PREZIDENT TAPŞIRIR, NƏSIMI RAYON ICRA BAŞÇISI ISƏ “QAN AĞLADIR”
12-okt-2017“Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”
Ətraf mühitlə bağlı problemlərin varlığı və aradan qaldırılması, hər zaman hər kəsi düşündürən məsələlərdən olub. Odur ki, yaşıllıqların qorunması, meşə zolaqlarının mühafizəsi, müəyyən ərazilərdə tüğyan edənerroziyanın qarşısının alınması və s. kimi problemlərin həlli, olduqca əhəmiyyət kəsb edən məsələlərdən olub. Belə bir səbəblər üzündən də, hələ bir neçə il bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev bu yöndə əmələ gələn problemlərin varlığına xüsusi diqqət yetirdi və aidiyyətı qurumlara onların həlli ilə bağlı müvafiq tapşırıqlarını da verdi.
Hətta, Prezident İlham Əliyev meşə zolaqlarında və digər ərazilərdə olan ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu və bu cür hallara qarşı ciddi mübarizə tədbirlərinin görülməsini, belə bir hallara yol verən hər kəsin birbaşa məsuliyyətə cəlb edilməli olduğunu Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli iclasındakı yekun nitqində də vurğulayaraq
bildirmişdi ki, “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların qanunsuz kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.
Bəli, bu cür tapşırıqlar ölkə rəhbərinin ortaya qoyduğu yanaşma oldu. Bu da onu söyləməyə əsas verir ki, ölkəmizdə yaşıllıqların salınması, ekoloji tarazlığın qorunması istiqamətində müəyyən tədbirlərin görülməsinə, qanunsuz ağac kəsilmələrinə qarşı ciddi mübarizə tədbirlərinin davam etdirilməsinə baxmayaraq, bu gün də yaşıllıqların məhv edilməsi, meşə zolaqlarının qanunsuz yollarla kəsilməsi hallarına yol verilməkdədir. Məsələn, bu gün Bakı şəhəri, Nəsimi rayonu Cavadxan küçəsi-17A ünvanda böyük tikinti işləri aparılır. Tikinti işlərinin aparıldığı ərazidə vaxtilə xeyli sayda yaşıl ağac var idisə, bu gün onların çoxundan əsər-əlamət qalmayıb. Tikinti işlərini aparanlar təqribən 50-80 il ərzində boya-başa çatan ağaclara elə divan tutublar ki, bu gün onlardan yalnız bir neçəsi qalıb. Yəqin ki, yaxın günlərdə həmin ağacların da həyat yollarına “əlvida” deyiləcək. Çünki, hələlik ikimərtəbəsi inşa olunan tikinti işlərinə bitişik olan bir neçə ədəd yaşıl ağac maneə olur. Bəzilərinin isə yarıdan yuxarı hissəsini kəsiblər. Odur ki, ya tikinti işləri tam dayandırılmalı, ya da ki, həmin ağaclar lap kökündən kəsilməlidir. Biz isə heç cür inana bilmərik ki, hələlik adını dəqiqləşdirə bilmədiyimiz tikinti işinin sahibi bir neçə ədəd yaşıl ağaca görə işlərin dayandırılmasına qərar versin. Çünki, ümumi işin ahəngindən görünür ki, həmin şəxs bu işlərə görə külli miqdarda vəsaitini xərcləyib.
Əlavə olaraq onu da vurğulayaq ki, hal-hazırda tikinti işlərinin aparıldığı əraziyə yaxın yerdə, sovet dönəmindən tikilmiş bir neçə beşmərtəbəli yaşayış binaları var. Həmin binaların orta hissələrində xeyli sayda yaşıl ağaclar əmələ gəlmişdi ki, isti yay günlərində bina sakinləri onların sərinliyində istirahət edər, azyaşlılar isə oynayardılar. Bu gün sakinlərin istirahət etmələrinə və azyaşlıların deyib-gülmələrinə “qənim kəsilən” Nəsimi RİH-nin başçısı Asif Əsgərov, tikinti işinin sahibi ilə əlbir olaraq ölkə rəhbəri cənab İlham Əliyevin yaşıllıqlarla bağlı vermiş olduğu tapşırıqları saya salmırlar. Belə bir addımlar da, artıq əndazənin aşılması deməkdir. Əgər bu belə deyilsə, o halda icra başçısı vəzifəsini daşıyan cənab Asif Əsgərov, ilk növbədə möhtərəm Prezidentin verilmiş olduğu tapşırıqlara əməl edərdi.
İndi olub-keçənlərə diqqət yetirək. Bir tərəfdən ölkə rəhbəri yaşıllıqların qorunması, problemlərin aradan qaldırılması istiqamətində lazımi tapşırıqlarını verir, digər tərəfdən bəzi vəzifə sahibləri verilmiş tapşırıqlara məhəl qoymurlar. Bu cür qanunsuzluqlara qol qoyanların daha çoxu, məhz tikinti sektoru ilə məşğul olanların olduqları bildirilir. Məsələn, çox zaman həmin şəxslər əldə etdikləri çirkli pullar hesabına icra başçıları ilə işbirliyinə girirlər və yaşıllıqların olduğu ərazilərə müəyyən yollarla sərəncamlar alıb tikinti işlərinə də başlayırlar. Xoşagəlməz hal o olur ki, həmin vaxt yaşıllıqlara yaxın ərazilərdə yaşayan sakinlərin haqlı narazılıqlarına heç cür məhəl qoyulmur.
Hələ məhrum prezidentimiz Heydər Əliyev də hakimiyyətdə olarkən «Bir ağacın kəsilməsi bir qolumun kəsilməsidir» demişdir. Belə bir kəlamın işlədilməsi bir daha onu söyləməyə əsas verir ki, xalqımızın Ulu Öndəri həmişə ətraf mühitlə bağlı problemlərəxüsusi diqqət göstərmiş və o da, bəlli münasibətini ortaya qoymuşdur. Ümumiyyətlə, məhrum prezidentimiz hakimiyyət illərinin bütün dönəmlərində meşə zolaqlarının qorunmasına, yaşadılmasına xüsusi diqqət yetirmiş və bu sahənin mühafizə olunması istiqamətində aidiyyəti qurumlara lazımi tapşırıqlarını da vermişdir. Möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən 2010-cu ilin «Ekologiya ili» elan olunması isə, bir daha ətraf mühitə bəslənilən diqqət və qayğının varlığını göstərdi.
Bəli, bu gün ölkə rəhbəri lazımi tapşırıqlarını verir, yerli vəzifə sahibləri isə verilmiş tapşırıqlardan irəli gələn addımları atmaq əvəzinə, düşünüb-daşındıqları addımlarını atırlar. Deməli, bu məmləkətdə hər kəsin Vətən sevgisi olmalıdır ki, vətənini, xalqını sevə bilsin. Diqqəti o məqama da yönəldək ki, ölkə rəhbəri ilə bərabər, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyeva və onların ailə üzvləri, müəyyən vaxtlarda “hərəyə bir ağac əkək” adı altında marafon tədbirləri həyata keçiriblər. Atılan addımlar zamanı onminlərlə ağaclar əkilib, yeni-yeni yaşıllıqlar salınıb, bir sözlə ekologiyamızın qorunması və ətraf mühitdə əmələ gələn problemlərin aradan qaldırılması daim öndə tutulub. Bu belə olduğu halda, görəsən ekologiyamızın varlığına “qənim kəsilənlər” atılan addımlardan niyə ibrət dərsi götürmürlər?. Yoxsa zamanı çatmayıb? Odur ki, gəlin həm düşünək, həm də bir qədər götür-qoy edək. Çünki...
AZERINFO.AZ