Bizim uğurlarımızın təməlində vətəndaşlarımızın birliyi durur
18-iyun-2016Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
Azərbaycan prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib və mərasimdə çıxış edib.
“Biz İslam həmrəyliyini gücləndirməliyik. Müsəlman aləmində sülh və sabitlik möhkəmlənməlidir”, – deyən prezident Azərbaycanın bu prosesə öz töhfəsini verdiyini xatırladıb.
Artıq bir neçə ildir Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, bu dəfə isə Formula-1 kimi nüfuzlu yarışa ev sahibliyi etdiyini deyən dövlət başçısı bildirib ki, bütün bunlar ölkəmizin daha yaxşı tanıdılmasına yönəlib və Azərbaycana gələn turistlər reallıqları öz gözləri ilə görürlər: “Bizim uğurlarımızın təməlində vətəndaşlarımızın birliyi durur”
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı bu ümummilli məsələnin həllində dini konfessiyaların nümayəndələri də daxil olmaqla bütün vətəndaşlarımızın bir nöqtəyə vurduqlarını bildirib. İlham Əliyev deyib ki, münaqişənin tez bir zamanda həll olunması ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb, vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil, aprel döyüşləri isə Ermənistan rəhbərliyinə yaxşı dərs oldu və Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək.