20 il əvvəl Heydər Əliyevin tələbi ilə başlanan araşdırmanı Putin aparıb –Ermənistanla bir milyardlıq silah qalmaqalı
06-okt-2017“Exo Moskva” radiostansiyasının baş redaktoru, məşhur jurnalist və radioaparıcı Aleksey Venediktov Zabaykalyedə keçirilən mediaforum zamanı yerli jurnalistlərə öz təcrübəsindən danışıb.
Yerli “Zabaykalya fəhlələri” qəzetinə müsahibəsində Venediktov prezident Vladimir Putinlə müsahibəsini xatırlayıb. Bildirib ki, bu müsahibə onun həyatında ən gözəl epizodlardan biri idi.
Venediktov danışır: “Bu yaxınlarda mən Putindən müsahibə verməyi xahiş etdim. O, çox təəcübləndi və dedi: “Mən axı sənə 20 il əvvəl müsahibə vermişəm. Erməni tankları haqda. İyirmi il keçib, amma Putin bunu detalları ilə gözəl xatırlayır. Məsələ isə belə olmuşdu. 1990-cı illərin sonları idi. Elə dövr idi ki, maraqlı xəbərlər yox idi, efir isə boş qala bilməzdi. Biz vurnuxaraq qonaqlar axtarırdıq ki, gəlib bizim studiyada danışsınlar.
Bu vaxt bizə xəbər gəldi ki, Rusiya prezidenti Boris Yeltsin öz administrasiyasınn nəzarət-təftiş idarəsinin rəisi Vladimir Putinə utilizasiya üçün Murmanska göndərilmiş tankların Dağlıq Qarabağa necə gedib çıxdığını araşdırmağı tapşırıb. Mən dedim: “Gəlin bu adamı çağıraq. Nədir onun familiyası? Putin. Ona zəng vurun. Orada dəstəyi qəbul otağında qaldırırlar. Mən deyirəm: “Bilirsiniz, “Exo Moskva”dır, Aleksey Venediktov. Nəzarət idarəsinin rəisi ilə danışmaq olarmı?” Birləşdirirlər. Əhvalatı danışıram və deyirəm: “Siz bu məsələni şərh edə bilərdiniz?”. O cavab verir: “Harada və nə vaxt?”. Dedim ki, iki-üç saat sonra, bizim efirdə. O dedi: “Gəlirəm, amma sizə hər şeyi danışa bilmərəm”.
Putin doğrudan da gəldi. Bizdə həmin efirin lent yazısı hələ də qalır, Putinlə fotomuz isə ofisdən asılıb. Mən haradasa bu əhvalatı unutmuşdum, Putin isə detalları ilə yadda saxlayır. Müntəzəm olaraq həmin o erməni tankları haqda xatırladır”.
Xatırladaq ki, 1990-cı illərin sonlarında Rusiyadan Ermənistana qeyri-qanuni yollarla 1 milyard dollarlıq silah və hərbi texnika ötürülməsi faktı üzə çıxmışdı. Murmanska utilizasiyaya göndərilən və əvəzində Qarabağa gəlib çıxan tanklar da həmin silahların bir hissəsidir. Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyev Ermənistana 1 milyard dollarlıq Rusiya silahlarının ötürülməsinə sərt münasibət bildirərək Moskvadan izahat tələb etmişdi. Yeltsin hakimiyyəti isə qalmaqalı yatırmaq üçün xüsusi komissiya yaratmışdı və bu komissiyaya general Lev Roxlin başçılıq edirdi. Sonradan Roxlin müəmmalı şəkildə öldü. (Virtualaz.org)