Bu gün:
Xezer.info » Eksklüziv » Goranboy icra başçısı ölkə rəhbərliyinə qarşı - GÖRÜNMƏMİŞ DƏRƏBƏYLİK

Goranboy icra başçısı ölkə rəhbərliyinə qarşı - GÖRÜNMƏMİŞ DƏRƏBƏYLİK


Goranboy icra başçısı ölkə rəhbərliyinə qarşı - GÖRÜNMƏMİŞ DƏRƏBƏYLİK
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin adı növbəti qalmaqala qarışıb.

Bir neçə aydır Qaynarinfo.Az saytının və digər media orqanlarının diiqqətdə saxladığı mövzu ötən gün kulminasiya nöqtəsinə çatıb.

Xatırladaq ki, söhbət başçının İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində çalışan Əli Təhməzova qarşı apardığı "səlib yürüşü"ndən gedir.

Ə.Təhməzov 2003-cü ildən etibarən Goranboy rayon İcra Hakimiyyətində məsləhətçi kimi işə başlayıb. 12 il müddətində işini layiqincə yerinə yetirən Əli Təhməzov icra hakimiyyəti tərəfindən dəfələrlə fəxri fərmanlara layiq görülüb. Ancaq bütün bunlara baxmayaraq, 2015-ci ilin iyul ayından etibarən icra başçısı tərəfindən səbəbsiz olaraq təzyiqlərlə üzləşib. Belə ki, başçı Nizaməddin Quliyev yalnız özünə bəlli olan hansısa "səbəblərdən" Ə.Təhməzova öz ərizəsi ilə işdən çıxmasını tələb edir. Bununla razılaşmayan Ə.Təhməzova qarşı davamlı təzyiqlər və şər-böhtan kampaniyası başlayır.

Baş məsləhətçinin nəyin bahasına olursa-olsun işdən çıxarmağa çalışan Nizaməddin Quliyev "hüquqi zəmin" yaratmaq üçün öz tabeliyində olan bir neçə şəxsi Ə.Təhməzovdan prokurorluq orqanlarına şikayət yazmağa məcbur edir. Baş məsləhətçidən şikayət yazan rayonun Xanqərvənd kəndi inzibati ərazi üzrə icra nümayəndəsi Mücahid Dəmirov Ə.Təhməzovu ona ödədiyi qəzetə abunə haqqını mənimsəməkdə ittiham etmişdi. Daha bir neçə nəfəri də Ə.Təhməzovun üzünə durmasına vadar edən icra başçısı bununla onu ləkələyərək vəzifəsindən kənarlaşdırmağa çalışırdı. Lakin Baş məsləhətçinin və valideynlərinin ölkə rəhbərliyinə, ali orqanlara müraciətlərindən sonra dekabrın 21-də Goranboy Rayon məhkəməsində işə baxılmış və ədalət öz yerini tapmışdır.

Belə ki, hakim İsmayıl Əbdülrəhmanlının sədrliyi ilə keçirilən məhkəmə prosesində başçının havasına oynayan 4 nəfərin Baş məsləhətçiyə şər-böhtan atdığı sübuta yetirilmiş və onların hər biri məhkəmə tərəfindən cəzlandırılmışdır.

Ölkə rəhbərliyinin diqqətində olan bu məsələdə ədalətin zəfər çaldığını düşünsək də, məhkəmə qərarından və ölkə rəhbərinin ədalətindən qəzəblənmiş icra başçısı Nizaməddin Quliyev bu qərarı tanımadığını nümayiş etdirib və Ə.Təhməzovun işdən azad edilməsi haqqında sərəncam verib.

Son bir ildə məsələni həyacanla izləyən Goranboy camaatı ölkə rəhbərliyinin növbəti ədalətli müdaxiləsinə ümid edir.

Qeyd edək ki, anoloji hadisə Goranboy İcra Hakimiyyətində ilk deyil. Bu haqda yazımızın sonunda təkrar bəhs edəcəyik.


ƏLİ TƏHMƏZOV: "İCRA BAŞÇISI MƏNƏ ŞƏR ATIR"

Mövzunu bir də Əli Təhməzovun özündən dinləyək. Qafqazinfo-ya danışan Təhməzov durumu belə izah edib:

"Mən 2003-cü ildən icra hakimiyyətində işə başlamışam. 2015-ci ildə icra başçısı Nizaməddin Quliyev məni Nərimananlı kəndinə nümayəndə əvəzi göndərdi, sonra məcbur etdi ki, orada da qalım. Mənim də anam xəstədir, ona görə həmin kənddə işləyə bilməyəcəyimi dedim. Buna görə də başçı mənimlə konfliktə girdi və "səni işdən çıxaracağam", dedi.

Bunun ardınca Xanqərvənd kənd nümayəndəsi Mücahid Dəmirovu mənim üzümə qoydu ki, guya ondan 55 manat rüşvət almışam. Ümumi şöbənin müdiri Sayad Quliyev və Ərazi İdarəetməsi şöbəsinin müdiri İlham Məmmədov məni çağırıb dedi ki, başçı deyir ya özü ərizəsini yazıb işdən çıxsın, ya da işi prokurorluğa göndəririk. Mən də dedim göndərin. Prokurorluq araşdırma apardı və cinayət işinin başlanılmasını rədd etdi.

Bundan sonra başçı Nizaməddin Quliyev daha 3 nəfəri öyrədib mənə şər-böhtan atdı. Əlirzalı kənd icra nümayəndəsi Faiq Quliyev, Goranlı nümayəndəsi Xəqani İsgəndərov və Tatarlı nümayəndəsi Ziya Şükürov məndən şikayət etdilər ki, guya mənə pul veriblər. Yazmışdılar ki, biri 20 manat, o biri 60 manat pul verib. Bu iş də prokurorluqda araşdırıldıqdan sonra rədd edildi. Mən də bu dörd nəfəri məhkəməyə verib maaşları qədər təzminat tələb etdim. Dekabrın 15-də məhkəmə mənim lehimə qərar qəbul etdi. Onlardan üçünün, Faiq Quliyev, Xəqani isgəndərov və Ziya Şükürovun iddiaları böhtan hesab edildi və hər biri 290 manat cərimələndi”.

Ə.Təhməzovun sözlərinə görə, məhkəmə qərarı başçını daha da qəzəbləndirib və onu işdən azad edib: "Məhkəmə qərar verəndən bir neçə gün sonra, yəni dekabrın 21-də icra başçısı özünün Şura İclasını topladı. O da qanunsuz oldu, çünki iclasda iştirak etməli olan hüquq-mühafizə orqanları orada yox idi. İclasda ancaq öz şöbə müdirləri və müavinləri idi. Mən də məhkəmə qətnaməsini iclasda icra başçısına təqdim etdim. Dedi ki, öz bildiyimi edəcəyəm. Bu gün əmr verib məni işdən azad etdi. İcra başçısı Nizaməddin Quliyevin bu qərarından məhkəməyə müraciət edəcəyəm”.


BAŞÇI İCRA HAKİMİYYƏTİNDƏ BAZAR AÇIB?


Yazının birinci hissəsində qeyd etdiyimiz kimi, anoloji hadisə ilk dəfə baş vermir. 2015-ci ildə icra başçısı Nizaməddin Quliyev hümanitar məsələlər üzrə müavini Elnarə Yusifovanı işdən çıxarıb yerinə Mirvari Ağamaliyevanı təyin edəndə də oxşar qalmaqal yaranmışdı.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Elnarə Yusifova işdən çıxmasının səbəbi kimi İcra Hakimiyyətindəki haqsızlıqları önə çəkmişdi.

"İcra başçısı ilə aramda narazılıq oldu. Belə ki, tabeliyimdə olan müəssisələrdə yoxlamalar aparmışdım və işlərində səhvlər aşkarlamışdım. O müəssisələrin işində olan nöqsanların aradan qaldırılması istiqamətində hər hansı nəticə əldə edə bilmədim və ərizə yazıb işdən ayrıldım”.

Gözlədiyi iş prinsipinin Goranboy rayon İcra Hakimiyyətində olmadığını deyən E.Yusifova ölkə üzrə işdən çıxarılan ilk qadın müavin olmasının özünə pis təsir etdiyini deyir.

E.Yusifova onun yerinə təyin edilən Mirvari Ağamalıyevanın isə 30 min manat verərək həmin vəzifəyə gəldiyini vurğulayıb.

"Həmin xanım heç nə görmür, deyir 30 min manat verib və o pulu çıxarana qədər oturub gözləyəcək, onun onsuz ayrı nə fəaliyyəti olacaq ki... ”.


SUSAN TELEFONLAR, CAVABSIZ SUALLAR...

Mövzu ilə bağlı İcra Hakimiyyətinin də mövqeyini öyrənmək cəhdlərimiz isə nəticə vermədi. Belə ki, öncə icra hakimiyyətindən bizi adı yuxarıdakı "30 min manatlıq" korrupsiya olayında hallanan humanira məslələr üzrə müavin Mirvari Ağamalıyevanın nömrəsini verdilər. Mirvari xanım isə Əli Təhməzovun adını eşidən kimi telefonu qapatdı. Sonrakı israrlı zənglərimizə isə cavab verən olmadı.

İcra hakimiyyətini elektron ünvanına göndərdiyimiz suallar da cavabsız qaldı.

Ona görə də cavabsız suallarımızı saytımız vasitəsi başçının və ölkə ictimaiyyətinin diqqətinə çatdırmaq məcburiyyətində qalırıq:

1. İcra başçısı baş məsləhətçi Əli Təhməzovla nəyin davasını aparır?

2. İddia var ki, baş məsləhətçi vəzifəsi kiməsə 15 min manat rüşvət qarşılığında söz verilib. Bu nə qədər doğrudur?

3. Başçı sərəncam verib ki, Təhməzov işdə yol verdiyi nöqsana görə işdən çıxarılıb. Bu qərarın məhkəmə qərarından dərhal sonra verilməsi və onunla tam ziddiyyət təşkil etməsi doğrudan da başçının qərəzli olduğunu göstərmirmi?

... Mövzunu diqqətdə saxlayacağıq./qaynarinfo.az