Bərdədə “Qarabağ Aqrar Senaye” kompleksindən mənimsənilən pullar sələmə verilir? – 32 milyonluq maxinasiya
23-okt-2017Azərbaycanın ən böyük aqrar sənaye rayonlarından olan Bərdədə 32 milyon manat havaya necə sovruldu?
Neft pullarının ölkəyə güclü axınından sonra ölkədə total olaraq sahibkarlığın inkişafı geniş vüsət aldı. Orta həcmli fabriklər, yüngül sənaye zavodları ilə yanaşı, bir sıra iri həcmli sənaye kompleksləri də yaradıldı. Yeni inşa olunan müəssisələrə dövlətin birbaşa maddi yardımı ilə yanaşı, bütün bürokratik əngəllər də aradan qaldırıldı. Təkcə 2005-2012-ci illər ərzində Azərbaycanda orta sahibkarlığın inkişafına 14 milyard manatdan artıq vəsait sərf olundu. Sərf olunan vəsaitlərin 70 faizdən çoxu dövlət büdcəsi hesabına olub.
Ancaq təəssüflər olsun ki, milyardların ölkəyə axdığı bir dövrdə bəzi məmurların bacarıqsızlığı, daha doğrusu şəxsi mənafeləri naminə milyonlarla dəyəri olan bəzi iri miqyaslı layihələr iflasa uğradı. Dövlətin bu kimi layihələrə ayırdığı milyonlarla vəsait təyinatı üzrə xərclənmədiyinə şübhə ola bilməz.
Milyonların, daha dəqiqi 32 milyon manatın havaya sovrulduğu, mənimsənildiyi layihələrdən biri də Sahibkarlığa Kömək Milli fondunun maddi dəstəyi hesabına Bərdə rayonunda tikilmiş “Qarabag Aqrar Sənaye” kompleksidir.
AzFakt.com-un internet media üzərindən apardığı araşdırmalar zamanı əldə etdiyi məlumata görə, Bərdə rayonunun maldarlıqla məşğul olan ən böyük kəndlərindən biri olan Mehdili kəndinin 35 hektarlıq ümumi otlaq sahəsi “Qarabag Aqrar Sənaye” kompleksinin tikintisi zamanı qeyri-qanuni olaraq kompleksin rəhbəri Vahid Rzayev və Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən zəbt olunub. Əvəzində isə kənd sakinlərinə heç bir kompensasiya verilməyib. Halbuki, məlumata görə, layihənin icrası zamanı ərazinin alınması üçün 3 milyon manat ayrılması nəzərdə tutulubmuş. Belə ki, nəzərdə tutulan 3 milyon manata indiki Mehdili kəndinin otlaq sahəsi yox, Bərdə rayonunun Xamtorpaq adlanan ərazisində 400 hektar torpaq alınaraq komplkeksin tikintisi üçün istifadəyə verilməli imiş. Ancaq Vahid Rzayevlə Vidadi İsayevin maxinasiyası nəticəsində “Qarabag Aqrar Sınaye” kompleksi indiki uyğunsuz yerində inşa edildi.
Araşdırma nəticəsində məlum olub ki, dövlətin 32 milyon manat vəsaiti hesabına ərsəyə gəlmiş “Qarabag Aqrar Sənaye” kompleksi hal-hazırda iflas durumundadır. Belə ki, məlumata görə, hazırda ümumi olaraq 600 başa yaxın heyvanın saxlanıldığı kompleksde halbuki 6000 başa yaxın südlük və ətlik heyvan bəslənməli idi. Bundan əlavə olaraq kompleksin yerləşdiyi ərazi də müəsisə üçün tam uyğunsuzdur. Belə ki, Beyləqan-Yevlax magistral yolunun kənarında inşa edilən kompleksin inkişafı üçün ətrafında 1 metr boş torpaq sahəsi yoxdur. Müəssisənin inkişafını kompleksin önündən keçə magıstral və Yuxarı Qarabag kanalı, arxadan isə “şor kanal” əngəlləyir. Məlumatda deyilir ki, son dəfə kompleksə gələn kənd təsərrüfatı naziri Heydər Əsədov da buradakı vəziyyətin bərbadlığını, ərazinin kompleksə görə çox kiçik olduğunu Vidadi İsayevin nəzərinə çatdırıb. Vidadi İsayev isə “Qarabag Aqrar Sənaye” kompleksinin böyründə Vaqif adlı şəxsə məxsus olan fermanın ərazisini də nazirə kompleksin ərazisi kimi təqdim edib. Ancaq Heydər Əsədovun buna inanmadığı deyilir.
Mənimsənilən milyonlar sələmə verilir?
Vidadi İsayevin paytaxtdan gələn hökumət nümayəndələrinə işgüzar işadamı kimi təqdim etdiyi Vahid Rzayev “qara işlərlə” də məşğul olduğu haqda məlumatlar dolaşmaqdadır. Ötən günlərdə mətbuatda yayılan bir informasiya Vahid Rzayevlə Vidadi İsayevin “Qarabag Aqrar Sənaye” kompleksinin tikintisindən mənimsənilən milyonlara az da olsa “işıq saldı”. Bərdə rayonunun Mehdili kənd sakinləri Salmanzadə Şahin və Həsən Sadıqov tərəfindən Prezident İlham Əliyev cənablarına və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanmış şikayət məktubunda Vahid Rzayevin kriminal əlaqələrindən, müflis olmuş iş adamı Şahin Salmanzadənin və Həsən Sadıqovun maşınlarına tiryək qoyulmaqla hədələnməsi barədə məlumat gedib. Ölkə rəhbərliyinə ünvanlanan həmin məktubda iddia olunur ki, Vahid rzayevin bu təhdididndən sonra iş adamları ölkədən Rusiyaya qaçıb. Ancaq bu da iş adamının harayına çatmayıb. Belə ki, ölkədən Rusiyaya gedən kriminal dəstə Həsən Sadıqovdan Rusiyada 400 min manat alıblar.
Saytımızın əldə etdiyi məlumata görə, Vahid Rzayev “Qarabağ Aqrar Sənaye” kompleksinə rəhbərlik etməklə yanaşı həm də, rayondakı sahibkarla aşağı faizlərlə böyük məbləğlərdə pul verir. Ehtimal olunur ki, milyonlarla dövriyyədə olan bu pullar kompleksin tikintisi zamanı mənimsənilən və Vidadi İsayevində şərik olduğu pullardı.
Yazıda qeyd etdiyimiz məsələlərlə bağlı Bərdə rayon icra hakimiyyətinin münasibətini öyrənməyə çalışsaqda heç bir cavab ala bilmədik.
Araşdırmalarımız davam edir.