Bu gün:
Xezer.info » Siyasət » Büdcə 25 faiz artır: Prezidentin tələbi…

Büdcə 25 faiz artır: Prezidentin tələbi…


Büdcə 25 faiz artır: Prezidentin tələbi…
Ümumiyyətlə, 2017-ci ilin doqquz ayının yekunları müsbətdir.

Bu sözləri Axar.az-a Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin nitqini şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, Prezident bütün məsələləri əhatə etdi:

“2017-ci ilin doqquz ayının yekunlarına həsr edilən çıxışında cənab Prezident bütün məsələlərə toxundu. Birincisi, qeyri-neft sektoru, kənd təsərrüfatının inkişafı, aqrar məhsulların ixrac həcminin və ölkənin valyuta ehtiyatlarının artması bu ilin ən mühüm göstəriciləridir.

İkincisi, müşavirədə bəzi təşkilatların Strateji Yol Xəritələrini tam icra etməməsi ilə əlaqədar iradlar səsləndirildi. Prezident Strateji Yol Xəritələrinə dair nəzərdə tutulan tədbirlərin icrasının gecikməsi ilə bağlı dövlət qurumları qarşısında konkret tələb qoydu. Çünki əsas prioritet hesab olunan tədbirlər var ki, onlar plan üzrə 2020-ci ilə qədər təhvil verilməlidir. Sözügedən qurumlar bilməlidirlər ki, Strateji Yol Xəritəsi Azərbaycanın əsas iqtisadi inkişaf sənədidir.

Üçüncü, turizm sahəsində qeydə alınan böyük inkişafla bağlıdır. Bildiyiniz kimi, turistlərin Azərbaycana marağı ildən-ilə artır.

Dördüncüsü, Prezident yol sektoruna ayrılan vəsaitlərdən və kənd yollarının çəkilişlərindən söz açdı. Doğrudan da bununla əlaqədar çox böyük işlər görülüb.

Hesab edirəm ki, ümumiyyətlə, 2017-ci ilin doqquz ayının yekunları müsbətdir. Ən əsas məqamlardan biri Azərbaycanın milli valyutasının 1,7 səviyyəsində qorunub saxnlanılmasıdır. Bu isə öz növbəsində ixracı müəyyən qədər stimullaşdırır”.

V.Əhmədov qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsi ötən ildən yüksək olacaq:

“2017-ci ildə dövlət büdcəsi 16 milyard manat idisə, bu rəqəm gələn il təxminən 20 milyard manat nəzərdə tutulur. Burada neftin qiyməti deyil, qeyri-neft sektorunun inkişafı əsas götürülür. Zənnimcə, 2018-ci ildə göstəricilər ötən illə müqayisədə daha yaxşı olmalıdır, çünki bir sıra sənaye zonaları artıq istifadəyə verilib. Kənd təsərrüfatında çox böyük inkişaf gedir və ixrac potensialı artır. Bu üzən gələn il daha artımlı il olacaq”.