Bu gün:
Xezer.info » Xəbər » DTX-nın Xırdalan əməliyyatı: Terrorçuların evindən nələr çıxdı? - SİYAHI

DTX-nın Xırdalan əməliyyatı: Terrorçuların evindən nələr çıxdı? - SİYAHI


DTX-nın Xırdalan əməliyyatı: Terrorçuların evindən nələr çıxdı? - SİYAHI
Oktyabrın 25-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən müxtəlif dini etiqadlara mənsub üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş ünvanda – Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilə Abşeron rayon prokurorluğunun və Baş Prokurorluğun Kriminalistika şöbəsinin prokuror-kriminalistlərinin iştirakı ilə baxış keçirilib.

Bu barədə Yenicag.az-a Abşeron rayon prokurorluğundan bildirilib.

Baxış zamanı mənzildən 5 ədəd patronla birlikdə 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbaraları, 7 ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış “Molotov kokteyli”, həmin partlayıcı-yandırıcı predmetlərin alışması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcılar, “Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş 4 ədəd alışdırıcı maye ilə dolu 5 litrlik plastik qablar aşkar edilələrək müvafiq qaydada qablaşdırılıb maddi sübut kimi götürülüb.

Faktla bağlı hazırda Abşeron rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Xatırladaq ki, dünən DTX keçirilən əməliyyat zamanı məlumat yayıb. Məlumatda bildirilib ki, qabaqcadan əlbir olan bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində Azərbaycan ərazisində terror aktları planlaşdırdıqları barədə DTX-ya daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib, qeydə alınan fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib. Müəyyən edilib ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Abdullah” ləqəbli Azərbaycan Respublikasının vətəndaşı Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlunun yaşadığı evdə toplaşaraq sonuncunu qeyd olunan cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin “əmir”i seçiblər.

Həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlayıb, 2017-ci il oktyabr 22-də Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində seçdikləri məkanda sınaqdan keçiriblər. Əməliyyat-texniki yolla ətraflı qeydə alınmış həmin şəxslərin görüşlərində onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəliblər.

DTX-da başlanılmış cinayət işi üzrə barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış şəxslərin saxlanılması üçün 2017-ci il oktyabrın 25-də kompleks əməliyyat tədbirləri keçirilib.

Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, “Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu, “Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər.

Qeyd edək ki, Milli Şura Bakıdakı “Məhsul” stadionunda mitinq keçirəcəyini bəyan edib.