Bu gün:
Xezer.info » Köşə yazıları » Zənciri hara vurmalıyıq

Zənciri hara vurmalıyıq


Zənciri hara vurmalıyıq
Azərbaycanda keçirilən Aşura mərasimlərində çəkilmiş qara çarşaba bükülü, ağzı əmzikli körpə qız uşaqlarının şəkilləri ölkədə böyük rezonans doğurdu

Təkcə ona görə yox ki, bu, nə dini, nə insani, nə də hüquqi baxımdan heç bir əndazəyə sığışmırdı; həm də ona görə ki, valideynləri mərasimə apardıqları körpələri bilərkdən, nümayişkaranə şəkildə hamıya göstərir, bununla sanki cəmiyyətə bir mesaj verirdilər. Hansı mesajı?

Sualın cavabına keçməzdən qabaq, 2-3 yaşlı körpə uşaqların çadraya bükülərək, Aşura mərasimi kimi bir tədbirə aparılmasının hansı səbəblərdən son dərəcə yanlış bir addım olduğunu izah edək.

1) Uşaq psixologiyasının zədələnməsi

Psixoanalizdən başı çıxan hər kəs sizə təsdiqləyə bilər: 1 yaşdan 3-4 yaşa qədər olan dövr insanın altşüurunun formalaşdığı mərhələdir. Həmin dövrdə uşağa ciddi təsir edən hər bir hadisə ömürlük onun altşüuruna həkk olur və gələcək şəxsiyyətini, bütün sonrakı həyatını müəyyənləşdirir.

Baş yaran, sinə vuran qara geyimli insanları müşahidə etmək uşağın yenicə formalaşmaqda olan kövrək şüuruna hansı təsiri göstərəcək, bunu təsəvvür edirsinizmi? O cür ayinlərdə hətta böyük insanın şüuru kütləvi təzyiqə müqavimət göstərə bilmir, qısa vaxtdan sonra sınır, təsirə düşür... Uşaq beyninin isə ümumiyyətlə, gördüklərinə tənqidi yanaşmaq kimi bir lüksü yoxdur. Gördükləri onun altşüuruna radikal dindarlıq kodlarını yükləyəcək, azad insan kimi böyüməsini əngəlləyəcək.

Üstəlik, elə səhnələrin şahidi uşaqlar böyüdükcə aqressiyaya meyilli olacaqlar, bu da onların bütün həyatında ağır izlər buraxacaq.

Körpəyə belə bir pislik eləməyə heç kimin haqqı yoxdur! Xüsusilə də onu bütün mənfiliklərdən qorumağa borclu olan valideynlərin.

2) Uşağın seçim imkanından məhrum edilməsi

“Uşaq” dediyin Cırtdan, Şrek, Rapunzel, Mauqli, Su pərisi haqqında düşünməlidir, qorxulu dini nağıllar haqqında yox! Uşağın beyni sadəcə olaraq, siyasi və dini mövzuları dərk etmək iqtidarında deyil. Fiziki olaraq buna qadir deyil, çünki beyninin həcmi balacadır, beyindəki neyronların və neyron əlaqələrinin sayı o cür dərin ictimai mövzuları anlamağa imkan vermir. (Hərçənd, orası ayrı bir məsələdir ki, həmin zavallı uşaqların valideynlərinin beyinlərinin həcmcə nisbətən böyük olması bu məsələdə sahiblərinə elə bir fayda verməyib.)
[img=left]https://scontent-sof1-1.xx.fbcdn.net/v/t34.0-12/22236441_1204441739659682_301614813_n.jpg?oh=9830d3e25aabbc7d3487ae54fcfac81c&oe=59D71D26[/img]


Bütün hallarda, bilmək lazımdır ki, o yaşda uşağa siz dini başa salmırsınız, sala da bilməzsiniz, sadəcə, təlqin edirsiniz. O isə mental müqavimət göstərmək şansı olmadığı üçün, sizin təlqinin altına düşür. Siz onu gələcəkdə hər cür azad düşüncə imkanından, seçimdən məhrum edir, bir növ zehni şikəstə çevirirsiniz. Bu, uşaqlar üzərində açıq-aşkar mənəvi zorakılıqdır!

3) Çadranın mənası nədir?

Dinin iddiasına görə, çadra onun üçündür ki, naməhrəm kişi qadına baxıb, şəhvət hissləri keçirməsin. Hərçənd, bu cür izahat çoxdan mənasını itirib, çünki müasir mini ətəklər və dekoltelər dünyasında yad kişiləri şəhvətə təhrik etməmək üçün məhz çadra örtmək heç də vacib deyil. Normal, bir azca mühafizəkar geyim bəs edər ki, heç bir qadın yad kişilərin gözünə şəhvət obyekti kimi görünməsin.

Uşaqlara gəlincə isə, vəziyyət o qədər dəhşətlidir ki, sadəcə, deməyə söz tapmırıq: Axı kim ağzı əmzikli körpəyə, ayaq üstə dayanmağı yenicə öyrənmiş qız uşaqlarına şəhvət obyekti kimi baxa bilər?! Ümumiyyətlə, psixi cəhətdən sağlam adamın ağlına belə bir şeyin gəlməsi mümkündürmü? Pedofil manyakları istisna etməklə, normal kişilər müəyyən yaşa qədər ümumiyyətlə, qız uşaqlarına qadın gözü ilə baxmır, qarşılarında məhz uşaq görürlər.

Kimsə deyə bilər ki, körpə qızların çadraya bükülməsi simvolik məna daşıyırdı. Bu, daha pis! Kim sizə haqq verib ki, körpələri öz aqressiv dini rituallarınızın simvoluna çevirəsinis?!

...İndi isə bu 3 məqamı birlikdə götürüb, nəticə çıxrmağa çalışaq: Bir valideyn hansı məntiqlə və hansı səbəbdən körpə, ağzı əmzikli qız uşağını qara çadraya büküb, Aşura mərasiminə aparmalıdır?

Səbəb və məntiq axtarmayın. Çünki qaranlıq otaqda qara pişiyi axtarmağın heç bir mənası yoxdur, xüsusilə də əgər o pişik orada deyilsə... Dini radikalizmin məntiqi olmur. O, insanın şəxsiyyətini tədricən elə işğal edir ki, fəqinə varmırsan, günlərin birincə hiss etmədən özün olmaqdan çıxırsan, sənin hərəkətlərini beyninə yüklənmiş mental viruslar idarə edir.

Bir qədər belə yaşayandan sonra fərdi şüurun müqavimət qabiliyyəti son qalıqlarını da itirir, iradən məğlub olmuş şəhərin xarabalıqları kimi yad düşüncənin sərəncamına keçir. İnsan ancaq hansısa “ağa”nın – din və Allah adından danışan mənəviyyat işbazının göstərişlərini yerinə yetirməyə hazır zombiyə çevrilir. Vəssalam, bu, qırmızı xəttdir, onu keçən fərdi biz artıq müstəqil insan, vətəndaş kimi itirmişik.

Belə insan nəinki balasına, özünə, digər ailə üzvlərinə, bütövlükdə cəmiyyətə qarşı da əsassız, məntiqsiz və aqressiv davranmağa hazırdır. Onun üçün daha dünyəvi həyat, qanunlar, sivil normalar yoxdur. Hər şey onun beyninə yüklənmiş mənəvi virusların yaratdığı fonda görünəcək. İndən belə onun üçün ancaq inandığı dini lider və həmin liderin təbliğ etdiyi ideologiyanın müəyyən etdiyi normalar var.

Digər tərəfdən, siz Aşura mərasimlərində insanların özlərini döydükcə necə qızışdıqlarına fikir vermisinizmi? Baş yarılır, adam qanına bələnir, amma bundan zövq alır, getdikcə daha böyük şövqlə özünə daha artıq xəsarət yetirir... Niyə? Çünki dini mərasimlərdən kütləvi psixoza doğru cəmisi bir addım var. Bircə addım! O addım isə hər saniyə, hər yerdə atıla bilər. Bax, onda biz kütləvi psixozun formalaşdırdığı zombi ordusu ilə üzbəüz qalacağıq!..

Bizə belə zombilər lazımdırmı? Əlbəttə və birmənalı olaraq, yox. Bizə sağlam düşüncəli, dünyəvi norma və qanunların dəyərini başa düşən, ölkənin və cəmiyyətin maraqlarını məzhəb ideologiyasından üstün tutan Vətəndaşlar lazımdırlar. Amma Aşura mərasimlərinə toplaşan və sayına görə 80-ci illərin sonunda “Azadlıq” meydanındakı kütlə ilə müqayisə edilə biləcək insanlara baxanda aydın olur ki, bizi başqa istiqamətə döndərməyə çalışırlar. Döndərildiyimiz yolun bizi apardığı ünvan isə belə adlanır: Zombiland.

Sonra gec ola bilər, nə qədər ki, dönüşün mümkün olmayacağı xətt keçilməyib, nə qədər ki, sosiologiyada “kritik kütlə” adlanan həcm yığılmayıb, dini radikalizmin getdikcə artmasının qarşısını almaq lazımdır. Bu prosesin necə getdiyi açıq müşahidə olunmadığı üçün biz təhlükəni aydın dərk etmirik, amma inanın, qazanın dibindən xəbərdar olan adam kimi deyirəm ki, vəziyyət ciddidir. İndidən dünyəvi ideyaların təbliğinə böyük diqqət ayırmalı, dəstək olmalıyıq. Radikalizmin yayılmasına isə zəncir vurmağın vaxtıdır. Bizə yad ideologiyaların zombi-əsgərləri yox, əsl Vətəndaşlar lazımdır.

Vüsal MƏMMƏDOV(azvision.az)