Birinci vitse-prezident Mehriban Əliyeva: "Düşmənlərimiz hər cür çirkin əməllərə əl atırlar”
06-okt-2017“Azərbaycan bu gün güclü və qüdrətli müstəqil dövlətdir. Bizim müstəqil siyasətimiz var. Azərbaycan bu gün öz sözünü deyən, öz mövqeyini qoruyan dövlətdir”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlər üçün Masazır qəsəbəsində salınan şəhərcikdə tikilən yeni üç binada mənzillərin təqdim edilməsi mərasimində söyləyib.
Birinci vitse-prezident, Azərbaycanın hazırda inkişaf və tərəqqi yolu ilə irəlilədiyini qeyd edib: “Bizim müstəqil siyasətimiz davam edəcək. Biz öz nailiyyətlərimizi görürük, öz gücümüzü dərk edirik. Biz onu da yaxşı başa düşməliyik ki, əgər dostlarımız, tərəfdarlarımız nailiyyətlərimizə sevinirlərsə, düşmənlərimiz heç də sevinmir və hər cür çirkin əməllərə əl atırlar. Amma biz bundan qorxmuruq, biz öz yolumuzla gedirik. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan prezidenti İlham Əliyev üçün Azərbaycanın və Azərbaycan xalqının maraqları hər bir şeydən üstündür və biz bu yoldan dönməyəcəyik”.
"Eyni zamanda, mövcud problemləri, həllini tapmayan məsələləri də biz yaxşı bilirik və bunları aradan qaldırmaq üçün tam gücümüzlə çalışırıq və çalışacağıq. Mən əminəm ki, bütün arzularımıza nail olacağıq. Çünki bunun üçün bütün amillər – müstəqil siyasət, xoş niyyət, iqtisadi potensial və ən əsası xalqın inamı və dəstəyi var. Bir daha deyirəm ki, sizin dəstəyinizlə və Allahın köməyi ilə biz bütün arzularımıza nail olacağıq", - deyə birinci vitse-prezident Mehriban Əliyeva bildirib.