Müəllim Günündə pul yığımının günahkarı kimdir: valideyn, yoxsa müəllim...
05-okt-2017Kamran Əsədov: “Hansısa əlamətdar günlə bağlı şagirdlərdən pul toplamaq əxlaqsızlıqdır”
Hər il oktybarın 5-i Müəllimlər günü kimi qeyd edilir. 5 oktyabr müəllimlərin sevincinə səbəb olsa da, bir çox valideynlərin qayğılı bir gün keçirmələrinə səbəb olub. Səbəb isə artıq bir gün əvvəldən müəllim üçün yığılan pul hədiyyəsidir. Müəllimlər gününə 1 həftə qalmış şagird valideyninə pul yığılması ilə bağlı xəbərdarlıq edir. Aylıq gəliri 250-300 manat olan bir valideynin isə, iki övladı məktəbdə oxuyursa, bu 100 manat edir. Bu pulu valideyn uşağının, ailəsinin boğazından kəsərək verməli və həmin ayı maddi baxımdan sıxıntılı keçirməli olur.
Müəllimlərə yığılan pul 20-50 manat arasında dəyişir. Elə müəllimlər var ki, pulu dili ilə istəyir. Elə müəllim də var, valideynlərə xəbərdarlıq edir ki, heç kim ona görə pul yığmasın. Ancaq buna baxmayaraq müəllimə “yarınmağa” çalışan bir sıra valideynlər pul yığımını həyata keçirir, pul verməyən valideyni xor görür, şagirdə isə sinifdə biganə yanaşırlar.
Hər il olduğu kimi, bu il də Təhsil Nazirliyi tərəfindən məktəblərə xəbərdarlıq edilib. Nazirlikdən bildirilib ki, 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa, valideynlər Təhsil Nazirliyinin “146” qaynar xəttinə müraciət edə bilərlər. Bu kimi halların hər birinin araşdırılacağı bildirilib: “Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər”.
Nazirlikdən o da qeyd olunub ki, belə halları ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirir. Bu cür bəyanatlar hər il verilsə də, xəbərdarlıqlar edilsə də, dəyişən heç nə yoxdur. Müəllimlər günü ilə bağlı pul yığımı məktəblərin harada yerləşməsinə görə də dəyişir. Həmçinin nəinki məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində də Müəllimlər günü ilə bağlı olaraq hər uşaqdan 10 manat pul yığılır.
“Bakipost.az”ın keçirdiyi sorğuya əsasən “Azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmli, Lent.az saytının redaktoru Kamalə Quliyeva, “Cebhe.info” saytının redaktoru Elnarə Kərimova, Oxu.az saytının redaktoru, keşmiş ANS-çi Amil Hacıyev Müəllimlər günü ilə bağlı pul verən valideynlər arasındadır. Ancaq qəzetimizin əməkdaşı Sevinc Telmanqızı, “Azadinform” informasiya agentliyinin Baş redaktoru Niyaz Niftiyev kimi bunun əksini edib müəllimlərlə və pul yığmaqda israrcı olan valideynlərlə mübarizə aparanlar da var.
Təhsil eksperti Kamran Əsədov problemdən çıxış yolu kimi əlamətdar hadisə və günlərdə məktəblərdə tədrisin dayandırılması düşüncəsindədir: “Təəssüflər olsun ki, qadağan edilməsinə baxmayaraq bir sıra məktəblər əlamətdar günləri pul qazanmaq üçün vasitəyə çeviriblər. Bu sahədə yenilik ondan ibarətdir ki, indiyə qədər bu prosesi məktəb direktoru sinif rəhbəri vasitəsi ilə həyata keçirirdisə, indi bunu valideyn-müəllim assosiasiyası (VMA) vasitəsilə həyata keçirirlər. Hansısa əlamətdar günlə bağlı şagirdlərdən pul toplamaq əxlaqsızlıqdır, təhsilə düşmən olmaq deməkdir. Bu gün Azərbaycan təhsili dünyaya inteqrasiya proseslərinə qədəm qoyub. Bu gün biz təhsilimizin inkişaf etdirilməsi üçün və dünyada qəbul edilən məktəblər sırasına daxil etmək üçün fəaliyyət göstərməli olduğumuz halda, bəzi məktəb direktorları bu missiyanı yerinə yetirmir. Bu gün məktəblərə pul yığılmasının günahları təkcə məktəb rəhbərliyi yox, eyni zamanda valideynlərdir. Onlar övladları ilə düzgün münasibət qura bilmədiyi üçün bu missiyada müəllimi qəbahətli hesab edir. Problemdən çıxış yolu kimi, düşünürəm ki, əlamətdar hadisə və günlərdə məktəblərdə tədrisi dayandırmaq lazımdır. Bəlkə bu halda nə məktəb direktoru pul qazanmaq üçün bəhanə edər, nə də valideynlər özlərini yaxşı göstərmək üçün pul verməz.
Günel MANAFLI,
Musavat.com
Paylaş: