosializm realizmi sənətdəki sönük, bəsit, yalan, uydurma hər şeyi rədd edir.
Sovet sənətkarı tipik obrazlar yaratmaqla müəyyən sosial-tarixi hadisənin mahiyyətini göstərir. Bəzi yazıçılarımızın əsərlərindəki ideya-bədii qüsurlar da birinci növbədə sosializm realizmindən uzaqlaşmaqla izah olunmalıdır.
Ədəbiyyatımızın ideya-bədii səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə hər şeydən öncə sosializm realizmi metoduna yiyələnmə uğrunda mübarizədir.
Sovet yazımğçısının vəzifəsi insan qəlbinin mühəndisi olmaqdır. Əgər yazıçının özü həyatdan geri qalırsa, əgər gerçəkliyin mühüm hadisələrini heç də həmişə düzgün dərk etmirsə və nəhayət, həyat həqiqətlərini deyil, mücərrədçiliyi tərənnüm edirsə, bu mühüm vəzifənin öhdəsindən uğurla gələ bilər mi?
Kommunizmin ideallarının həyata keçirilməsi uğrunda mübarizədə sovet yazıçısının yeri ön cəbhədədir. Atəş xəttində qabaqcıl döyüşçü olmaq üçün isə yaxşı silahlanmaq, döyüş sənətini mükəmməl bilmək və öz döyüş texnikasına malik olmaq lazımdır.
Biz, müxtəlif millətlərdən olan yazıılar, sovet xalqları ailəsində yaşayıb-yaradırıq. Çoxmillətli sovet əbədiyyatının gücü onun dərin həyatiliyində, proletar beynəlmiləlçiliyindədir. Bizim milli ədəbiyyatlarda bu gözəl keyfiyyətlərin inkişaf etdirilməsində böyük rus ədəbiyyatının rolu keçmişdə, ələlxüsus isə hazırki dövrdə əvəzsizdir.
Milli yazıçılar klassik rus və milli ədəbiyyatın gözəl nümunələrindən, sosializm realizminin baniləri Qorkinin, Mayakovskinin böyük əsərlərindən öyrənərək sövet yazıçılarının vahid ailəsində məzmunca sosialist, formaca milli əsərlər yaradırlar.
Sovet adamlarının yaradıcı əməyində sovet ailəisini təşkil edən xalqlarımızın “milli xarakterinin” ən yaxşı tərəfləri təzahür edir və inkişafını tapır. Sovet adamlarının mənəvi aləmi inkişaf edib zənginləşdikcə onların “bir dəfəlik verilib dəyişilməz nəsə olmayıb, həyat şəraiti ilə birgə dəyişən” (İ.Stalin.Sobr.soçin.?, t.2, s.296) “milli xarakteri” də inkişaf edir, zənginləşir və dəyişir.
“Milli xarakter”i sabit vərdişlər, zövqlər, adət-ənənələr və sairin məcmusu, əsrlər boyu formalaşmış “xüsusi düşüncə tərzi və dünyanı qavrama” hesab edənlər marksizmə yabançı hesab olunmamalıdır.
Əgər son vaxtlarda yoldaş Səməd Vurğunun bir-birinin ardınca iki olduqca səhv məqalələri çap olunmasaydı (“Böyük sənət məsələləri” – “Oktyabr” jurn., nömrə 2, 1953; “Şairin hüquqları” – “Literaturnaya qazeta”, 1953, 12 may, nömrə56), bu məlum həqiqətləri təkrarlamağa ehtiyac qalmazdı.
Bəzi fikirlərin verilməsindəki müəyyən fərqlərə baxmayaraq hər iki məqalə səhvdir və əslində müəllifin özünün vaxtı ilə Azərbaycanın partiya mətbuatı və ədəbi ctimaiyyəti tərəfindən haqlı tənqid olunmuş ideya-bədii qüsurlarına bəraət qazandırma cəhdidir.
“Böyük sənət məsələləri” məqaləsindəki səhvlər yoldaş Y.Qorbunovanın məqaləsində müfəssəl təhlil olunmuşlar (“Oktyabr”, nömrə 4, 1953).
“Şairin hüquqları” adlanan ikinci məqalədə yoldaş S. Vurğun özünün ədəbiyyata olduqca yanlış baxışlarını müdafiə etməyə çalışır. Çox dərinə getmədən həm birinci, həm də ikinci məqalədə özünə yer almış, bizcə, prinsipial olan və S. Vurğunun həm nəzəri mülahizələrində, həm də yaradıcılığınd təsadüfi olmayan səhvləri göstərək.
“Milli xarakter” anlayışını Səməd Vurğun yanlış, qeyri marksistcəsinə dərk edir. O daha yaxşı tətbiqə layiq təkidlə dönüb-dönüb ayrı-ayrı millətlərdən əsrlər boyu formalaşmış “vərdişləri, adət-ənənələri, zövqləri”, “xüsusi düşüncə və dünyanı qavrama tərzi”nin olmasını vurğulayaraq əsas məsələni-bizim sosialist millətlərini doğmalaşdıran məqamları diqqətdən kənarda qoyur.
Məlumdur ki, bu “əsrlər boyu yaranmış” adət ənənələr, zövqlər, vərdişlər və s. arasında elələri də var ki, onlar feodal-patriarxal həyatın və dünya duyumunun qalıqları olub hal-hazırda gerilik və milli məhdudluğun təcəssümü kimi xalqımızın ruhuna yaddır.
Səməd Vurğunun “Çairin hüquqları” adlı böyük məqaləsi onun bu köhnəlmiş adət-ənənələrini tənqid etdiyini, öz xalqının sosializm dövründə sonrakı inkişafını tapmış xüsusiyyətlərini, Azərbaycan xalqının “milli xarakter”inin onun mənəvi aləmini ölkəmizin başqa xalqları üçün anlaşıqlı və əziz edən cəhətlərini təqdir etdiyini söyləməyə, təəssüf ki, əsas vermir. “Milli xarakter” anlayışı altında Səməd Vurğun çox vaxt öz xalqının xarakterinin əsas xüsusiyyətlərini deyil, ötəri, təsadüfi və bəzən geridə qalmış cizgilərini başa düşür. Bu fikrin doğruluğunu yəqin etmək üçün onun feodal-patriarxal həyatı vəsf edən və milli məişətin bir çox geridə qalmış tərəflərinə, köhnəlmiş adət-ənənələrə rəğbəti aşkar görünən bir sıra əsərləri ilə tanış olmaq kifayətdir.
“Böyük sənət məsələləri” məqaləsinin müəllifi hesab edir ki, milli xarakter problemi bizim ədəbiyyatımızda başqa cür, tipiklik məsələsi ilə bağlı qoyulmalıdır. Məsələnin mövcud, marksist həllinin onu nə üçün qane etmədiyini Səməd Vurğun kifayət qədər izah etmir.(“Oktyabr jurn.”, nömrə 4, 1953, s.174”), – deyən yoldaş Y.Qorbunovanın təəccübünü biz yaxşı başa düşürük.
Həqiqətən də, hər iki məqaləsində Səməd Vurğunun ədəbiyyatımızdakı hansı konkret faktlarla bağlı “milli xarakter” barəsində geniş mülahizələr yürütməsi aydın deyil. Əgər “Şairin hüquqları” məqaləsinin müəllifi milli xarakterdən danışarkən bizim sovet ədəbiyyatı praktikasından konkret misallar gətirsə, həmin misallar əsasında bu və ya digər yazıçının uğursuzluqlarını göstərsə və bunların səbəbinin yaradılmış obrazların “milli xarakter”ə laqeydliyi, milli spesifikanın unudulması olduğunu sübuta yetirsəydi, bu aydın olardı. S.Vurğun belə bir fakt gətirmir, çünki bilməyə bilməz ki, bir sıra əsərlərimizin çatışmazlığı qəhrəmanın “milli xarakter”inin unudulmasında deyil (düzdür, belə misallar da göstərmək olar), kommunizm qurucusu olan müasir sovet adamının obrazının tam göstərilməməsində, bizim sovet adamlarının zəngin mənəvi aləminin və səciyyəvi xüsusiyyətlərinin açılmamasındadır.
“Milli xarakter” – psixoloji xüsusiyyətlərin başa düşülməsinə gəldikdə isə onu böyük Belinskinin hələ “Yevgeni Onegin”məqaləsində yazdığı kimi zahiribəlamətlərdə axtarmaq olmaz.
Səməd Vurğunun Azərbaycanın, Gürcüstanın, Belorusiyanın bir sıra görkəmli şairlərinin istedadı “yalnız milli zəmində yaranıb püxtələşə bilərdi” kimi qəti fikri qəribə səslənir.
S.Vurğun burada da öz əqidəsinə sadiq qalaraq unudur ki, müxtəlif millətlərdən olan bu şairlər təcrid olunub yalnız “milli zəminlə” məhdudlaşdıqlarına görə böyüyüb yetkinləşməyiblər, onlar sovet xalqları ailəsində yaşayırlar, buna görə də bir çox başqaları kimi bu şairlər də özlərini əbədi “milli formanın özünə məxsus xüsusiyyətləri” ilə buxovlamayıblar, onlar digər sovet xalqları ilə qarşılıqlı təsir, əlaqə prosesində öz xalqlarının ədəbiyyatını genişləndirir, zənginləşdirirlər.
“Şairin hüquqları” məqaləsində Səməd Vuröunun yüksək poeziya haqqında mülahizələri çox yer tutur. Məqalənin müəllifi “poeziyanın romantik vüsətsiz” ötüşə bilməyəcəyini söyləyir və fikrini konkretləşdirərək yazır: “Bəs nə üçün, özümdən soruşuram, mənim qəhrəmanlarımın dili emosianallığına, vüsətinə görə Lenski, Otello, Tatyana, Dezdemonanın dilindən geri qalmalıdır. Nə üçün Nizamidə adi daşyonan Fərhad fəlsəfi səslənən yüksək poetik sözlərlə danışırdı, dünyanın ən qabaqcıl fəlsəfəsinə yiyələnmiş müasir sovet adamları isə şairlərin əsərlərində bu hüquqdan məhrumdurlar.
İnanıram ki, poetik dildəki təntənə və vüsət yalnız mütərəqqi ideallaırn bəzi şairlər tərəfindən mücərrəd-romantik obrazlarda verildiyi keçmişə məxsus deyil”.
Səməd Vurğunun bu fikri “Böyük sənət uğrunda”adlı kiçik məqaləsində daha bariz ifadə olunmuşdur. O yazır: “ Nə üçün sərkərdə mavr Otello yüksək poetik dillə danışa bilirdi, bizim sərkərdələr isə belə dildə danışmamalıdırlar?”
Yuxarıdakı sitatlardan göründüyü kimi Səməd Vurğunun fikirləri sırf mücərrədçilikdir. Bu mülahizələrdə ədəbi hadisələrə tarixi yanaşmadan əsər əlamət də yoxdur. Bu fikrin sadəlövh cəfəngliyini aşkar görmək üçün tamamilə başqa sosial formasiyanın insanı, başqa mənəviyyata malik sovet sərkərdəsinin Otellonun dilində, öz əmək hünərləri ilə xalqın məhəbbətini qazanmış kolxozçu qadının isə Dezdemonanın dilində danışmasını təsəvvür etmək kifayətdir. Yeri gəlmişkən qeyd edək ki, məqalələrində və bəzi ədəbi mülahizələrində “poetik dilin vüsəti”ndən danışanda Səməd Vurğun həmişə köhnə romantik poeziyanın arsenalından götürülmüş epitet, təşbih, metafora və s. nəzərdə tutur. Qəribədir ki, Şekspir, Puşkin və dünya ədəbiyyatının digər korifeylərindən danışanda S.Vurğun bizimyazıçıları onlardan həyata dərindən nüfuz etməyi, öz qəhrəmanlarının daxili aləmini hərtərəfli açmağı, xarakterlərin təsvirində dəqiq almağı öyrənməyə çağırmır, nə üçünsə bu və ya digər böyük söz sənətkarının yalnız dil xüsusiyyətlərindən danışır. O, bədii əsərdə dilin mücərrəd kateqoriya deyil, həmişə konkret-tarixi səciyyəli hadisə olduğunu ya başa düşmür, ya da başa düşmək istəmir.
Bədii əsərin qəhrəmanının dilini onun dünya duyumu, həyat təcrübəsi və xarakterindən də ayrı təsəvvür etmək olmaz. Buna görə də, təbii ki, bizim günlərin neftçisi və ya şaxtaçısı Nizaminin Fərhadının dili ilə danışa bilməz və danışmamalıdır. Əgər biz onları “Nizaminin Fərhadı kimi” “fəlsəfi səslənən poetikləşdirilmiş sözlərlə” danışmağa məcbur etsək, həyat həqiqətinin əleyhinə getmiş olardıq. (Mötərizədə qeyd edək ki, Fərhad heç də adi daşyonan deyil, dostu Şapurun sözlərinə görə, “Evklidi dərk etmiş” yüksək təhsilli adamdır). Yoldaş S. Vurğunun ikinci məqalədə dil haqqında dediklərinin hamısını “emosiaonallıq, vüsət mənasında” deməsinə gəldikdə isə, bir onu qeyd etmək kifayətdir ki, XIX əsr rus yazıçılarının böyük əsərlərində, bir çox qabaqcıl sovet yazıçılarında, məsələn, Şoloxovda və ya Fadeyevdə, bu emosionallıq orta əsrlər ədəbiyyatında kirayə götürülmüş yüksək üslublu dildən istifadə yolu ilə deyil, qəhrəmanlarının dillərinin onların hərəkətlərinə müvafiq gəlməsinin dərk olunması yolu ilə əldə olunur.
Sual doğur: nə üçün hamıya məlum olan bu həqiqət Səməd Vurğunu qane etmir və o, konkret ədəbi hadisələrdən uzaqlaşaraq hansısa vüsətli-romantik poeziyaya səsləyir?
Bütün bunların səbəbi ondadır ki, S.Vurğun sosializm realizmi ilə yola getmir və bu da, yeri gəmişkən, yeni deyil. Realizmə inamsızlıq S. Vurğunun inadla can qurtarmaq istəmədiyi köhnə xəstəlikdir. Son on ildə onun yaradıcılığında müşahidə olunan iri ideya-bədii qüsurlar da məhz bununla şərtlənir.
Vurğunun ədəbiyyatımızdakı həyat fonunda ruhlar və ya alleqorik fiqurların deyil, real adamların: poladəridənlər, kolxozçular, mühəndislər, partiya işçilərinin təsvir olunduğu bəzi əsərləri pisləməsini də onun sənətdə realist metodu xoşlamaması ilə izah etmək olar.
S.Vurğunun ən yaxşı əsərlərini məhz romantik vüsət hesabına yaratması kimi əsassız fikrindən fərqli olaraq, oxucular əsl həqiqəti bilirlər: S. Vurğun məhz realizmə sadiq qalanda uğur qazanır. Bunu təstiqləyən misalları elə onun öz yaradıcılığından gətirmək olar.
Realizmdən uzaqlaşmağın, marksizm-leninizmlə zəif silahlanmağın, xalqın həyatından uzaqlığın yazıçı üçün necə ciddi ideya-siyasi səhvlərlə nəticələnə biləcəyi onun özünün bir sıra son dövr şeirləri, poema və dram əsərlərində,özü bunu istəsə də, istəməsə də, “xeyirlə şərin əbədi mübarizəsi” kimi mistik-dualist fəlsəfəni cidd-cəhdlə təbliğ etməsi faktından görmək olar.
(ardı var)
Rəsul Rza,
Süleyman Rüstəm,
Məmməd Rahim
16.06.1953”
“Yeni nəfəs” qəzeti,
07-20 iyul 2007-ci il