Qonşu ilə bir evdə yaşayan əməkdar artist acınacaqlı durumda: "Ömrümə az qalıb"
05-okt-201750-dən artıq filmə çəkilən, 20 filmin rejissoru olan, milli kinomuzun sevilən aktyoru, əməkdar artist, “Yeddi oğul istərəm”in Cəlalı Ənvər Həsənov hələ də 35 kvadratlıq kommunal mənzildə yaşayır.
Sosial vəziyyəti ağır olan aktyor Yenicag.az-a açıqlamasında şikayətlənməyi xoşlamadığını desə də, ürəyini boşaldıb: “Heç vaxt maddi vəziyyətimi qabardıb, şikayətlənməmişəm. Çünki qürurum var. Ağlamağı sevmirəm. Siz soruşdunuz, mən dedim. Bütün Azərbaycan elə bilir ki, mən xalq artistiyəm. Amma hələ də laiyq olduğum o fəxri adı almamışam. Hər dəfə təqdimatımı yollayıblar, adım siyahıdan çıxarılıb. Yaşa görə təqaüddən başqa heç nə almıram. Özüm də Biləcəridə 35 kvadratlıq mənzildə yaşayıram. Qızımla nəvəm də mənimlə qalır. Qızım xəstədir. Kommunal evdir, bir dəhlizdə qonşu ilə yaşayırıq. Ömrümün 52 ilini kinoya həsr etmişəm, özüm də sağlam deyiləm, kim nə qədər yaşayacağını bilir ki? Bəlkə elə ömrümə az qalıb? Mən də istəyirəm ki, sağ ikən övladım və nəvəm üçün bir gün ağlayım, öləndə gözüm arxada qalmasın. Axı bu da mənim halal haqqımdır”.