"LEYLA ŞIXLİNSKAYA" KLİNİKASINDA RƏZALƏT-YENİLƏNİR
11-okt-2017“Təzadlar”a Bakı şəhəri, Səbail r-nu, Badamdar yolu, ev 27 A yaşayan Salehov Dilqəm Balakeda oğlu tərəfindən Leyla Şıxlinsakaya klinikasının həkimlərindən şikayət məktubu daxil olub. Şikayətdə klinikanın həkimlərinə çox ciddi ittihamlar əksini tapıb.
Şikayət məktubunu olduğu kimi təqdim edirik:
"Hörmətli radaksiya!
Sizə müraciət edərək bildirirərəm ki, qızım Atakişiyeva Kəmalə Dilqəm qızı (03.08.1979) 17.07.2017 - ci ildə üçüncü övladını dünyaya gətirmək üçün L.Şıxlinskaya klinikasında keysəriyyə əməliyyatına alınıb. Əməliyyat vaxtı həkimlərin səhvi ucbatından komaya düşdü. Bu azmış kimi komada ola-ola hər iki ayağını dərin yandırmışdılar. Yanıq o qədər dərin idi ki, sümüyü görünürdü. Bizə bunu istiqacla etdiklərini bildirsələrdə, aydındır ki, istiqacla (qrelka) belə dərin yara mümkün deyil. Həm də komada olan adama istiqacın nə köməyi ola bilər?
Komadan tam ayılmamış xəstəni yanığın qana zəhərlənmə verməsindən şübhələnərək yenidən narkozla əməliyyata saldılar. Bu əməliyyatdan sonra qızımda toksiki ensofolapatiya yarandı, yəni özünü idarə edə bilmir, yaddaşı yoxdur, nevroloji üz mimikləri edir, çiyinlərini atır və s. Bu vəziyyətə saldıqları xəstəni hətta xəstaxanadan çıxarmağımızı tələb etdilər. Lakin Səhiyyə Nazirliyi belə ağır xəstənin köçürülməsinə icazə vermədi. Həkimləri kənardan özümüz dəvət etdik. Dərmanlara 20000 manatdan çox pul ödədik. Qızımın ayağını niyə yandırdıqlarını soruşanda bizimlə nəinki həkimə, insanlığa yaraşmayan tərzdə davranmağa başladılar.
“danışmağa vaxtım yoxdur”, deyə dəstəyi üzümüzə qapatdı, bu cür ağır xəstənin ən yaxınlarını görüş vaxtı yanına buraxmadılar. Dedilər ki, baş həkimin göstərişidir. Bizimlə qərəzli davrandılar ki, bu cür ağır hala saldıqları xəstəni buradan çıxaraq. Respublikanın bir neçə ad - sanlı həkimini dəvət etdik. Xəstənin vəziyyətini görən heç bir həkim onu öz xəstəxanasına aparmaq istəmədi. Bütün bunlar azmış kimi sentyabrın 10-da bizi polislə hədələyərək zorla xəstəni çıxartdılar və biz bu cür ağır vəziyyətdə olan xəstəni evə gətirmək məcburiyyətində qaldıq. Qızımın bu körpəsindən başqa da 10 və 12 yaşlarında daha iki uşağı var. Analarını bu halda görən uşaqların və yaxınlarının aldığı mənəvi zərbəni sözlə ifadə etmək mümkün deyil. Hələ maddi tərəfi də dözülməzdir. Şıxlinskaya klinikasına 7000 manata qədər pul ödəmişik, baxmayaraq ki, həkim səhlənkarlığı ucbatından qızımı şikəst ediblər. 20000 manatdan da çox dərman aldırıblar.
Hörmətli Baş Redaktor!
Sizdən xahiş edirəm jurnalist araşdırması aparıb, yuxarıda qeyd etdiklərimi, öz həkimlərinin səhlənkarlığı ucbatından ağır vəziyyətə saldıqları, şikəst etdikləri 3 uşaq anası ilə bu cür qeyri - insani, həkim adına yaraşmayan tərzdə davranan, doğuş həkimini kənardan çağıran, nə nevroloqu, nə yanıq həkimi olmayan, ağır xəstəni polislə çölə atan klinikanı, qızımın ayaqlarını yandıran, komaya salan həkimi “TƏZADLAR” da işıqlandırasınız. Klinika haqqında ən ciddi tədbir görülməsinə, bizə dəyən maddi və mənəvi ziyanın ödənilməsində köməklik göstərməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm.
Hörmətlə: Salehov D.B"
Şikayətlə taniş olandan sonar Leyla Şıxlinskaya klinikası barədə məlumat almaq üçün internetdə kiçik bir axtarış etdik. İlahi, bu klinika barədə nə qədər neqativ hallar əksini tapıb. Qərara gəldik ki, həm bu barədə, həm də bəzi dövlət qurumlarından münasibət öyrənib, növbəti sayımızda geniş yazı dərc edəcəyik. Klinikanın 496 51 05 saylı telefonuna zəng edib şikayətdə adı hallanan baş həkimin müavini Nuriyyə xanımla əlaqə saxlamaq istəsək də iş gününü sonu olduğunu bidirərək növbəti gün zəng etməyimizi xahiş etdi. Təbii ki, əks tərəf kimi Klinika rəhbərliyinin də möqeyini öyrənib dərc etməyə çalışacağıq.