Bəzi dairələr öz maraqlarını təmin etdirmək üçün Azərbaycana qarşı çirkin kampaniyadan istifadə edirlər - deputat
12-okt-2017Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycanla bağlı qəbul edilən sənədlər qərəzlidir, qeyri-obyektivdir və ölkədə gedən prosesləri düzgün əks etdirmir.
Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, Azərbaycanda insan haqları tam qorunur, demokratik təsisatlar normal fəaliyyət göstərirlər və ölkəmiz Avropanın özünə nümunə ola bilər:
“Amma çox təəssüflər osun ki, bəzi dairələr öz maraqlarını təmin etdirmək, Azərbaycana öz şərtlərini qəbul etdirmək üçün bir sıra beynəlxalq qurumlardakı bəzi dairələr vasitəsilə ölkəmizə qarşı təzyiq dilində çirkin kampaniyadan istifadə edirlər ki, Azərbaycan onların şərtlərini qəbul etsin. Ancaq onlar bilməlidirlər ki, Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək. Dövlətimiz şəffaf, ədalətli, qarşılıqlı hörmət əsasında bütün ölkələrlə əməkdaşlıq edir. Diktə, şərt, qeyri-obyektiv, qərəzli təzyiq ilə Azərbaycan öz siyasətini dəyişməyəcək”.
Deputat qeyd edib ki, Azərbaycan ictimaiyyətinin Avropa Şurası ilə bağlı gözləntiləri özünü doğrultmadı, təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə heç bir dəstək vermədi:
"Təcavüzkar Ermənistan bu gün də Azərbaycan ərazilərini işğal altında saxlayır, ölkəmizə qarşı soyqırımı həyata keçirib və bir milyondan artıq soydaşımızın bütün hüquqlarını tam pozub. Ancaq təəssüflər olsun ki, Avropa Şurası tərəfindən buna heç bir reaksiya verilmir, diqqət yetirilmir".
B.Əliyev qeyd edib ki, Ermənistanda insan haqlarının kobud şəkildə pozulmasına, siyasətçilərin güllələnməsinə baxmayaraq, Avropa Şurası bunlara göz yumur:
"Azərbaycan Avropa Şurasının möhkəmlənməsinə öz töhfəsini verdi, amma qurum Azərbaycanla bağlı heç bir müsbət iş görmədi. Əksinə, Azərbaycana qarşı təşkilat tərəfindən qarayaxma kampaniyası aparılır, ölkəmizə iftiralar atılır. Təəssüflər olsun ki, bu, Avropa Şurasının rəhbərliyi səviyyəsində dəstəklənir və hətta Avropa Şurası rəhbərləri bu çirkin kampaniyaya başçılıq edir. Bu, Avropa Şurasının prinsiplərinə, məqsədlərinə uyğun deyil. Ona görə də əgər Azərbaycan Avropa Şurasını tərk etsə, ölkəmiz bundan heç nə itirmir, amma Avropa Şurası bundan çox şey itirə bilər. Ona görə də düşünürəm ki, bu məsələyə ciddi reaksiya verilməli və Azərbaycanın haqq mövqeyi dəstəklənməli, ölkəmizə obyektiv münasibət olmalıdır".
Qeyd edək ki, oktyabrın 11-də AŞ PA-nın payız sessiyasında “Azərbaycanda demokratik təsisatların vəziyyəti" və “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” qətnamələri qəbul edilib.