Qafqaz separatizmi: Ermənilərin “ikinci Qarabağ” planı...
07-okt-2017Kataloniya və İraq Kürd Muxtariyyətindəki müstəqillik referendumlarından sonra dünyanın bir sıra ölkələrində xalqların öz müqəddaratını təyinetmə məsələsi yenidən gündəmə gəldi. Bəzi ekspertlər bu referendumların Avropa və Yaxın Şərqdə separatizm dalğasını gücləndirəcəyini bildirdilər. Hətta separatizm dalğasının bəzi yerlərdə hərbi konfliktlərlə bitəcəyi də vurğulandı.
Bu separatizm dalğası Qafqaza hansı təsiri göstərə bilər?
Doğrudur, separatizm bu bölgəyə yad deyil. Artıq burada üç separat zona mövcuddur. Xaricdən bölgəyə həddən çox təsirin olması bölgəni getdikcə partlamağa hazır olan bombaya oxşadır. Nəticədə bölgədə mövcud olan konfliktlərlə bərabər bundan sonrakı dönəmdə yeni konfliktlərin və separat bölgələrin meydana çıxması ehtimalı da formalaşır. Üstəlik, aktikliyini itirərək latent formaya keçən bəzi konfliktlərin də yenidən oyanma ehtimalı yaranır. Bu isə lazımlı addımlar atılmayacağı təqdirdə növbəti illərdə bu konfliktlərin qanlı nəticələrə səbəb olmağına imkan yaradır.
Azərbaycan
Azərbaycan Qafqazın separatizmdən əziyyət çəkən əsas ölkələrindən biridir. Ölkə ərazisində separatçı qurum 1991-ci ildən mövcuddur. Ermənistan və Rusiyanın təsiri ilə yaranan konflikt hazırda dondurulmuş vəziyyətdədir. 2014-cü ildəki avqust döyüşləri və 2016-cı ildəki aprel döyüşləri bölgədə vəziyyətin bundan sonra daha da kəskinləşəcəyi ehtimalını yaradır. Azərbaycanın Qarabağda mövcud olan status-kvonu qəbul etməməsi, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi və beynəlxalq qurumların bu məsələdə fəaliyyətsizliyi Qarabağ ətrafında yeni müharibənin olacağı ehtimalını atırır.
Gürcüstan
Gürcüstan da Azərbaycan kimi separatizm təcrübəsinə sahibdir. Hazırda ölkənin Abxaziya və Cənubi Osetiya kimi konflikt ocaqları var. Bu konfliktlərin yaranmasında Rusiya yaxından iştirak edib. Moskvanın hər iki qondarma rejimin müstəqilliyini tanıması onların həll imkanlarını zəiflədir.
Gürcüstanın NATO-ya inteqrasiya yolunu tutması, onun Kreml tərəfindən qınaq obyektinə çevrilməsinə gətirib çıxarıb. Bu isə onun tərkibində yeni konflikt ocağının yaranmasına şərait yaradır. Bu sırada isə əsas iki bölgənin adı çəkilir. Bunlar Acariya və Samsxe-Cavaxetiya əraziləridir.
Moskva 2000-ci illərin əvvəllərində Acariyada separatizmin alovlanmasına şərait yaratsa da, son anda bunun qarşısı alındı. Moskva 2012-ci ildən etibarən yenidən bölgəyə qayıtmaq planlarını reallaşdırmağa başlayıb.
Əsas konfliktin yaranma ehtimalı olduğu bölgə isə ermənilərin çoxluq təşkil etdiyi Samsxe-Cavaxetiyadır. Ermənilər məhz bu bölgəni öz tarixi torpaqları sayırlar. İndiyə qədər bölgədə dəfələrlə ermənilərlə gürcülər arasında toqquşmalar yaşanıb. Ermənilərin yenidən bölgədəki kilsələrin özlərinə məxsus olmalarını bildirmələri konfliktin yeni formaya keçməsinə imkan yaradıb. Cavaxetiyada daşnakların güclü olması, həmçinin erməni diasporunun burada öz mövqelərini sürətlə möhkəmləndirməsi separatizm imkanlarını artırıb. Tiflisin Qərbə inteqrasiyası Moskvanın gələcəkdə burada yeni konflikt ocağı formalaşdırmaq imkanını yaradıb.
Ermənistan
Qafqazda yeganə monoetnik ölkə Ermənistan hesab edilir. İrəvanda separatizm dalğasının yaranması ehtimalı sıfra bərabərdir. Lakin ölkənin Gürcüstanla Cavaxetiya məsələsi ucbatından yeni münaqişəyə girmək və ya ümumiyyətlə, vətəndaş müharibəsinə sürüklənmək ehtimalı var. Ermənistanda vətəndaş müharibəsi qarabağlı ermənilərlə yerli ermənilər arasında yarana bilər. Bu işdə əsas aktiv funksiyanı isə Rusiya üzərinə götürə bilər.
Şimali Qafqaz
Şimali Qafqaz da həmçinin əsas risk zonasına daxildir. Rusiya nəzarətində olmasına baxmayaraq, bölgədəki vəziyyət hər gün daha da gərginləşir. Bölgədə əsas konflikt ocağı Dağıstan hesab olunur. Rusiyanın ən çoxmillətli bölgəsi hesab olunan ərazidə müxtəlif xalqlar arasında idarəetmədə iştirak məsələsində kəskin rəqabət mövcuddur. Bu rəqabət daha çox avarlar, ləzgilər, qumıqlar, darqinlər və laklar arasında hiss edilir. Moskva ən sərt tədbirlərlə bunu aradan qaldırmağa çalışsa da, hələlik tam neytrallaşdırma mümkün olmayıb.
Adı çəkilən xalqlar arasında həmçinin ərazi konflikti də mövcuddur. Belə ki, darqinlər avarların yaşadıqları bir sıra bölgələrə iddia edirlər. Ləzgilərlə azərbaycanlılar arasında isə Dərbənd şəhərinə nəzarət uğrunda latent formada mübarizə mövcuddur. Maraqlı məqam odur ki, burada azərbaycanlıların üstünlük təşkil etməsinə baxmayaraq, idarəetmədə əsas açar nöqtələr məhz ləzgilərin nəzarətinə verilib.
Eyni vəziyyət laklarla qumıqlar arasında da var. Qumıqlar həmçinin 1991-ci ildən bu yana Dağıstandan muxtariyyət də istəyirlər.
Dağıstanda ən çətin vəziyyət Çeçenistanla sərhəddə müşahidə edilir. Çeçenistan respublika bu ərazilərinin özünə aid olduğunu iddia edir. Artıq tərəflər arasında müəyyən toqquşmalar da yaşanıb.
Çeçenistanın Rusiyanın tərkibində geniş muxtariyyət hüququ qazanması və üstəlik, Ramzan Kadırovun 30 minlik güclü orduya sahib olması regiondakı digər respublikalarda müəyyən etirazlar yaradır. Rusiyanın müxalif qüvvələri çox zaman Moskvanı Çeçenistana nəzarət edə bilməməkdə ittiham edirlər. Moskvadan külli miqdarda dotasiya almasına baxmayaraq, Çeçenistan istənilən an Rusiyadan ayrılmaq gücünə sahib olan yeganə Şimali Qafqaz respublikası sayılır.
Bölgədə islam terrorizminə gəlincə isə bunun həddən artıq genişlənmə ehtimalı azdır. Çünki Moskva artıq uzun illərdir bölgənin bütün dini radikallarını və onlara gələn maliyyə axınlarını nəzarətdə saxlayır. Onların aktivləşməsi əsasən Kremlin istəyi ilə Qafqazdakı konfliktlərin milli hərəkata çevrilməməsi şəraitində baş tuta bilər.
axar.az